Mikayıl Müşfiqin xatirəsi anılıb

0
73

Yanvarın 6-da Xızıda XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, 30-cu illər repressiyasının qurbanı Mikayıl Müşfiqin xatirəsi anılıb. NAakam şairin ölümünün 81 illiyinə həsr olunan mərasim rayonun Sayadlar kəndində, Mikayıl Müşfiqin xatirə muzeyinin qarşısında keçirilib.

Ölməz şairin büstü ətrafına toplaşan şairlər, yazıçılar, elm və incəsənət xadimləri Mikayıl Müşfiqin həyat və yaradıcılığı haqqında danışıb, görkəmli poeziya ustasının ədəbiyyatımızda tutduğu mövqedən, lirikasının səciyyəvi cəhətlərindən söhbət açıblar.

Anım mərasimində “Şöhrət” ordenli, Əməkdar müəllim, şair Ofeliya Babayeva, Mikayıl Müşfiq və “Qızıl qələm” mükafatları laureatı, şair Oktay Rza, Əməkdar jurnalist, pedaqogika üzrə fəlsəfə doktoru Qafar Əsgərzadə, filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy, “Cabir Novruz” Mədəniyyət Fondunun prezidenti, professor Cavanşir Qurbanov, filologiya üzrə fəlsəfə doktoru Rasim Nəbioğlu, Mikayıl Müşfiqin əmisi nəvəsi Vahab İsmayılzadə, müşfiqsevərlər Sənan Talıbov, Leyla Axundzadə və başqaları çıxış edərək görkəmli poeziya ustasının yaradıcılığının gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz xəzinə olduğunu qeyd ediblər.

Bildirilib ki, Prezident İlham Əliyevin Mikayıl Müşfiqin anadan olmasının 110 illiyinin qeyd edilməsi haqqında Sərəncamına əsasən ötən il ölkəmizin hər yerində böyük şairə həsr olunmuş silsilə tədbirlər keçirilib.

Tədbirdə qeyd edilib ki, Mikayıl Müşfiq milli folklordan və klassik ədəbi ənənələrdən layiqincə bəhrələnməklə dərin lirizmə malik və doğma dilin bütün gözəlliklərini özündə ehtiva edən bənzərsiz poetik nümunələr yaradıb. Bu nümunələr Azərbaycanın çoxəsrlik bədii fikir xəzinəsini daha da zənginləşdirib. Müşfiqin adı 1930-cu illər totalitarizminin qurbanına çevrilmiş məsum insanların xatirəsinin rəmzi və nakam şair obrazı kimi xalqın yaddaşında yaşamaqdadır. Adını Azərbaycan poeziyası tarixinə qızıl hərflərlə yazdırmağı bacaran Müşfiqin şeirləri yaşlı nəsillə bərabər, gənclərin də dillər əzbəridir. Müşfiqin “Yenə o bağ olaydı”, “Oxu, tar” və bir sıra başqa şeirləri poeziya xəzinəsinin inciləri sırasındadır.

Tədbirdə Xızı məktəbliləri nakam şairin şeirlərindən parçalar səsləndiriblər.