Erkan Özoral ilə səmimi söhbət

0
39

Səfir: Azərbaycan deyəndə ağlıma Qafqazın 25 il ərzində böyük inkişaf yolu keçən ən parlaq ulduzu gəlir

Tanınmış şairlərimizdən olan Tofiq Bayramın məşhur “Azərbaycan    deyəndə…” başlıqlı şeirinin ürəkisidən misralarının doğmalığından yola çıxaraq “İki sahil” qəzeti eyniadlı publisistik layihəyə başlayır.

… Gözümdə doğmalaşar

Bütün xalqlar, ölkələr,

Azərbaycan deyəndə!

– ümidqarışıq xitabına söykənib davam edəcəyimiz “Azərbaycan deyəndə” layihəsinin əsas məqsədi ölkəmizdə yaşayan, çalışan, təhsil alan xarici ölkə vətəndaşlarının Azərbaycan haqqında ümumi təəssüratlarını, düşüncə və arzularını oxucularla bölüşməkdir.

Zəngin mənəvi koloritli Azərbaycan sevdalısı

“Bir millət, iki dövlət” tandeminin doğmalaşdırdığı munis bir “özümüzünkü” hissi ilə layihənin ilk qonağının Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral olmasını arzuladıq. Arzuladıq deyəndə ki, təbii olaraq bəzən sadəcə arzulamaqla iş bitmir, çünki səfirlə görüşmək üçün keçməli olduğumuz rəsmi icazə prosedurları və gözləməli olduğumuz xeyli müddət lazım oldu.

Qırılmayan inadımız bizi nəhayət ötən ilin son günlərində Türkiyənin Azərbaycandakı böyük elçisi ilə qarşılaşdırdı. İlk baxışdan zabitəli, məsafəli və qaraqabaq təsir bağışlayan, amma az sonra son dərəcə səmimi, gözündəngülən və mehriban olduğu ortaya çıxan cənab səfir ilk təəssüratımızı zəngin mənəvi koloritli və təmkinli bir insan kimi zəbt etdi. Müsahibimi bir az doğulduğu Ərzincana və yaşadığı Ankaraya bənzətdim sanki. İlk baxışdan Ankara kimi bir az soyuq təsir bağışlasa da, eyni zamanda, bağrında Atatürkü uyudan o şəhər qədər canayaxın, Ərzincan qədər də təbii və təmiz, həm də bir o qədər özünəməxsus və konservativ idi. Xülasəsi isə qarşımızda təkcə səfirliyin kabinetinin deyil, ürəyinin də qapılarını taybatay açıb dayanan bu ucaboylu adam ölkəmizi özünə Vətən bilən daha bir Azərbaycan sevdalısı idi…

Özünün dediyinə görə, sadəcə 7 yaşına qədər Ərzincanda yaşayıb sonrakı ömrünü Ankarada keçirən Erkan Özoral diplomat karyerasına da Ankara Universitetinin Siyasi bilgilər fakültəsini bitirdikdən sonra 1989-cu ildə başlayıb. Müxtəlif illərdə fərqli ölkələrdə diplomat kimi fəaliyyət göstərən Erkan Özoral Bakıya səfir təyin olunmazdan öncə Türkiyənin Azərbaycandakı səfirliyində müəyyən vəzifələri icra edib. Yəni Bakıya ilk gəlişi uzun illər öncəyə təsadüf edir, buna görə də Azərbaycanın əvvəlini və indisini müqayisə etmək şansı daha çoxdur.

