Mingəçevirli gənclər hərbi xidmətə yollandılar

0
66

Çağırışçı gənclərin ordu sıralarına yolasalınma mərasimlərinin təntənəli şəkildə keçirilməsi Mingəçevir şəhərində   ənənə şəklini alıb. Növbəti belə mərasim Heydər Əliyev Mərkəzində  keçirilib.  ŞİH başçısı aparatının məsul işçilərinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Mingəçevir şöbəsinin, hüquq-mühafizə orqanları rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin və valideynlərin iştirak etdikləri mərasimdə çağırışçılar ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə  Dövlət Xidməti Mingəçevir şöbəsinin rəisi, plokovnik Şirvan Xasıyev , Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edərək çağırışçıların Vətənə sədaqətlə xidmət edəcəklərinə əmin olduqlarını bildiriblər və bu şərəfli ada layiq olduqları üçün onlara təbriklərini çatdırıblar.

Çıxışlarda qeyd olunub ki, əsası Ulu Öndər tərəfindən qoyulan ordu quruculuğu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ən müasir silahlarla təchiz olunmuş Milli Ordumuz işğal olunmuş torpaqlarımızı hər an azad etməyə qadirdir.

Çağırışçılara silahlardan bacarıqla istifadə etmək üçün verilən təlimatları diqqətlə öyrənmək və zabitlərin tapşırıqlarını vaxtında icra etmək tövsiyə olunub. Çağırışçılar adından çıxış edən Şirin Həsənov Vətənə sədaqətlə xidmət edəcəklərini və bundan qürur duyduqlarını bildirib. Valideyinlər də öz çıxışlarında övladlarına uğurlu yollar arzulayıblar .

Yolasalma mərasimi vətənpərvərlik mahnılarının səsləndirilməsi ilə başa çatıb. Çağırışçı gənclər avtobuslara minib hərbi hissəyə yola düşüblər.

Esmira Hidayətova, Mingəçevir