Alternativ yol Xınalığa gediş-gəlişi daha da asanlaşdıracaq

0
20

Füsunkar təbiəti və qədim tarixi ilə seçilən Quba, demək olar ki, ilin bütün fəsillərində qonaq-qaralı olur. Bu bölgəyə üz tutanların əksəriyyəti qədim tarixi memarlıq üslubunu qoruyub saxlayan Xınalıq kəndinə səfər etməyə daha çox üstünlük verirlər. Lakin son günlər onlar müəyyən problemlərlə üzləşirdilər.

Belə ki, təbii amillərin təsiri, eləcə də qar uçqunları, torpaq sürüşmələrinin baş verməsi və iri qaya parçalarının yola tökülməsi ölkənin cəlbedici turizm marşrutlarından olan, 2006-cı ildə istifadəyə verilmiş Quba-Xınalıq avtomobil yolunun tez-tez bağlanmasına səbəb olurdu. Ötən ilin oktyabrın 11-də Prezident İlham Əliyev Quba rayonunda səfərdə olarkən bu problemdən söz açaraq demişdir: “Siz bilirsiniz ki, mənim təşəbbüsümlə təqribən on il bundan əvvəl biz Xınalığa yeni yol çəkdik. Artıq on il, bəlkə on ildən bir qədər çox vaxt keçib və bu yolun təmirinə ehtiyac var”.

Odur ki, Xınalıq kəndinin ölkəmizdə turizm üçün əhəmiyyəti və əhalinin alternativ yolla rahat gediş-gəlişinin təmin edilməsinin vacibliyi baxımından Quba-Susay avtomobil yolunun davamı olaraq əlavə 30 km uzunluğunda Susay-Xınalıq avtomobil yolunun tikintisi zərurəti yarandı.

Ölkə başçısı ötən ilin oktyabr ayında imzaladığı Sərəncamla bu yolun tikintisi üçün 7.5 milyon manat ayırdı və inşa işlərinə başlanıldı: Quba-Qusar yolundan Alpan-Uzunmeşə kəndlərinə istiqamət götürən yol yatağı genişləndirildi, çınqıl döşənərək asfaltlanması üçün hazırlandı. Yol üzərində tikiləcək körpülərin, su ötürücülərin yerləri hazırlandı.

Bu ilin ilk günlərində, daha dəqiq desək, yanvarın 7-də isə Prezident İlham Əliyev “Quba rayonunun Susay-Xınalıq avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzaladı və bu sənədə əsasən, inşa işlərinə daha 13 milyon manat ayrıldı.

Xınalıq kəndində 40 ildən çox müəllim işləmiş, hazırda təqaüddə olan Xınalıq Mədəniyyət və Xeyriyyə Cəmiyyətinin sədri, 71 yaşlı Ənvər Məmmədov “İki sahil” qəzetinə açıqlamasında bunu ölkə başçısının regionların, o cümlədən Qubanın inkişafına göstərdiyi növbəti qayğının təzahürü kimi qiymətləndirdi. Bildirdi ki, ümumiyyətlə, Xınalığın inkişafı möhtərəm Prezidentimizin adı ilə bağlıdır: “Bu gün Quba dünya miqyasında yalnız öz alması ilə tanınmır. Bu rayon indi amfiteatrı xatırladan və dünyada analoqu olmayan Xınalıq kəndi ilə də tanınır”.

2006-cı ildə dövlətimizin başçısı İlham Əliyevin xınalıqlıların qonağı olduğunu xatırladan Ənvər Məmmədov həmin günün onun yaddaşına həkk olunduğunu söylədi: “Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Quba rayonunun mərkəzindən 60 kilometr uzaqda, dəniz səviyyəsindən 2300 metr yüksəklikdə yerləşən kəndimizə gəlişi əsl bayrama çevrilmişdi. Kəndin mərkəzi meydanına toplaşan yüzlərlə sakin onları böyük hörmət və ehtiramla qarşılamışdı. Dövlətimizin başçısının Xınalığa həmin səfəri artıq tarixə çevrilib. Qeyd edim ki,  o, Xınalıq kəndinin yüz illərlə davam etmiş yolsuzluq tarixinə son qoyub. Digər tərəfdən, Ulu Öndərin layiqli davamçısı cənab İlham Əliyev Xınalığa səfər etmiş ilk dövlət başçısıdır.

Onun yerli  sakinlərlə görüşü zamanı dediyi sözlər indi də yadımdadır: “Qubadan Xınalığa gəlmək adama ləzzət verir: gözəl mənzərə, gözəl dağlar, çaylar, bulaqlar, şəlalələr… Sevinirəm ki, mənim göstərişimlə bu yol çəkildi və bütün Xınalıq camaatına sevinc gətirdi… Qafqazın ən yüksək zirvəsində yerləşən bu qədim kənd ən ucqar, əlçatmaz kəndlərdən sayılırdı”.

Müsahibimiz, həmçinin qeyd etdi ki, alternativ yol qısa zaman kəsiyində istifadəyə veriləcək: “Güman edirəm ki, yeni alternativ yol istifadəyə veriləndə də möhtərəm Prezidentimiz Xınalığa səfər edəcək və bizi bir daha sevindirəcək. Həmin günü hər bir kənd sakini səbirsizliklə gözləyir”.

Ənvər müəllim əlavə etdi ki, hazırda Xınalıq kəndində 632 təsərrüfat var. Əhalisinin sayı isə 2 minə yaxındır: “Qeyd etmək yerinə düşərdi ki, Xınalığa yol çəkiləndən sonra bir zamanlar buradan köçən sakinlər də öz doğma ocaqlarına qayıtmaqdadırlar. Hələ neçəsi də qayıtmaq fikrindədir. Artıq Xınalıqda yeni məhəllə salınıb,  yeni iş yerləri açılıb, yeni məktəb tikilib, elektron avtomat telefon stansiyası istifadəyə verilib, televiziya kanalları üçün ötürücülər quraşdırılıb, insanların həyat səviyyəsi yüksəlib. Üstəlik, açıq səma altında muzeyi xatırladan, təkrarsız təbiəti, gözoxşayan gözəllikləri, meşələri, dağları ilə könül oxşayan Xınalığı ziyarət edənlərin sayı artıb. Yeri gəlmişkən qeyd edim ki, ötən  il  qeyri-adi macəra yaşamaq istəyənlər üçün Avropanın 10 ən yaxşı məntəqəsinin siyahısı dərc edilib ki, onların arasında Xınalıq kəndinin də adı var”.

Qvami Məhəbbətoğlu, “İki sahil”