Qaranlıq üzlü soyuq şəhərin modern meqapolisə çevrilməsi

Səfir Erkan Özoralın Azərbaycana ilk gəlişi 21 il öncəyə təsadüf edir: “Azərbaycana ilk dəfə 1997-ci ildə qısa müddətlik iş üçün gəlmişdim. O zaman xatırladığım Bakı qaranlıq üzlü soyuq bir şəhərdi. Şaxtalı qış günü idi. Azərbaycanın öndəri Heydər Əliyevin iqtidara gəlməsindən bir neçə il keçirdi. Şəhərin müxtəlif yerlərində hərbçilər gözə dəyirdi. Deyəsən, Azərbaycanın çətin günlərinin sonları idi, ancaq iqtisadi vəziyyət bir o qədər də yaxşı deyildi. İndiki aeroport yox idi, kiçik bir hava limanına enib dar yolla Bakıya gəldik. 2005-2009-cu illərdə Bakıdakı səfirlikdə müstəşar olaraq çalışdığım vaxtlarda isə Bakı xeyli dəyişmişdi. Busəfərki gəlişimdə isə tamamən başqa bir Bakı ilə qarşılaşdım. Soyuq üzlü qaranlıq şəhər indi işıqlar içərisində parıldayan modern bir meqapolisə çevrilmişdi. Bu illər ərzində təkcə Bakı deyil, bütün Azərbaycanın nə qədər gözəlləşdiyinə şahid oldum. Gəncədə, Şəkidə, Lənkəranda olmuşam. Ən çox getdiyim yer Cocuq Mərcanlı olub. Bu getdiyim yerlərin hər birində müsbət dəyişikliklərin və gözəlləşmənin şahidi olmuşam. Mənim fikrimcə, Azərbaycan iş və həyat şəraiti baxımından çox gözəl ölkədir. Azərbaycan hazırda sərmayədarlar üçün çox yaxşı fürsətlər və imkanlar təqdim edə bilən bir ölkə halına gəlib. Ona görə də mən Türkiyədən buraya gələn bütün iş adamlarına qalıcı istehsala yönələn iş yerləri açmağı tövsiyə edirəm. Fikrimcə, hazırda Azərbaycan ən yaxşı gələcək vəd edən ölkələrdən biridir. Ona görə də sərmayədarların mütləq buraya gəlməsi lazımdı. Həyat şərtləri baxımından Bakı, eləcə də Azərbaycanın digər şəhərləri, bütün xarici vətəndaşlar üçün, hələ xüsusilə Türkiyədən gələnlər üçün məxsusi uyğundur. Burada hər cür imkan var. Azərbaycan insanların ehtiyaclarına cavab verə bilən, son dərəcə müasir bir ölkədir”.

70 illik həsrət dönəminin yaratdığı fərqlərin sürətli qapanma dövrü

Erkan Özoral Azərbaycan haqqında ancaq təbəssümlə və riqqət dolu səslə danışırdı. “Azərbaycanın adı yetər, hər şeyi sevimli və gözəldir” deyən cənab səfir buranı bir -birindən fərqli yönləri olan ölkə kimi dəyərləndirdi, Türkiyə kimi ilin bütün fəsillərində çeşid-çeşid meyvə-tərəvəzin, hər cür nemətin tapıldığı bərəkətli bir ölkə kimi səciyyələndirdi. Azərbaycanda ancaq gülərüz və yaxşı niyyət gördüyünü vurğulayan səfir indiyədək burada heç bir ciddi çətinliklə rastlaşmadığını, hər yerdə qonaqpərvərliklə qarşılaşdığını, üz tutduğu hər işdə yolunun açıldığını minnətdarlıq hissi ilə dilə gətirdi. Həsrət dönəmindən keçdiyimizi də unutmadı: “Əlbəttə, biz dahi siyasətçi Heydər Əliyevin dediyi kimi “Bir millət, iki dövlət”ik. Amma bununla belə mədəniyyətlərimizdə oxşarlıq və fərqliliklər də var. Təbii ki, bənzərliklərimiz fərqliliklərimizdən daha çoxdur. O fərqliliklərə də, əslində fərqlilik demək olmaz, bunlar bir bütünün parçalarıdır… Fərqliliyimizin özünü göstərən tərəfi odur ki, eyni köklü mədəniyyətdən gəlsək də, Sovetlər dönəmində 70 il bir- birimizdən ayrı qaldıq. Bir həsrət dönəmi keçirdik. O həsrət dönəmində də sizin əxz etdikləriniz başqa dəyərlər oldu, bunlar təbii ki, bir dövr üçün fərqlilik yaratdı, amma hazırda iki ölkə və xalq arasında tarixdə olmadığı qədər elə bir yaxınlaşma var ki, həsrət dönəmində meydana gələn o fərq sürətlə qapanmaqdadır”.

