“İxrac İcmalı”nın 2018-ci ilin dekabr sayı təqdim olunub

0
126

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2018-ci ilin dekabr sayı təqdim olunub. İcmalın bu sayında  göstərilir ki, 2018-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycan Respublikasının ixracı 17,9 milyard ABŞ dolları təşkil edib. Bu müddətdə qeyri-neft sektoru üzrə ixrac isə 1 milyard 532 milyon ABŞ dolları təşkil edib. 2017-cı ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-noyabr ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 145 milyon ABŞ dolları və ya 10,5 faiz  artıb. Bu ilin yanvar-noyabr ayları ərzində Rusiyaya 555,4 milyon, Türkiyəyə 321,3  milyon, İsveçrəyə 123,3 milyon, Gürcüstana 117,1 milyon və Qazaxıstana 41,1 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin 11 ayı ərzində Rusiyaya qeyri-neft ixracı 12%, Türkiyəyə 22%, Qazaxıstana 42% artıb, İsveçrəyə 8%, Gürcüstana isə 3% azalıb.

2018-ci ilin yanvar-noyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor (162,2 milyon ABŞ dolları) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 107,2 milyon ABŞ dolları) ikinci olub. Xurma isə (89,1 milyon ABŞ dolları) bu siyahıda üçüncü yerdə qərarlaşıb. 

Ümumiyyətlə 2018-ci ilin yanvar-noyabr ayları ərzində meyvə-tərəvəz ixracı 495 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 110,3 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 106,6 milyon, elektrik enerjisinin ixracı 65 milyon,  qara metallar və onlardan hazırlanan məmulatların ixracı 78,9 milyon, pambıq lifi ixracı 70,9 milyon, kimya sənayesi məhsullarının ixracı 73,3 milyon, pambıq ipliyi ixracı 21,3 milyon ABŞ dolları təşkil edib.  2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin 11 ayında pambıq lifinin ixracı 2,5 dəfə, elektrik enerjisinin ixracı 58 faiz, pambıq ipliyinin ixracı 44 faiz, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 25 faiz, meyvə-tərəvəzin ixracı 9 faiz, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 7 faiz, kimya sənayesi məhsulları 1 faiz  artıb.

2018-ci ilin noyabr ayında isə qeyri-neft sektoru üzrə ixrac 181 milyon ABŞ dolları təşkil edib. 2018-ci ilin noyabr ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısına Rusiya (88,4  milyon ABŞ dolları) başçılıq edib. Daha sonra bu siyahıda Türkiyənin (27,5 milyon ABŞ dolları), Gürcüstanın (10,6  milyon ABŞ dolları), İsveçrənin (8,9 milyon ABŞ dolları), Ukraynanın (7,8 milyon ABŞ dolları) və digər ölkələrin adları var.

Bu ilin noyabr ayında qeyri-neft sektoru üzrə ixracda xurma (45,2 milyon ABŞ dolları) birinci, qabığı təmizlənmiş meşə fındığı (14,5 milyon ABŞ dolları)  isə ikinci olub. Bu siyahıda pomidor (12,3 milyon ABŞ dolları) isə üçüncü yeri tutub.

            “İxrac İcmalı”nın dekabr sayında  qeyri-neft sektoru üzrə əsas ixracatçı subyektlərin reytinqi də verilib. 2018-ci ilin yanvar-noyabr aylarında qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı şirkətlərin siyahısında ilk onluqda “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, “MKT İstehsalat Kommersiya” MMC, “Baku Steel Company” MMC, “Kapitan Fruits” MMC, “Azfruittrade” MMC, “Food Export Şəmkir” MMC,  “Sun Food” MMC, “Qala meyvə-tərəvəz ixracat idxalat” MMC, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, “TST Export” MMC təmsil olunub.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə ARDNŞ-nin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: “Det-al Alüminium” MMC, “Azərenerji” ATSC, “SOCAR Methanol” MMC, “Azergold” QSC, “Azərbaycan Hava Yolları” QSC, “CTS-Agro” MMC, “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC, “Geofizika və Geologiya İdarəsi”, Naxçıvan  MR Dövlət Energetika Xidməti.

 “İxrac İcmalı”nda həm də xidmət ixracına yer ayrılıb. Göstərilib ki, 2018-ci ilin yanvar-noyabr aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 24 ölkəsinə 24 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.

“Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 88 faizini təşkil edib. 2018-ci ilin noyabr ayında isə “Azərkosmos” ASC dünyanın 15 ölkəsinə 1,6 milyon ABŞ dolları dəyəri xidmət ixrac edib.

 “Azərkosmos” ASC-nin 2018-ci ilin 11 ayı ərzində xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, Malaziya, BƏƏ, Almaniya, Gürcüstan və digərləridir.

