“Onların xeyir-duaları mənə bəs edir”

0
95

 “Hər kəsin həyatında bir yol göstərəni olur. Məni bu sənətə stomatoloq kimi fəaliyyət göstərən atam, Çernobl qəzasının iştirakçısı olmuş Abdulla kişi yönəldib. Yəni ona baxıb diş həkimi olmaq qərarına gəlmişəm. Sonralar diş həkimi işlədikcə  bu sənəti daha çox sevməyə başladım”. 

Bu sözləri bizimlə söhbətində Mingəçevirdə çalışan gənc stomatoloq Yasin Məmmədov söylədi. Müsahibimiz bildirdi ki, o, atasından yalnız bu peşənin sirlərini öyrənməklə kifayətlənməyib: “Atam mənə xeyirxahlıq dərsləri də keçib. Belə ki, o, həmişə imkansız ailələrə, o cümlədən şəhid ailələrinə pulsuz-parasız xidmət göstərirdi. Və bundan sanki pozitiv enerji alırdı. Mən də artıq 5 ildir ki, atamın tövsiyəsinə əsasən mənə müraciət etmiş imkansız insanların ağrıyan dişlərini çəkirəm. Gün ərzində onların sayı 3 nəfər də olur, 5 nəfər də… Sözün düzə, hər dəfə onlardan birinin işinə yaradıqda sanki yenidən doğuluram. Qazanca gəldikdə isə… Onların xeyir-dualarını ən böyük qazanc hesab edirəm. Elə onların xeyir-duaları da mənim işlərimi sahmana salır”.

O daha sonra bizə işi ilə bağlı bəzi məqamları açıqladı: “Mən deyərdim ki, diş həkimi daha çox səbrli olmalıdır. Bir dişlə bağlı problemi yüz ölçüb bir biçməlidir. Diş həkimin adi bir səhlənkarlığı həm onun özünü, həm də pasiyentini bədbəxt edə bilər. Bununla bağlı kifayət qədər faktlar da var. Digər tərəfdən, diş həkimi həm də psixoloq olmalıdır. Onu da deyim ki, bəziləri elə zənn edirlər ki, diş həkimi üçün güc önəmli amildır. Amma mənim aləmimdə daha çox texnologiyaya bel bağlamaq lazımdır”.

Onun sözlərinə görə, stomatologiya elə bir sahədir ki, burada istifadə olunan alətlərin sterilizə olunması çox vacibdir: “İşlətdiyim bütün alətlərə diqqətlə yanaşıram. Onların hər birinin günün tələbləri səviyyəsinə cavab verməsinə çalışıram.  Onu da deyim ki, bir həkim kimi hər an yeniliyə can atıram”.

Yasin Məmmədov həmçinin vurğuladı ki, işini sevən, ona məsuliyyətlə yanaşan hər bir sənət adamının kifayət qədər müştərisi olur: “Bu mənada mənim də pasiyentlərimin sayı çoxdur. Mən onların hər birinə həmişə hörmətlə yanaşıram”.

Esmira Hidayətova, Mingəçevir