“Hər kəs məsuliyyətini dərk etməlidir”

0
127

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov şəhərin ziyalı təbəqəsi ilə   görüşüb. Görüşdə icra başçısı bildirib  ki, əsas məqsədi problemləri öyrənmək və onların həllinə dəstək olmaqdır: “Təkliflərinizi, töviyələrinizi də dinləməyə hazıram”.

Mingəçevir şəhər Təhsil şöbəsinin müdiri Sahib Məmmədov ölkəmizdə, eləcə də Mingəçevirdə təhsilə göstərilən qayğıdan danışmaqla bərabər, hələ də şəhərdəki 8 məktəbin  təmirsiz olduğunu vurğulayıb. O, bu məsələnin təhsil nazirliyinin diqqətinə çatdırlmasının vacibliyini vurğulayıb.

Daha sonra 8 nömrəli bagçanın müdirəsi Svetlana Məcidova, 10 nömrəli bağçanın müdirəsi Natavan Cəfərova, Uşaq gənclər inkişaf mərkəzinin müdiri Ədalət Quliyeva, 8 nömrəli məktəbin direktoru Adil Kərimov, şəhər liseyinin direktoru Aidə İsmayılova çıxış ediblər. Onlar yeni təyin olunmuş başçıya uğurlar diləyiblər və ümidvar olduqlarını bildiriblər ki, o, problemlərin həllində önəmli addımlar atacaq.

Bütün çıxışları diqqətlə dinləyən icra başçısı qeyd edib ki, qaldırılan bütün problemlərin həlli istiqamətində səylə çalışacaq: “Mən cənab Prezidentin qəbulunda olanda şəhərin bəzi problemlərindən söz açmışdım. Cənab Prezident Mingəçevirin inkişafına daha çox dəstək verəcəyini bildirdi. Hamıya yaxşı məlumdur ki, təkcə təkcə problemləri həll etməklə iş bitmir”.

O daha sonra deyib: “Gələcəyimiz təhsilli kadrlardan çox asılıdır. Odur ki, daha savadlı gənclər yetişdirməliyik. Məktəblərdə nizam-intizama hamılıqla riayyət edilməlidir. Yuxarı siniflərdə dərslərin davamiyyətə ciddi nəzarətdə saxlanılmalıdır. Nöqsanlara göz yummaq lazım deyil. Rəhbər vəzifə tutan hər bir şəxs  öz işində dönüş yaratmalı və məsuliyyətini dərk etməlidir”.

Esmira Hidayətova, Mingəçevir