Narkomaniyaya qarşı mübarizə günün tələbidir

0
109

Mingəçevirdə “Narkomanlığın mahiyyəti, doğurduğu fəsadlar və onunla mübarizə” mövzusunda proflaktiki görüş keçirilib. Tədbiri giriş sözü ilə Mingəçevir  İcra Hakimiyyətinin nümayəndəsi Sahib Əliyev açaraq bildirib ki, müasir dünyamız üçün çox vacib bir məsələ üzrə tədbirin şəhərimizdə keçirilməsinə qərar verdiyi üçün Azərbaycan Respublikasının Baş  nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənova və işçi qurupuna minnətdarlığımızı bildiririk.

 Tədbirdə Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə şəhər  komissiyası üzvləri, ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, psixoloqlar iştirak ediblər. Tədbirdə narkomaniyanın acı fəsadlarından və mübarizə metodlarından bəhs olunub, video carxlar nümayiş olunub, bukletlər paylanılıb.

Dövlət  Komissiyasının işçi qrupunun böyük referentləri – Şahin İsmayılov və Raqif Allahverdiyev cəmiyyətin inkişafını ləngidən, insanların sağlamlığına və mənəviyyatına sarsıdıcı zərbə vuran narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi məqsədilə ölkəmizdə həyata keçirilən kompleks tədbirlərdən danışıblar. Bildirilib ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması, müalicə-bərpa sahəsindəki fəaliyyətin müasir dövrün tələblərinə uyğunlaşdırılması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi və sair məsələlər xüsusi diqqət mərkəzindədir.

Tədbirdə şəhər polis və təhsil şöbələrinin əməkdaşları çıxış edərək narkotik vasitələrin, psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə, narkotiklərin istifadəsinin qarşısının alınması ilə bağlı psixo-pedaqoji xidmətin gücləndirilməsi, tədris proqramlarına bilavasitə bu məsələ ilə əlaqədar yeni mövzuların daxil edilməsi, şagirdlərlə söhbətlər, görüşlər, rəsm, inşa müsabiqələrindən və sair tədbirlərin əhəmiyyətindən danışıblar.

Esmira Hidayətova, Mingəçevir