TAP 2020-ci ildə istifadəyə veriləcək

0
16

Azərbaycan qazının Avropaya nəql edilməsi üçün nəzərdə tutulan Transadriatik boru kəməri (TAP) 2020-ci ildə istifadəyə veriləcək. BAu barədə məlumat İtaliya İqtisadi İnkişaf Nazirliyi tərəfindən Avropa Komissiyasına göndərilmiş Energetika və iqlim üzrə İnteqrasiya edilmiş Milli Plan Layihəsində dərc olunub.

İtaliya İqtisadi İnkişaf Nazirliyinin saytında yerləşdirilmiş Milli Plan Layihəsində deyilir: “İtaliyaya ildə təqribən 8,8 milyard kubmetr qaz idxal etməyə imkan verən, gələcəkdə buraxıcılıq qabiliyyəti ildə 10 milyard kubmetrə qədər artırılacaq TAP kəməri 2020-ci ildə istifadəyə veriləcək”.

Xəbər verildiyi kimi, TAP-ın qəbul terminalını “Snam Rete” qaz şəbəkəsi ilə birləşdirən interkonnektor tikintisi layihəsinin həyata keçirilməsi üzrə işlər 2019-cu il yanvarın 12-də başlanacaq.

“Snam-TAP” layihəsi TAP boru kəmərinin qəbul terminalını İtaliyada “Snam Rete” qaz şəbəkəsi ilə birləşdirəcək 55 kilometrlik interkonnektor tikilməsi nəzərdə tutulur.

Albaniya KİV-lərinin verdiyi məlumata görə, bu ölkə TAP-ın qorunması layihəsi üçün avadanlıqdan müvəqqəti istifadə edilməsi barədə qərarı bəyənib.

Məlumatda deyilir: “Albaniya hökuməti Berat, Skrapar və Fiyeri regionlarında çayların məcrasından çıxmasının qarşısını alan və TAP-ın qorunmasını təmin edən bəndlər tikintisi layihəsinə aid torpaq sahələrinin müvəqqəti özgəninkiləşdirilməsi və istifadə edilməsi barədə qərarı təsdiq edib”.

Qeyd edilir ki, torpaq sahələrinin və daşınmaz əmlak obyektlərinin sahiblərinə tam həcmdə kompensasiya ödəniləcək. Bu torpaq sahələrindən və daşınmaz əmlak obyektlərindən bir il ərzində istifadə ediləcək.

Dəyəri təqribən 4,5 milyard avro olan Transadiraktik boru kəməri “Cənub qaz dəhlizi” layihəsinin tərkib hissəsidir.

TAP kəmərinin ilkin gücünün ildə 10 milyard kubmetrə bərabər olması və gələcəkdə onun daha da artırılması planlaşdırırlır.

Ümumi uzunluğu 878 kilometr olan boru kəmərinin 550 kilometri Yunanıstan, 215 kilometri Albaniya ərazisindən, 105 kilometri Adriatik dənizinin dibi ilə və 8 kilometri İtaliya ərazisindən keçəcək.