Qubada Ramiz Qusarçaylının 60 illiyi qeyd olunub

0
220

Dekabrın 21-i Qubada şair, publisist, Azərbaycan Yazıçılar Birliyi (AYB) Quba bölməsinin sədri, Azərbaycan bayrağı haqqında ən çox sevilən şeirlərdən birinin müəllifi Ramiz Qusarçaylının 60 illik yubileyi qeyd olunub. ABəşir Səfəroğlu adına Quba Rayon Mədəniyyət Mərkəzində təşkil olunan yubiley tədbirində Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, şair, publisist, AYB-nin üzvü Əjdər Ol, Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev və başqaları yubilyarı təbrik edib, Ramiz Qusarçaylı poeziyası haqqında ürək sözlərini söyləyiblər.

Bildirilib ki, Ramiz Qusarçaylı 1958-ci ilin dekabrın 25-də Qubanın Çartəpə kəndində anadan olub. Uşaqlıq illərindən yaradıcılığa başlayan R.Qusarçaylının “Bağban” adlı ilk şeiri 1975-ci ildə “Azərbaycan gəncləri” qəzetində dərc edilib. 17 yaşında ikən Xalq şairi Osman Sarıvəlli ona “Qusarçaylı” təxəllüsünü verərək, mətbuat səhifələrində yaradıcılığı barədə məqalə ilə çıxış edib. 1993-cü ildə bölgə yazarlarını özündə birləşdirən “Ay işığı” adlı ədəbi məclis yaradan şair, sonradan həmin məclisin bazasında təsis edilən AYB-nin Quba bölməsinin sədri seçilib.

Ramiz Qusarçaylı “Çörəyim daşdan çıxır”, “Ömür qapıları”, “Bir çiçək axşamı”, “Nə özəldi yolun, Allah”, “Almalı kitab” adlı şeirlər, “Göyəm ağacı” adlı tərcümə kitablarının, “Quba” adlı fotoalbomun, “Ay işığı” adlı beş almanaxın, onlarla elmi, bədii və publisistik məqalənin müəllifidir. Şeirləri ingilis, rus, Ukrayna, fars dillərinə tərcümə edilib, kitabları Rusiya, Ukrayna, İran və Türkiyədə nəşr olunub. 2009-cu ildə Prezident təqaüdünə layiq görülüb.

Qeyd olunub ki, tanınmış şairin ədəbi külliyyatında Vətənimizi tərənnüm edən, xalqımızın dünənini və bu gününü əks etdirən şeirlər xüsusi yer tutur. Şair təkcə ədəbi fəaliyyətlə məşğul olmur. O, həm də AYB-nin Quba bölməsinin sədri kimi ədəbiyyatımıza neçə-neçə gənc şair və yazıçıların gəlməsində, eləcə də şimal bölgəsində ədəbi mühitin inkişafında yaxından iştirak edir.

Sonra R.Qusarçaylı icra hakimiyyətinin fəxri fərmanı ilə təltif olunub.

Tədbirdə şairin şeirləri bədii qiraət olunub, əsərlərinə bəstələnmiş mahnılar ifa edilib.

Yubilyar ona göstərilən diqqət və qayğıya, yubiley tədbirinin yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirib.