Nəsiminin qəbri Bakıya gətiriləcək?

0
12

“Ölkə prezidentinin 2019-cu ili “Nəsimi İli” elan etməsini alqışlayırıq, bu, böyük hadisədir, ədəbiyyatımıza, mədəniyyətimizə, bədii sözümüzə və söz ustalarına verilən dəyərdir. Sərəncamın işığında Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun üzərinə də böyük vəzifələr düşür. Çünki bizim institut 1973-cü ildən İmadəddin Nəsiminin adını daşıyır. Bu da təsadüfi deyil. Nəsiminin Azərbaycan ədəbi dilinin inkişafında, zənginləşməsində müstəsna xidmətləri olub”.

alpaninfo.com xəbər verir ki, bu sözləri teleqraf.com-a açıqlamasında Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu deyib.

Onun sözlərinə görə, institut tədbirlər planı üzərində işləyir:

“Görəcəyimiz bir neçə iş barədə qeydlərimiz var. İlk növbədə Nəsiminin bütün şeirlərinin sözlüyünü hazırlamağı düşünürük. Onun anadilli “Divanı”nın sözlüyü həm elektron variantda, həm də kitab şəklində hazırlanacaq.

İkincisi, Nəsiminin dilinin leksikası, frazeologiyası, qrammatik xüsusiyyətləri mövzusunda il ərzində kitab çıxacaq. İnstitutumuz Nəsiminin adını daşıdığı üçün “Nəsimişünaslıq” şöbəsinin yaradılması təşəbbüsü ilə çıxış edəcəyik.

Ən mühüm tədbirlər sırasında Ədəbiyyat institutu ilə bir yerdə “Nəsiminin söz dünyası: poetik dili və ədəbi irsi” mövzusunda beynəlxalq konfrans keçirməyi nəzərdə tutmuşuq. Eləcə də Nəsiminin dili ilə bağlı respublika konfransı da planlaşdırılıb.

Şəxsən mənim ürəyimdən keçən arzulardan biri də Nəsiminin əsərlərinin akademik nəşrini hazırlamaqdır. Bir var kütləvi nəşr, adi oxucu üçün nəzərdə tutulub, bir də var akademik nəşr. Özüm şərqşünasam, 44 il əlyazmalar üzərində çalışan bir mütəxəssis kimi bu işdə iştirak etmək istərdim”.

Möhsün Nağısoylu hesab edir ki, Nəsiminin “Divan”ının elmi-tənqidi mətnini hazırlamağın vaxtı çatıb:

“1973-cü ildə belə elmi-tənqidi mətn vardı, amma indi xeyli zaman keçib və aşkara çıxarılan əlyazmaları da cəlb etməklə Nəsiminin bütün əsərlərinin elmi-tənqidi mətni hazırlanmalıdır”.

Nəsiminin qəbrinin Azərbaycana gətirilməsi barədə səslənən təkliflərə toxunan Möhsün Nağısoylunun fikrincə, bu, beynəlxalq məsələdir və onun real olacağına inamı yoxdur:

“Bu, yeni təklif deyil, vaxtilə rəhmətlik Rəsul Rza bu məsələni qaldırmışdı, amma alınmadı. Füzulinin qəbri İraqda, Nəsimininki Suriyadadır, bu, asan məsələ deyil. Yenə də qəbrinin Suriyadan gətirilməsi təşəbbüsü ilə çıxış etmək olar, amma mən bunun nə dərəcədə real olacağına inanmıram”.

Möhsün Nağısoylu indiyədək Nəsiminin qəbrini ziyarət edə bilmədiyini söyləyib:

“Suriyada olmamışam, amma təsəvvür edin, Əfqanıstanın Herat şəhərində Əlişir Nəvainin qəbrini ziyarət etmişəm, amma özümüzünküləri yox. İranda Məhəmmədhüseyn Şəhriyarın, Xəqani Şirvaninin qəbrini ziyarət etmişəm”.