Məşğulluq strategiyası: etibarlı sosial müdafiə

0
116

Vətəndaşların sosial müdafiələrinin təminatının müxtəlif formaları var – pensiya, sosial müavinət, müxtəlif güzəştlər, təqaüdlər və s. Ölkəmizdə əmək pensiyaları və sosial müavinətlər getdikcə artırılır, əlillərin, şəhid ailələrinin maddi rifahının yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər görülür.

Bir sözlə, “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır, xüsusilə sosial cəhətdən az təmin edilmiş vətəndaş” deyən ölkə başçısının göstərişi ilə bu istiqamətdə mütəmadi tədbirlər həyata keçirilir. Bu da insanların sosial rifahının yaxşılaşmasına imkan verir. Bütün bunlara baxmayaraq, belə kateqoriyalara daxil olan insanların məşğulluğu da gündəmdədir.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında əhalinin sosial müdafiəsinin və məşğulluğunun təmin edilməsinin əhəmiyyətini vurğulayaraq demişdir ki, bizim özünüməşğulluq proqramına böyük ümidlərimiz var: “Özünüməşğulluq proqramını icra etmək üçün indi kifayət qədər vəsait var. Hesab edirəm ki, hər il 6-7 min insan bu proqrama cəlb olunarsa, bir neçə ildən sonra heç sosial yardıma da ehtiyac qalmayacaq və insanlar öz halal zəhmətləri ilə pul qazanacaqlar, ailələrini saxlayacaqlar və ölkə iqtisadiyyatına töhfələrini verəcəklər”.

Dövlət başçımızın bu sözlərindən belə qənaətə gəlmək olar ki,  əhalinin sosial müdafiəsində məşğulluğun təmin edilməsi əsasdır. Yəni ən etibarlı sosial təminat iş qabiliyyəti olan vətəndaşın məşğulluğunun, yəni işlə təminatıdır. Çünki məşğul əhali özünün sosial problemlərini dövlətdən hər hansı bir güzəşt almadan təmin edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, qurumun Dövlət Məşğulluq Xidməti tərəfindən 2018-ci ilin 11 ayında ötən ilin müvafiq dövrünə nisbətən 9,1 faiz çox olmaqla 50211 işsiz və işaxtaran şəxs  işlə təmin edilib. Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, nazirlik tərəfindən icra olunan özünüməşğulluq proqramına isə cari ildə  ümumilikdə, 7737 nəfər: 1029 nəfər gənc, 1255 nəfər məcburi köçkün, 816 nəfər ünvanlı sosial yardım alan, 298 nəfər müharibə veteranı, 1309 qadın, 913 nəfər əlliliyi olan şəxs cəlb olunub. Bu göstərici də ötən illə müqayisədə 6.4 dəfə çoxdur. Onlardan  artıq 2,7 min nəfəri proqram çərçivəsində mal və materiallarla təmin olunaraq özlərinn kiçik ailə təsərrüfatlarını yaradıblar. Şübhəsiz, yaradılmış şərait onlara sosial yardım proqramından asılılıqlarını aradan qaldırmaqla yanaşı, öz təsərrüfatlarını genişləndirməyə, güzəranlarını daha da yaxşılaşdırmağa imkan verəcək. Yeri gəlmişkən, ümimi rəqəmə fikir verəndə görmək olur ki, əldə olunan göstərici cənab Prezidentin qoyduğu hədəfdən də yüksəkdir.

Burada bir məqama da toxunaq istərdik. Belə ki, hazırda qeyri-formal məşğulluğun səviyyəsinin aşağı salınması da gündəmdədir. Bu isə hər şeydən əvvəl bu şəkildə çalışanların gələcək sosial təminat hüquqları ilə bağlıdır. Belə ki, artıq ölkəmizdə pensiya təminatı sistemi dəyişdirilib. Yəni tam sığorta prinsiplərinə əsaslanan pensiya təminatı sistemi fəaliyyət göstərir. Bu isə o deməkdir ki, gələcək pensiya təminatı ödəniləcək sığorta haqqından asılı olacaq.

…Son 15 ildə həyata keçirilən tədbirlər əhalinin aztəminatlı təbəqəsinin ümumu əhali nisbətində xüsusi çəkisinin əhəmiyyətli şəkildə azalmasına, yoxsulluğun 49 faizdən 5 faizə düşməsinə imkan yaradıb. Bu müddətdə əhalinin sayının 1,5 milyon nəfər artmasına baxmayaraq, dövlət məşğulluq siyasətinin güclənməsi, yeni iş yerlərinin açılmasının davamlı xarakter alması nəticəsində işsizliyin statistikasında azalan temp saxlanılıb. Təkcə bu il  yalnız sahibkarlıq obyektlərində 22 min yeni iş yeri açılıb. Yeri gəlmişkən onu da qeyd edək ki, son 15 ildə ölkəmizdə 2 milyondan çox yeni iş yeri yaradılıb, bunun da 1 milyon 600 mini daimi iş yerləridir. Onların da əksəriyyəti özəl sektordadır. Regionların sosial-iqtisadi inkişafına yönəldilən Dövlət proqramlarının icrası sayəsində bölgələrdə açılan iş yerlərinin sayı da xeyli artıb. Belə ki, yeni iş yerlərinin 70 faizdən çoxu bölgələrin payına düşür. Hazırda ölkəmiz  Avropa və MDB məkanında ən aşağı işsizlik göstəricisinin olduğu ölkələr sırasındadır.

Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” ölkəmizdə məşğulluq siyasətinin bundan sonrakı əsas hədəflərini də müəyyən edib. Belə ki, strategiyanın əsas məqsədi məşğulluq siyasətinin ekstensiv mərhələdən intensiv mərhələyə keçirilməsini təmin etməkdən, əhalinin məşğulluq səviyyəsini artırmaqdan ibarətdir. Bu strategiya həm də məşğulluqyönümlü iqtisadi inkişaf siyasətinin həyata keçirilməsini, mikro, kiçik və orta sahibkarlığı dəstəkləməyi nəzərdə tutur.

Bu ayın əvvəlində dövlətimizin başçısı İlham Əliyev Rusiyanın “Rossiya 24” televiziya kanalına müsahibə verərkən demişdir: “Biz daim çalışmalıyıq ki, iş yerlərinin yaradılması iqtisadi inkişafın səviyyəsinə uyğun olsun. Azərbaycanda demoqrafik artımı nəzərə almaqla çalışmalıyıq ki, dünyaya yeni gələn hər bir Azərbaycan vətəndaşı 20-30 ildən sonra işlə təmin edilmiş olsun”.

Qvami Məhəbbətoğlu, “İki sahil”