Onlar 2018-ci ili belə xatırlayacaqlar

0
218

Başa çatmaqda olan 2018-ci il hansı hadisələri ilə yaddaşlara həkk olunacaq? Bu sualla bir neçə tanınmış mədəniyyət, incəsənət, idman xadiminə, eləcə də fermerə müraciət etdik.

 

“Şöhrət” ordenli  Xalq Artisti İlham Namiq Kamal:

-Bəri başdan deyim ki, cari ildə ölkəmizin bütün sferalarında mühüm hadisələr qeydə alınıb. Mən onlardan bir neçəsini, daha doğrusu, şəxsən mənə görə böyük önəmə malik olanları xatırlamaq istərdim. Bu il aprelin 11-də  ölkəmizdə keçirilən növbəti president seçkilərində cənab İlham Əliyevin yenidən Prezident seçilməsi, üçüncü peykimizin – “Azerspace 2”nin orbitə çıxarılması, Bakıda iki möhtəşəm hərbi paradın keçirilməsi, eləcə də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin geniş şəkildə qeyd olunması bu ilin ən mühüm hadisələri kimi yaddaşıma həkk olunub. Şübhəsiz, bundan sonra da ölkəmiz yalnız uğurlar, qələbələr yolu ilə gedəcək.

Şəxsi həyatıma gəldikdə isə… Mart ayında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin “Arşın mal alan” operasında Soltan bəy obrazını canlandırmışam. Bu, mənim həmin teatrın səhnəsində ilk çıxışım idi. Öz teatrımızın, yəni Azərbaycan Dövlət Musiqili Teatrının rus bölməsi tərəfindən hazırlanan məşhur bəstəkar Rauf Hacıyevin “Qafqazlı qardaşqızı” operettasında isə baş rolu – Bəbirlini tamaşaçılara təqdim etmişəm. Bu isə mənim rus dilində ifa etdiyim ilk obraz kimi, əgər belə demək mümkünsə, tarix kitabıma yazıldı.

Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Şövqi Hüseynov:

– Bu ilin ölkəmiz üçün düşərli olduğunu deyə bilərəm. Prezidentimizin tarixi hadisə kimi dəyərləndirdiyi “Cənub Qaz Dəhlizi”nin, TANAP-ın açılışları, Xəzər dənizinin ən böyük limanı – Ələt Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi, eləcə də dünya dövlətləri ilə dostluq, əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi və s. hər halda belə qənaətə gəlməyə əsas verir. Şübhəsiz, bunların hər biri yaddaqalan hadisələrdir. Prezident İlham Əliyevin Sərəncamına əsasən, hazırda çalışdığım Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illiyinə həsr olunmuş yubiley tədbiri də yaddaşıma həkk olundu. Yeri gəlmişkən, bu tədbir çərçıvəsinda həmkarlarımın bir çoxu fəxri adlara, diplom və medallara layiq görüldülər.

2018-ci il həyatımda da çox yaddaqalan və xoş hadisələrlə dolu bir il oldu desəm, yanılmaram. Belə ki, cari ildə iki beynəlxalq teatr festivalında (Mahacqala və Təbriz şəhərlərində) iştirak etmişəm və mükafatlara layiq görülmüşəm. Bu il mən həm də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim kimi fəaliyyətə başlamışam. Yeri gəlmişkən, elə bu il  gələn ilin konturları da cızılıb. Belə ki, fevral ayında İranın Tehran şəhərində keçiriləcək “Fəcr” Beynəlxalq Teatr Festivalında, aprel ayında Rusiyanın Kineşma, may ayında Ximki şəhərlərində kerçiriləcək Beynəlxalq teatr festivallarında iştirak edəcəyəm.

