70 yaşın mübarək, köhnə dost!

0
22

Hər zaman arxasınca gedə biləcəyim adam
Həyatda, yaşadığımız ağlı-qaralı illərdə Allah bizə çox şey bəxş edir: ata-ana, bacı-qardaş, övlad, nəvə-nəticə… Amma dostu biz özümüz qazanırıq. Təəssüf ki, illərlə çörək kəsdiyimiz, ürəyimizdəki ən pünhan arzularımızı dərdi-dil elədiyimiz bəzi dostlar sonralar xırda giley-güzar ucbatından, nimdaş paltar kimi süzülüb gedir, unudulur, illərin sınağından çıxa bilmir. Halbuki, gözəl dost güvəndiyin dağ, hər zaman arxasınca gedə biləcəyin adamdır. Dost sevincinə sevinib, dərdinə ortaq olandır. Məncə, dost yaxşı gündə, yaman gündə yanında hiss etdiyin hənirdir. Dost işıqdır, əzmdir, cəsarətdir, təkliyimizi unutduran sirdaşdır. Dost aynadır. Dostsuz qalsaq, qapımızın zəngi pas atar, qəlbimizi hər zaman qəm-qüssə göynədər… 
Gəncliyimin ən qaynar illərində  rastlaşdığım, sonralar və bu gündə ən əziz adamım kimi bağrıma basdığım, övladlarımın hər zaman ağızdolusu “əmi” dediyi bir insan var- Ziyadxan müəllim.
Onunla tanışlığımın qırx ildən çox tarixi var. Bakı Dövlət Universitetini bitirib, Şamaxıda çıxan “Yeni Şirvan” qəzetində işləyirdim. O illər Şamaxının qaynar çağları idi. Onda Ziyadxan Əliyev orta məktəbdə təsviri sənətdən dərs deyirdi. Eyni zamanda Leninqraddakı Repin adına Rəssamlıq Akademiyasında qiyabi təhsil alırdı. Bir il olardı ki, ailə qurmuşdu. Tez-tez redaksiyaya gəlir, Şamaxının memarlıq abidələri, sənət və söz adamları, el sənətkarları haqqında maraqlı yazılar gətirirdi. Bu səpgili yazıları arabir “Ədəbiyyat və incəsənət” qəzetində çap olunurdu. Onun yazıları maraqla oxunurdu. Ziyadxanla söhbətim tuturdu. Bəzən saatlarla mənim iş otağımda müxtəlif mövzularda söhbət edirdik. Çox zaman fikirlərimiz üst-üstə düşürdü… Bir gün sevincək halda yanıma gəlib  dedi ki, məni Maarif Nazirliyinin Uşaqların Estetik Tərbiyəsi üzrə Metodik Mərkəzinə işə dəvət edirlər. Tezliklə Ziyadxan ailəsi ilə Bakıya köçdü. Onun sənət yolunda ən uğurlu addımları bundan sonra başladı. Sonra  Xalq rəssamı Kazım Kazımzadə onu Azərbaycan Dövlət İncəsənət Muzeyinə işə dəvət etdi…  O gedəndən sonra mən onun üçün darıxdım. İki il sonra mən də Bakıya üz tutdum. Ziyadxan o il Rəssamlıq Akademiyasını bitirdi və macar hekəltaraşı İştvan Kişin yaradıcılığı barədə yazdığı diplom işi “əla” qiymətləndirildi. Onun bu uğuruna çox sevinənlərdən biri, şübhəsiz ki, mən oldum. Ona bu məşhur sənət ocağında qalıb işləməyi təklif edirlər, lakin o doğma Bakını seçir. Həmin vaxtlarda Ziyadxan ardıcıl olaraq respublika mətbuatında yazılarla çıxış edirdi. Müxtəlif sənət adamlarının yaradıcılığı barədə məqalələri demək olar ki, hamı tərəfindən bəyənilirdi. Buna görə də rəssamlar, heykəltaraşlar, xalçaçı rəssamlar onu həvəslə öz emalatxanalarına dəvət edirdilər. Bu görüşlərdə bəzən mən də iştirak edirdim. Onu da əlavə edim ki, o vaxtlar Ziyadxanın nəinki SSRİ-nin müttəfiq respublikalarında, eləcə də  xarici ölkələrdə nəşr edilən dərgilərdə elmi-publisistik məqalələri çap olunurdu. Mən onun işgüzarlığına həsəd aparırdım.
 Biz arabir ailəliklə Buzovnaya gedirdik. Onların həyətində uşaqlarımız- Səttar, Nicat, Könül, Aytac, Aysel bir-birinə qoşulub gizlənpaç, qaçdı-tutdu oynayırdılar. Daha sonra Xəzərin sahili boyu narın qumluqlarda ayaqyalın gəzib dolanır, dənizin ürək rahatlayan havasını udurduq.
Mən tez-tez uşaqlarımla İncəsənət Muzeyinə gedirdim. Hər yeni sərgi olanda Ziyadxan mənə zəng edirdi. O sərgilərə həvəslə tamaşa edirdim. Rəssam və heykətaraşların emalatxanalarına gedişim və İncəsənət Muzeyində sərgilərə tamaşa etməyim mənə çox şey verirdi. Bütün bunlara görə dostuma çox borcluyam. O vaxtlar keçirilən “Əzizim Vətən yaxşı…” adlı sərgini isə heç unuda bilmirəm.

