Başçı ağsaqqallarla birgə addımlar atacaq

0
189

Mingəçevir şəhərinə yeni təyin edilən icra başçısı İlham İsmayılov ilk olaraq şəhərin ağsaqqalları ilə görüş keçirib.
Başçı ağsaqqalları salamlayaraq vaxt ayırıb görüşə gəldikləri üçün onlara təşəkkürlərini çatdırıb: “Bu görüşü keçirməkdə əsas məqsədim Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasə sizin iştirakınızla şəhərin problemləri araşdırmaq və onların həlli istiqamətində addımlar atmaqdır. Bu günlərdə cənab Prezidentin qəbulunda olanda o dedi ki, mənim Mingəçevirə xüsusi diqqətim və qayğım var. Yeri gəlmişkən, möhtərəm Prezidentimizin salamlarını da sizə çatdırmaqdan qürur duyuram.

Qeyd edim ki, bu şəhər Ulu Öndərin də diqqət mərkəzində olub. Mingəçevir qurucuların, ziyalıların, energetiklərin şəhəridir. Bu şəhəri sizlər qurub yaratmısınız. Bu günə qədər şəhərdə quruculuq, abadlıq işləri geniş vüsət alıb. Bu gündən sonra da var qüvvəmlə çalışacağam ki, bu işləri daha da genişləndirək. Təbii ki, bu işlərdə sizin də dəstəyinizə ehtiyacımız olacaq”.

Daha sonra şəhərin ağsaqqalları söz alaraq yeni təyin olunmuş İlham İsmayılovu təbrik edib, öz xeyir-dualarını çatdırıblar. Bildiriblər ki, mingəçevirlilər hər zaman dövlətçiliyə xidmət edib və hər zaman Prezidentin yanında olublar. Bundan sonra da bu belə olacaq.

Görüşdə bir çox sahələrdə həlli vacib problemlər səsləndirilib. Təkliflər verilib, iradlar bildirilib. Bütün səsləndirilən fikirləri dinləyən icra başçısı tam əminliklə bildirib ki, bu şəhər bizim şəhərdir, inanıram ki, gələcəkdə də şəhərimizin inkişafı üçün hər birimiz əlimizdən gələni əsirgəməyəcəyik: “Bundan sonra da görüşlərimiz davam edəcək. Şəhərin ekoloji durumu bizim üçün ən ümdə məsələlərdəndir. Hər il Mingəçevirdə 10 mindən çox ağac əkilir. Təbii ki, bu ağaclar suvarılmalıdır. Bununla bağlı addımlar atılacaq və bu kimi digər məsələlər də mərhələli şəkildə həyata keçiriləcək”.
Görüş qarşılıqlı diskusiya şəkilində davam edib.

Esmira Hidayətova, Mingəçevir