“Qırmızı şeytan”lar “Tottemhem” i də məğlub etdi

0
99

Dünən İngiltərə Premyer Liqasının 22-ci turunun mərkəzi qarşılaşması keçirilib. TAurun maraq doğuran matçı Londondakı “Uembli” stadionunda baş tutub. Son turlar inamlı oyun nümayiş etdirən “Mançester Yunayted” səfərdə “Tottenhem” klubunun qonağı olub. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmanın ilk dəqiqələrində hər iki komanda bir-birinin qapısı qarşısında təhlükəli vəziyyətlər yaradıb. Qarşılaşmanın 30-cu dəqiqəsində londonluların əsas qol silahı sayılan Hari Keyn hesabı açsa da, yan xətt hakimi oyundankənar vəziyyətin olduğunu bildirib. Oyunun 42-ci dəqiqəsində “Tottenhem” komandasının müdafiəçisi Musa Sissoko zədə üzündən meydanı tərk edib. Onun yerinə isə meydançaya Erik Lamela daxil olub. Birinci hissənin son 10 dəqiqəsini əks hücumlarla quran “qırmızı şeytan”lar fasiləyə bir dəqiqə qalmış hesabı açıb. Pol Poqbanın ötürməsindən sonra Markus Reçford iti bucaq altından dəqiq zərbə endirib – 0:1. Fasiləyə komandalar “Mançester Yunayted”in minimal hesabla qələbəsi ilə yollanıblar.

Matçın ikinci hissəsində hər iki komanda hücuma üstünlük verib, ancaq buna baxmayaraq hesab dəyişməyib. Beləliklə, “Mançester Yunayted” yeni baş məşqçisi ilə ardıcıl beşinci qələbəsini qazanıb. Bu qələbədən sonra xallarının sayını 41-ə çatdıran “Mançester Yunayted” altıncı pillədə yerini möhkəmlədib, “Tottemhem” isə 48 xalla dördüncü yerdə qərarlaşıb.

Hazırda 22 oyundan 57 xal toplayan “Liverpul” turnir cədvəlinin birinci pilləsində qərarlaşıb. Onun ən yaxın izləyicisi “Mançester Siti”nin isə 21 oyundan sonra 50 xalı var.