“Əzizim Vətən yaxşı…”
Gərək ki, 1989-cu ilin yayı, belə demək olarsa, Sovetin laxlayan vaxtıydı. Qorbaçovun saxta “perestroyka”sından bəhrələnən ermənilər  bizimlə açıq torpaq davasına başlamışdılar. Nankor qonşularımız silah gücünə soydaşlarımızı doğma yurdlarından qovub çıxarırdılar. Azadlıq havası hələ ürəklərdə kükrəyib meydanlara axmamışdı. Qəzetlərdə arabir azadlıq və müstəqilliklə bağlı yazılar çap olunurdu. Ziyadxanın təşəbbüsü və təşkilatçılığı ilə İncəsənət Muzeyində respublikamızda ilk dəfə olaraq xarici ölkələrdə yaşayan azərbaycanlı rəssamların əsərlərindən ibarət tarixi sərgi təşkil olunmuşdu. Sərgiyə münasibət birmənalı deyildi. Muzey rəhbərliyi, eləcə də Ziyadxan yuxarıların bu işə mənfi yanaşacağından qorxurdu. Sənətşünas Ziyadxan Əliyev sərgi üçün gözəl kataloq hazırlamışdı. Sərgiyə bir neçə saat qalmış muzeyin həyəti, bir neçə zalı tamaşaçılarla dolmuşdu. Hamı Ziyadxanı təbrik edirdi. Sərginin açılışı alqışlarla keçdi. Tamaşaçıların çoxu kövrəlmişdi. Çünki sərgidə təqdim olunan əsərlərdə insanın azadlıq ruhu, qürbətin ürəklərdə yaratdığı silinməz nisgil, vətən həsrətilə yaşayan soydaşımızın arzuları vardı. O əsərlərdəki rənglər də sanki qürbətin havası ilə yoğrulmuşdu.
 Sərgi haqqında mətbuatda çoxsaylı yazılar getmişdi. Mən də bu xeyirxah sərgi ilə bağlı “Bakı” qəzetində “Qürbətdə Vətən işığı ” adlı yazı ilə çıxış elədim. Bu gün də həmin sərgidən aldığım kövrək təəssürat ürəyimdə şirin xatirə kimi yaşayır. Bu xatirəyə görə dostuma minnətdaram.

(Ziyadxan Əliyev – “Şamaxı”)

 “Gözəl rəssamlarımız çoxdur, sənətşünaslarımız isə az”
  Azərbaycanın görkəmli təsviri sənət və tişə ustaları çoxdur. Adlarını sadalasaq, uzun siyahı alınar. Yurdumuzun gözəl təbiəti və zəngin sərvətləri kimi onların əsərləri də vətənin sərvətinə çevrilib, sənətin qızıl fonduna daxil olub. Onların adları və əsərləri ölkəmizin sərhədlərini aşıb, Azərbaycana böyük şöhrət qazandırıb. Əsərləri ilə nəsil-nəsil sənətsevərləri ovsunlayan Təbriz miniatür məktəbinin zirvəsi  Sultan Məhəmməd, qısa ömür payında çox məhsuldar işləmiş Bəhruz bəy Kəngərli, milli rəssamlığımızın simvolu Əzim Əzimzadə, təbiətimizin məcnunu Səttar Bəhlulzadə, sağlıqlarında dünya şöhrəti qazanmış Mikayıl Abdullayev, Tahir Salahov, sənəti bu gün də lazımi qiymətini almamış Mircavad Mircavadov, məşhur heykəltaraşlar Fuad Əbdürrəhmanov, Cəlal Qaryağdı, Ömər Eldarov, Tokay Məmmədov, xalçaçı- rəssam Lətif Kərimov  və başqaları belə sənət fədailəri olublar. Bu gün də belə korifey sənətkarlarımız az deyil.
 Günlərin bir günü Şamaxıda Ziyadxanın işlədiyi müxtəlif səpgili əsərlərə baxırdım. Rəssamlıqdan o qədər başım çıxmasa da onun əl işlərinə valeh olmuşdum. Onda mənə elə gəlmişdi ki, o, gələcəkdə məşhur rəssam olacaq. O əsərlərdə böyük Səttarın sənət ruhu duyulurdu. Onu da deyim ki, Ziyadxan Rəssamlıq Texnikumunda Səttar müəllimin ən sevimli tələbələrindən olub.
  Həmişə bu qənaətdə olmuşam ki, Ziyadxan fırçanı qələmə qurban verib. İllər ötdükcə o, Azərbaycan sənətşünaslığının ən aktual problemləni bir borc kimi çiyninə götürdü. Onun yazdığı elmi-publisistik araşdırma yazıları bir yerə toplansa, ən azı on cildlik kitab yaranar. Ayrı-ayrı illərdə nəşr edilən “Famil Əliyev “,  “Azərbaycan eklibrisi”, “Mir Möhsün Nəvvabın rənglər aləmi “,”Naməlum Səttar “, “Azərbaycan gömrüyünün tarixi təsviri sənətdə”, “Xilas olmuş gözəllik”, “Sənətin məcnunu”, “Günahlı dünyanın günahsız adamı”, “Səttar Bəhlulzadə romantizmi”, “Azərbaycan rəqs geyimləri”, “Səməd Vurğun təsviri sənətdə”, “Cizgilərə hopan ömür: Cəmil Müfidzadə”, “Azərbaycan incəsənəti” ensiklopediyası, I-III cildlər (A. Xəlilovla birlikdə), “Fəxrəddin Məmmədvəliyev”, “Sabir təsviri sənətdə”, “Plastikanın poetik çalarları. “Görüş Nurəddinoğlu”, “Arif Hüseynov”, “Boyalı gülüşlər”, “Gerçəkliyin rəngi. Tamilla Seyidova”, “Sənətkar ömrü” və başqa kitabları var. Bu kitablar ömrünün qırx ildən çoxunu sənətə vermiş dostumun narahat günlərinin və yuxusuz  gecələrinin bəhrəsidir.
O, 40 ildən çoxdur ki, pedaqoji fəaliyyətlə də məşğuldur. Hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktorudur. 2006-cı ildə Ziyadxan müəllim “Əməkdar incəsənət xadimi” fəxri adına, ötən il isə “Kaspi” mükafatına layiq görülüb.
 Bir dəfə dostumdan fırçanı qələmə qurban verməsinin səbəbini soruşdum. Yarızarafat-yarıgerçək dedi ki, gözəl rəssamlarımız çoxdur, sənətşünaslarımız isə az. Daha heç nə deyə bilmədim…