“Bakı, sabahın xeyir!” mahnısı ilə günə başlamağın zövqü…

Bəzən elə düşünürsən ki, siyasətlə məşğul olan insanlar, diplomatlar daha çox rasional düşüncənin diktəsi ilə hərəkət edirlər, yəni özlərinə duyğulara yenik düşməyə icazə vermirlər. Amma səfir Erkan Özoral Azərbaycan mədəniyyətinə, incəsənətinə, ədəbiyyatına olan bələdliyi və xüsusi məftunluğu ilə sözün yaxşı mənasında məni heyrətləndirdi.

Doğrusu, cənab səfirin günə unudulmaz Emin Sabitoğlunun bəstələdiyi “Bakı, sabahın xeyir” mahnısı ilə başlaması isə mənim üçün əsl sürpriz oldu: “Azərbaycan musiqisini çox sevirəm. Türkiyədə zatən Azərbaycan musiqisinin xüsusi bir yeri vardır. İnsan Rəşid Behbudovun, Şövkət Ələkbərovanın mahnıları ilə günə başlasa, bütün günü gözəl keçər. Emin Sabitoğlunun, Tofiq Quliyevin bəstələrinə vurğunam. Bir də Azərbaycanın xalq mahnıları var təbii ki. Türkiyədə “Bu qala daşlı qala”nı bilməyən bəlkə də yoxdur. Sizin “Qubanın ağ alması” bizim dilimizə “İğdırın al alması” olaraq yerləşib. Günümüzün pop musiqilərindən də qulağa xoş gələn, gözəl səslənən hər şeyi dinləyirəm.

Azərbaycan filmləri ilə də maraqlanıram. “Ögey ana”, “Telefonçu qız”, “Uşaqlığın son gecəsi” filmlərini çox bəyənirəm. Ən son “Nəsimi” filminə baxmışam. Hamısı vaxt ayırmağa dəyən filmlərdir. Səfirlikdə iş çox olduğundan və axşamları da proqramlarımız olduğu üçün teatr və konsertlərə getmək üçün çox da vaxt tapmaq olmur. Amma buna baxmayaraq mədəni gündəmi izləməyə çalışıram. Ən son mərhum Amaliya Pənahovanın rəhbəri olduğu Bakı Bələdiyyə Teatrında “Nargin faciəsi” tamaşasına baxmışam. “Nargin faciəsi” tamaşası 1914-1915-ci illərdə rus-türk cəbhəsində Sarıqamış əməliyyatında əsir düşmüş və Nargin adasında çox ağır şəraitdə saxlanıldıqlarına görə əksəriyyəti həlak olmuş minlərlə türk əsgərinin və azərbaycanlı mülki şəxslərin xatirəsinə ithaf edilib.

Azərbaycan ədəbiyyatından Hüseyn Cavidi, Əhməd Cavadı oxuyuram. Əhməd Cavadın milliyyətçi şeirlərini çox sevirəm. Ən son Anarın türkcə “Yaşamaq haqqı” kitabını oxumuşam.”

Söhbətin ləziz məqamı: Azərbaycan buğlamasından məşhur Ərzincan şorbasınadək

Sualların cavablara, cavabların suallara qarışdığı səmimi bir ortamda az qala birnəfəsə keçən söhbət ərzində məsələnin dadlı qisminə gəlmək də yadımızdan çıxmadı. Azərbaycan təamlarının hamısının bir-birindən gözəl olduğunu, amma daha çox buğlamanı, közlənmiş badımcan salatını xoşladığını söyləyən səfir öz doğma türk mətbəxindən də söz açmağı unutmadı. Biz indiyədək Ərzincanın dillərə dastan olan yarpaq dönəri, babikkosu, əvəlik dolması, keşkeki haqqında çox oxumuşduq, amma cənab səfir bu sıraya Ərzincanın məşhur küftəli un şorbasının da mütləq əlavə edilməli olduğunu söylədi:  “Düzdür, mən Ərzincanda sadəcə 7 yaşıma qədər yaşamışam, daha sonra ailəmiz Ankarada məskunlaşıb. Ancaq bizim evdə həmişə Ərzincan yeməkləri bişirdi. Ərzincanın çox dadlı mətbəxi var…”

