Mingəçevir Turizm Kollecində Dil Günü keçirilib

0
29

Xarici dillərin  qabaqcıl metodlarla tədrisni  və daha səmərəli mənimsənilməsini daim diqqət mərkəzində saxlayan Mingəçevir Turizm Kollecinin kollektivi vaxtaşırı  dil vərdişlərinin inkişafına xidmət edən tədbirlər və təlimlər həyata  keçirir. Bu gün həmin qəbildən olan Dil Günü tədbiri  maraqlı anları ilə yadda qalıb. Qeyd edək ki, tədbir 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramına hazırlıq çərçivəsində nəzərdə tutulmuş silsilə tədbirlərdən biri kimi gerçəkləşdirilib.

Tədbir ingilis, fransız və rus dillərinin tədrisinə həsr olunub. İngilis,fransız və rus dili müəllimləri  Fəxriyə Məbudova, Günay İbrahimova və Jalə Məmmədovanın rəhbərliyi ilə hazırlanan bədii əyləncəli tədbir tələbələrin istedad və bacarığını nümayiş etdirməsi üçün gözəl fürsət olub. Onların ifasında   adları çəkilən hər üç dildə bir-birindən maraqlı və məzmunlu çıxışlar səslənib. Şerlər, pantonim və əyləncəli səhnəciklər tədbir iştirakçılarının alqışlarını qazanıb. Ustalıqla təqdim olunan “İspan” rəqsi  tədbirin ovqatını daha da artırıb.

 Tədbirdə çıxış edən kollecin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov  çıxışlardan aldığı təəssüratları  iştirakçılarla paylaşıb:

“Bu gün  Azərbaycanda turizm sənayesi yüksək inkişaf tempinə malikdir. İlbəil  ölkəmizi ziyarət edən turistlərin sayında ciddi artım müşahidə olunur. Bu isə yeni tələblərin ortaya çıxması və  turizm sahələrində peşəkar kadrlara olan ehtiyacın böyüməsi anlamına gəlir. Biz təhsil müəssisəsi olaraq  yeni tələblərlə ayaqlaşa biləcək kadrların hazırlığı üçün bütün imkanlarımızdan istifadə edirik. Amma bilməlisiniz ki, nə qədər  təcrübəli mütəxəssis olsanız yenə, xarici dil vərdişlərinə yiyələnmədən gələcəkdə arzu etdiyiniz karyera yüksəlişinə nail ola bilməyəcəksiz. Nə qədər çox dil bilsəniz  sizə bir o qədər əlavə üstünlük gətirəcək. Amma ən azından xarici dillərdən birini mükəmməl öyrənsəniz karyera yolunuzda daim yaşıl işıq yanacaq. Xatirinizdədirsə, bir neçə ay öncə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri  cənab Fuad Nağıyev   kollecimizi ziyarət edib, pedaqoq və tələbələrlə apardığı söhhbətlər zamanı   tələbələrin xarici dil hazırlığının vacibliyini xüsusi vurğulamışdı.  Həm mütəxəssis  kimi hazırlıq səviyyənizin, həm də xarici dil bacarıqlarınızın qənaətbəxş olacağı  halda  sizlərin daimi işlə təmin olunmağınıza şəxsən yardım edəcəyini  söylədi.Demək ki, bu tövsiyyələri hər zaman rəhbər tutmalısınız. Biz də öz növbəmizdə bu kimi tədbirlərin  davamlı olaraq təşkil edilməsində maraqlı olduğumuzu nümayiş etdiririk. Hesab edirəm ki,  dilin tədrisi ilə yanaşı bu tip əyləncəli dil gecələri tələbələrin dil vərdişlərinin təkmilləşməsinə təkan verir. Bunun doğru olduğunu bügünki çıxışlarınızla bir daha sübut etdiniz.”

Esmira Hidayətova,Mingəçevir.