 “İxrac İcmalı”nın dekabr sayında məlumat verilib ki, 2018-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycana dünyanın 195 ölkəsindən 2633,5 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,1 faizçox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən gələnlərin 31,1 faizi Rusiya Federasiyası, 20,9 faizi Gürcüstan, 10,1 faizi Türkiyə, 8,6 faizi İran, 3,1 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,7 faizi Səudiyyə Ərəbistanı, 2,4 faizi İraq, 2 faizi Ukrayna, 1,5 faizi İsrail, 17,5 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olmuşdur. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 7,1 faizi yanvar, 6,4 faizi fevral, 10,5 faizi mart, 8,3 faizi aprel, 7,9 faizi may, 10,2 faizi iyun, 12,5 faizi iyul, 12,2 faizi avqust, 8,8 faizi sentyabr, 8,0 faizi oktyabr, 8,1 faizi isə noyabr ayında ölkəyə gəlib.

2018-ci ildə ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə xərcləmələrində dinamik artım müşahidə edilib. Belə ki, 2018-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri  1195,5  milyon manat təşkil edib. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 252 milyon manat və ya 27 faiz artıb.

Bu ilin noyabr ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları 76,2 milyon manat təşkil edib və ötən ilin noyabr ayı ilə müqayisədə 6 faiz artıb.

 “İxrac İcmalı”nda 2018-ci ilin yanvar-noyabr ayları ərzində Azexport.az portalına daxil olan ixrac sifarişləri barədə də ətraflı informasiya verilib. Göstərilib ki, 2018-ci ilin yanvar-noyabr aylarına Azexport.az portalına 479 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-noyabr aylarında Azexport.az portalına daxil olan ixrac sifarişləri dəyər baxımından 8 faiz artıb. Bu ilin noyabr ayı ərzində isə Azexport.az portalına daxil olan sifarişlərin dəyəri 46 milyon ABŞ dolları təşkil edib.

2018-ci ilin 11 ayında portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində isə Rusiya (17,4%),  ABŞ (8,5%),  Türkiyə (5,5%), Ukrayna (4,4%) və Hindistan (4,4%)  qərarlaşıb.

Daxil olan sifarişləri məhsullar üzrə təhlil etdikdə məlum olub ki, bu ilin noyabr ayında ən çox ixrac sifarişi xiyar, pomidor, soğan, yerkökü, fındıq, pambıq, pampıq yağı, bal, şərab, tütün, nar şirəsi, göbələk, nar, kartof, yun, çay, ipək xalça, konservləşdirilmiş tərəvəzlər, mühərrik yağı, kərə yağı, tikinti materialları, mebel dəsti, metal məhsullar, şokoladlı yağ, zəfəran, meyvə şirəsi, xurma qurusu, kələm, feyxoa cemi, tibbi tənzif, mineral su və s. mallara daxil olub.

Ümumilikdə isə 2017-ci ilin yanvar ayından 2018-ci ilin 30 noyabr tarixinə kimi (23 ay ərzində) Azexport.az portalına dünyanın 111 ölkəsindən  daxil olan ixrac sifarişlərinin dəyəri 954 milyon ABŞ dolları təşkil edib.

“İxrac İcmalı”nın dekabr sayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin fəaliyyəti barədə də məlumat verilib. Qeyd edilib ki, bu ilin noyabr ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən fiziki və hüquqi şəxslərə bir pəncərə prinsipi əsasında ixracla bağlı tələb olunan sertifikatlar verilib. “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə dekabr ayında həyata keçirilən ixracın dəyəri isə 11 milyon ABŞ dolları olub (27 dekabr tarixinədək olan statistikaya əsasən).  Sertifikat verilən məhsullar Rusiya, Gürcüstan, Türkiyə, Qazaxıstan, Polşa, İran, Almaniya, Ukrayna, Səudiyyə Ərəbistanı, Yaponiya, İsrail, ABŞ, İspaniya, Çin, Avstraliya və Qətər daxil olmaqla dünyanın müxtəlif ölkələrinə ixrac olunub. Hazırda ölkənin qeyri-neft ixracının 10 faizinin sənədləşdirilməsi “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində həyata keçirilir.

İcmalın bu sayında “2019 İxraca dəstək” layihəsi təqdim olunması ilə bağlı məlumat da əksini tapıb.

Həmçinin “İxrac İcmalı”nın dekabr sayında Polşada “Azərbaycan Ticarət Evi”nin açılması,  ixracatçılara ixrac təşviqinin ödənilməsi və s. məsələlər barədə də məlumatlar verilib.

 “İxrac İcmalı”nın məqsədi sahibkarları ixracla bağlı maarifləndirməyə, yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmağa və beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirməyə xidmət edir.

  “İxrac İcmalı” ilə www.iqtisadiislahat.org saytının İcmallar bölümündə tanış olmaq mümkündür.