Ürəyimə yazılanlar
Mənim onu tərifləmək fikrim yoxdur. Ancaq  onu yaxından tanıyanlar  da bilir ki, Ziyadxan Əliyev Azərbaycan mədəniyyətinə həmişə vicdanla xidmət edib, hər bir işdə haqqın, haqlının tərəfində durub. Buna görə də başı çox ağrıyıb, haqqı olduğu kürsüləri, vəzifələri ona tapşırmayıblar. Layiq olduğu mükafatları ona əsirgəyiblər.  Xatırlayıram ki, bir vaxt Ziyadxanı Dövlət İncəsət Muzeyinə direktor təyin etmək istəyirdilər. Lakin kimin göstərişi oldusa bu fikirdən daşınıb, müavin olmağı təklif etdilər. Ziyadxan isə  razılıq vermədi. Buna görə də acığa düşüb onu şöbəsini bütünlüklə ixtisar etdilər. Uzun məhkəmə çəkişmələrindən sonra o, işinə bərpa olundu, lakin sonra  özü ərizə verib müzeydən ayrıldı.

Sənətşünasın taleyi kitablaşıb
Bir neçə gün əvvəl Ziyadxan mənə bir kitab verdi: “Sənətşünas taleyi”. Əlimə alan kimi vərəqlədim. Kitabda onun müxtəlif illərdə yazdığı yetmiş məqaləsi toplanıb. Bundan əlavə, Ziyadxanla müsahibələr, müxtəlif səpgili yazılar da orada yer alıb. Kitabdakı foto-şəkillərə də maraqla baxdım. Hər foto-şəkil  tarixə dömüş günlərdən yadigardır. Həmin şəkillərə baxanda yazmı, payızmı, havanın günəşlimi, yoxsa buludlu olduğunu göz önünə gətiririk. Fotolar daha çox təəssüf hissi yaratsa da bizi sevindirir, adamı xəyal aləminə aparır, eyni zamanda bu dünyanın faniliyini yada salır. Kitabdakı şəkillər isə məni daha çox Ziyadxanla Şamaxıda keçirdiyim günlərə, xoşbəxt gəncliyimin ümid dolu çağlarıma qaytardı. O çağlara ki, ömür limitinin qısaldığı  bir vaxtda bəzən o  dəmlər üçün göyüm-göyüm göynəyirik, haldan hala düşürük, heç nə ürəyimizi ovutmur.
Ziyadxanın kitabın üzqabığında verilmiş daim yorğun görünən şəklinə xeyli baxdım. Ürəyimdən bu fikir keçdi: 70 yaşın mübarək, köhnə dost!

Dost salamı ilə Səməd Məlikzadə

P.S. Yanvarın 9-da V. Səmədova adına sərgi salonunda Ziyadxan Əliyevin yubileyi ilə bağlı tədbir keçiriləcək.