“Bir gün türklər mütləq bu şəhidlərin ardınca gələcəklər…”

Erkan Özoralın “Azərbaycan bizim üçün xüsusi bir ölkədir, bura bizim Vətənimizdir” dediyi zaman səsindəki doğmalığın ən güclü ladları da Hacıqabuldakı türk şəhidliyi haqqında danışarkən boğazında düyümlənib gözlərində gilələnən qəhərini gizlətməyə çalışarkən də dadına yetmədi: “Azərbaycanla bağlı xeyli xatirəm var, hamısı bir-birindən dəyərlidir. Hacıqabulun Qubalı-Baloğlan kəndində 1918-ci ildə erməni-daşnak silahlı birləşmələrinə qarşı döyüşdə Qafqaz İslam Ordusunun 6 türk əsgəri və onlarla birgə döyüşən 6 Azərbaycan əsgəri şəhid olub. Həmin dövrün şahidi olmuş kənd sakinlərindən biri – adları bu gün də məlum olmayan həmin şəhid əsgərləri öz həyətyanı bağçasında dəfn edib. Sovetlər dönəmində də özü vəfat edənə qədər o şəhidliyi göz bəbəyi kimi qoruyub, ölüm anında qızına əmanət edərək deyib: “Bİr gün türklər mütləq bu şəhidlərin ardınca gələcəklər, həmin günə qədər bu məzarları qoru…Vaxt keçdi, vədə dolandı, həmin böyük gün gəldi. 2017-ci ildə Hacıqabulda türk şəhidliyi açıldı, həmin mərasimdə mən də iştirak etdim. Ürəyimdə dərin iz buraxan unudulmaz bir gün idi. Xatirəsi yaddaşımdan heç silinməz…

Bir də maraqlı bir məqam heç yadımdan çıxmır. Təxminən 2007-ci il idi. Azərbaycanda bir neçə dəfə taksidən istifadə edəndə verdiyimiz ödənişi almırdılar, “siz bizim qonağımızsınız, qardaşlarımızsınız” deyirdilər. Belə anılar dünyanın başqa heç bir yerində yaşanması mümkün olmayan xatirələrdir…”

İnanılmaz dəyişikliklərə və inkişafa imza atan Azərbaycan

Sonda səfir layihənin adına uyğun olaraq “Azərbaycan deyəndə…” hiss etdiklərini bölüşdü: “1997-ci ildə ilk dəfə gördüyüm Azərbaycan ilə indiki Azərbaycan əsla müqayisəyə gəlməz. Azərbaycan bu illər ərzində inanılmaz dəyişikliklərə imza atıb.

“Azərbaycan deyəndə…” ilk olaraq ağlıma atəşli Odlar ölkəsi, Qafqazın 25 il ərzində çox böyük inkişaf yolu keçən və gündən-günə daha çox parıldayan ulduzu gəlir…”

…Suallar da bitmişdi, görüş üçün nəzərdə tutulan reqlament də çoxdan yekunlaşmışdı, amma indiyədək sadəcə diplomat kimi tanıdığımız Azərbaycan sevdalısı Erkan Özoralın baxışlarının və kəlmələrinin işığından bir “Azərbaycan deyəndə…” beş Azərbaycan pərvazlanması isə bitmirdi…

Bu səmimi söhbətdən anladığım o idi ki, bir gün Erkan Özoral respublikamızda səfir kimi fəaliyyətini başa vurub dünyanın hansısa başqa ölkəsində diplomat kimi işinə davam edəndə də özünün dediyi kimi, yaddaşından silinməyən xatirələri və unudulmaz doğma duyğular selini anidən yadına düşən bir kəlməylə yenidən bütünüylə xatırlayacaq: “Azərbaycan” deyəndə…

Sevinc Mürvətqızı,
Vüsal Cahanov, (foto) 
“İki sahil”