Aqrar sığorta sisteminin formalaşdırılması builki hədəflərdən biri olacaq

0
12

“Başa vurduğumuz il ölkə iqtisadiyyatının bütün sahələrində islahatların dərinləşməsi kimi yadda qaldı. Nəticədə makroiqtisadi göstəricilər xeyli yaxşılaşdı, qeyri-neft sektorunda 1 faiz, sənaye istehsalında 2 faiz artım oldu. İlin təhlili göstərir ki, ümumi xarici ticarət dövriyyəsi 37 faiz artdı ki, bunun da 14 faizi qeyri-neft ixracının payına düşdü. Qeyri-neft sektorunda çalışan subyektlərin vergi ödənişində payının artması nəticəsində isə ödənilən vergilərin 65,8 faizi qeyri-neft sektoruna aid oldu”. Bu fikirləri “İki sahil” qəzetinə açıqlamasında kənd təsərrüfatı  məsələləri üzrə ekspert Nicat Nəsirli bildirib.

O qeyd edib ki, ötən il iqtisadiyyatın bütün sahələrinə 9 milyard ABŞ dollarından artıq  sərmayə qoyulub ki, həmin vəsaitin 5,6 milyardı birbaşa qeyri-neft sektoruna yönəldilib: “Bu gün ölkəmizin bütün regionlarında sənaye məhəllələrinin salınması, aqrar parkların yaradılması və biznesə dövlət dəstəyinin genişlənməsi ixrac olunan rəqabət qabiliyyətli məhsulların həcminin daha da armasına səbəb olacaq. Şübhəsiz, bu kimi addımlar 2019-cu ildə ölkə  iqtisadiyyatının daha  da şaxələndirilməsinə ciddi stimul verəcək”.

Bununla yanaşı, ekspert vurğulayıb ki, ölkə başçısı tərəfindən müəyyən olunmuş islahatlar cari ildə daha da dərinləşdiriləcək: “İlk növbədə qeyri-neft sektorunun sürətli inkişafını əngəlləyən vergi və gömrük sistemində şəffaflaşma davam etdiriləcək”.

O, həmçinin qeyd edib ki, ölkə iqtisadiyyatının inkişafı aqrar sahəsiz   təsəvvür edilə bilməz: “Bu sahədə ilin ən böyük yeniliyi lizinq qaydalarının sadələşdirilməsi istiqamətində gözlənilir. Şübhəsiz, ötən ilin sonlarında Prezident İlham Əliyev tərəfindən imzalanmış “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsinə dair” Fərman mühüm iqtisadi nəticələr əldə etməyə imkan verəcək. Etiraf olunmalıdır ki, bu günə qədər aqrar sferada lizinq imkanları hər bir torpaq adamı üçün əlçatan deyildi. Yeni qaydalar bu maneələri aradan götürür, aqroserviz xidmətləri tamamilə özəlləşdirilərək xüsusi mülkiyyətə verilir. İstismar müddəti başa çatmış  avadanlıqların sürətlə yenilənməsi, innovativ texnologiyaların tətbiqi imkanlarının genişləndirilməsinə geniş imkanlar açır.

Fərmana əsasən, bundan sonra kənd təsərrüfatı texnikası və damazlıq heyvanlara tətbiq olunan güzəştlər, həmçinin onların  satışı “Aqrolizinq” tərəfindən deyil (bu qurum yalnız gübrə və pestisidlərin satışını həyata keçirən bazar iştirakçılarından biri olacaq), təchizatçı şirkətlər tərəfindən həyata keçiriləcək. Nəticədə kənd təsərrüfatı texnikası bazarında rəqabət güclənəcək, qiymətlərdə azalma müşahidə olunacaq.  Kənd təsərrüfatı texnikası və damazlıq heyvanların lizinqə götürülməsi isə müvəkkil banklarda rəsmiləşdiriləcək. Kənd təsərrüfatı texnikasının lizinqi zamanı dövlət texnikanın ilkin dəyərinin 40 faizini subsidiya şəklində ödəyəcək. Fermer 20 faiz ilkin ödəniş edəcək, qalan 40 faiz isə fermerə müvəkkil bank tərəfindən kredit şəklində veriləcək. Müvəkkil banklar tərəfindən tətbiq olunan maksimum 7% olan kredit faizi dövlət tərəfindən subsidiyalaşdırılacaq. Damazlıq heyvanlarda isə dövlətin tətbiq etdiyi subsidiya 10% artırılaraq 60%-ə qaldırılacaq. Vətəndaş qalan məbləğin 25 faizini ilkin ödəniş edəcək, 15 faizini isə banklar kredit şəklində rəsmiləşdirəcək.

Aparılan islahatlar nəticəsində kənd təsərrüfatı texnikası və damazlıq heyvan bazası artmış olacaq və daim yenilənəcək.

Fərmana əsasən, “Aqrolizinq”in tabeliyində olan aqrotexniki servis xidmətləri mərhələli şəkildə özəlləşdiriləcək. Özəlləşdirmə aqrotexniki xidmətlərin keyfiyyətinin artmasına müsbət təsir göstərəcək.

2019-cu ildə kənd təsərrüfatı texnikası ehtiyat hissələrinin istehsalı, satışı və idxalının əlavə dəyər vergisindən azad olunması da nəzərdə tutulur”. 

Ekspertin fikrincə, bu  il həllini gözləyən ən ciddi problemlərdən biri xırda təsərrüfatların birləşdirilməsi – kooperasiya münasibətlərinin yaradılması olacaq: “Bu o qədər də asan məsələ deyil, ciddi maarifçilik işləri aparılmalıdır və ortaya konkret iqtisadi model qoyulmalıdır. Kooperasiyalaşmanın sürətləndirilməsi üçün stimul olacaq iqtisadi alət – aqrar sığorta sisteminin formalaşdırılması da builki hədəflərdən biri olacaq”.

Nicat Nəsirli əlavə edib ki, rəsmi rəqəmlərə əsaslansaq, bitkiçilik məhsullarında özünütəminetmə səviyyəsi 100% həddində olsa da, heyvandarlıq məhsulları baxımından 70%-dən yuxarı qalxa bilmirik:  “Heyvandarlıq məhsullarının istehsalında xərclərin 70%-i yem məhsulları və yem komponentləri təşkil edir, yem təminatı baxımından xaricdən asılı olmağımız bazarlarda “mövsümi qiymət təlatümləri”nə gətirib çıxarır. Güman edirəm ki, bu il ölkədə torpaqların məhsuldarlığının yüksəldilməsi, yem əkinçiliyinin genişləndirilməsi, əkin altında olan torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması, saxlama anbarlarının günün tələbləri səviyyəsinə çatdırılması, onların sayının artırılması və digər problemlər də öz həllini tapacaq”.

Qvami Məhəbbətoğlu, “İki sahil”