Azərbaycan və Çin Bakının tranzit rolunu artıracaqlar

0
55

Yanvarın 16-da Pekində Azərbaycan Turizm Bürosu, Azərbaycan Hava Yolları və Çin Xalq Respublikasının aparıcı turizm şirkəti olan “ETI-Holidays” (Beijing HUAYUAN International Travel co., LTD) arasında üçtərəfli anlaşma memorandumu imzalanıb. 

Memorandumda Pekin-Bakı təyyarə uçuşlarında çinli turistlərin Azərbaycana səfəri və Bakı üzərindən digər ölkələrə səfərinin təşkil edilməsi ilə Bakının tranzit rolunun artırılması nəzərdə tutulur. Eləcə  də “ETI-Holidays” şirkəti Azərbaycanın turizm potensialının təbliğinə və yeni destinasiya brendinin yerli turistlərə tanıdılması işinə dəstək verməyi öhdəsinə götürür. 

Tədbirdə Azərbaycan Respublikasının ÇXR-dəki səfirliyinin, ticarət nümayəndəliyinin və Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin nümayəndə heyəti iştirak edib. 

Memorandum Azərbaycan və Çin arasında turizm əlaqələrinin genişlənməsinə xidmət edəcəkdir. 

Məlumat üçün bildirək ki, 2018-ci ilin dekabr ayından etibarən Çinin Pekin şəhərində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəliyi fəaliyyətə başlayıb.