“Tərəqqi” medallı, qubalı fermer İldırım Məmmədov:

-2018-ci  ildə cənab Prezidentimiz tərəfindən aqrar sahədə islahatlar davam etdirildi, struktur dəyişikliklər olundu. Belə ki, islahatlar çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzi, Aqrar Elm və İnnovasiya Mərkəzi formalaşdırıldı, “Aqrar tədarük və təchizat” ASC təsis edildi. “Aqrolizinq” ASC-nin funksiyaları yeni yaradılan Aqrar Kredit və İnkişaf Agentliyinə verildi. Bu mənada 2018-ci il yaddaşıma kənd təsərrüfatı sahəsində islahatlar ili kimi həkk olundu.

Bu il mənim şəxsi həyatımda bir sıra əlamətdar hadisələrlə zəngindir.  Əvvəla, çox hörmətli Prezidentimizin 30 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülmüşəm. Buna görə ölkə başçımıza bir daha təşəkkür edirəm. İkincisi, Kənd Təsərrüfatı Nazirliyində təşkil edilmiş Fermerlər Şurasına üzv seçilmişəm. Ücüncüsü, kənd təsərrüfatı naziri İman Kərimov mənim Yalavanc kəndindəki şəxsi təsərrüfatıma baş çəkib, mənimlə fikir mübadiləsi aparıb. Sözün düzü, onun gəlişi mənim üçün sözün həqiqi mənasında, sürpriz olub. Qeyd edim ki, fikrimcə, öz sadəliyi ilə seçilən İnam Kərimov Prezidentimizin dəstəyi ilə qısa zaman kəsiyində aqrar sahədə ciddi dönüş yarada bilib. Hər halda son günlər aparılan islahatlar belə fikir yürütməyə imkan verir.

Əməkdar idman xadimi, AFFA-nın Veteranları İttifaqının sədr müavini, Rüstəm Rəhimov:

– Bu il idmançılarımız dünya Avropa çempionat və birinciliklərində, kubok yarışlarında və beynəlxalq turnirlərdə 753 medal (263 qızıl, 230 gümüş, 260 bürünc) qazanıblar. Bütün idman ictimaiyyətimiz kimi, mən də ölkəmizin bu idman nailiyyətləri ilə qürur duyuram. Çünki hər bir belə möhtəşəm qələbələr ölkəmizi dünyada güclü idman ölkəsi kimi tanıtdırır. Bu uğurlarda dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin idmançılara, məşqçilərə, veteranlara göstərdiyi böyük qayğı və diqqəti önəmli rol oynayıb.

Şəxsi həyatıma gəldikdə isə, bu il 70 yaşım tamam oldu. Məncə, bu yubiley də elə yaddaqalan bir tarixdir.

Rejissor Elşən Zeynallı:

-Güman edirəm ki, bu il ölkəmizin beynəlxalq aləmdə uğurları daha çox olub. Məsələn, iyulun 10-da NATO-nun Zirvə toplantısında iştirak etmək üçün Brüsselə səfər edən dövlət başçımız burada bir sıra mühüm görüşlər keçirdi və bu görüşlər Avropa İttifaqı ilə Azərbaycan arasında yeni sazişin imzalanmasına mühüm töhfə verdi. Cari ildə təəssüf doğuran bir məqam var ki, bu da mənfur düşmənlərimizin apardığı ikiüzlü siyasətin nəticəsi olaraq, hələ də Dağlıq Qarabağ probleminin həllini tapmamasıdır. İnanıram ki, növbəti ildə məhz bu məsələ ilə bağlı sevindirici xəbərlər alacağıq.

Bu il mənim üçün də uğurlu olub. Belə ki, ailə adətlərinin qurbanı olan iki gəncin taleyindən bəhs edən “Soyuq günəş” adlı bədii film üzərində işimi başa çatdırmışam. Onu da deyim ki, bu film 3 dildə – Azərbaycan, rus, ləzgi dillərində tamaşaçılara təqdim olunacaq. Bu ekran əsərini ölkəmizdə çəkilən ilk ləzgi filmi də adlandırmaq olar, bu da mənim ölkəmizdə həyata keçirilən tolerantlıq siyasətinə bir töhfəmdir.

Qvami Məhəbbətoğlu, “İki sahil”