Qətərdə hər 3 kişiyə 1 qadın düşür

0
49

Birləşmiş Millətlər Təşkilatının (BMT) açıqladığı məlumata görə hazırda dünyada 7 milyard 670 milyon insan yaşayır. BMT-nin açıqladığı məlumatlara görə ki, dünya əhalsinin 50,4%-ni və ya 3 milyard 868 milyon nəfərini kişilər, 49,6%-ni və ya 3 milyard 801 milyon nəfərini qadınlar təşkil edir. Lakin, qeyd edək ki, bəzi ölkələrdə qadın və kişilərin sayındakı nisbət ümumdünya göstəricisindən fərqlidir.
Açıqlanan məlumatlardan belə görünür ki, ərəb ölkələrində kişilərin sayı qadınların sayından çoxdur. Slavyan ölkələrində isə bunun əksi müşahidə olunmaqdadır.
Qadınların sayının kişilərlə müqayisədə ən az olduğu ölkələrin başında Qətər dayanır. Qətərdə hər 3 kişiyə 1 qadın düşür. BMT-nin məlumatına görə bu ölkədə əhalinin 75,9%-ni kişilər təşkil edir. Bundan başqa Bəhreyində əhalinin 62,6%-i, Küveytdə 59,6%-i, Omanda 59%-i, Səudiyyə Ərəbistanında isə 55,2%-i kişilərdən ibarətdir.
Kişilərin sayının qadınlarla müqayisədə ən az olduğu ölkələrin başında isə Ukrayna və Latviya yer alır. Hər iki ölkədə ümumi əhalinin 54%-ni qadınlar təşkil edir. Qadınların sayının kişilərdən çox olduğu ölkələrin sıralamasında növbəti yerləri Rusiya, Litva, Belarus, Ermənistan, Estoniya, Gürcüstan tutur. Belə ki, Rusiyada ümumi əhalinin 53,7%-ni, Litvada 53,6%-ni, Belarusda 53,5%-ni, Ermənistanda 53,5%-ni, Estoniyada 53,3%-ni, Gürcüstanda isə 52,9%-ni qadınlar təşkil edir.
Məlumat üçün qeyd edək ki, Dövlət Statistika Komitəsinin açıqladığı sonuncu məlumata görə, Azərbaycanda əhalinin sayı 9 milyon 968 min nəfər olub. Bunların 49,1%-ni və ya 4 milyard 974 min nəfərini kişilər, 50,1%-ni və ya 4 milyard 994 min nəfərini isə qadınlar təşkil edir.