Londonda kral sarayının ərazisində Qarabağ atı

0
36

Bu həftə Böyük Britaniyanın atçılıq yönümlü informasiya məkanının əsas qəhrəmanları növbəti dəfə milli qürurumuz olan Azərbaycanın Qarabağ atları olmuşlar.

Dekabr ayının 19-dan start götürmüş “Olimpiya London Beynəlxalq Atçılıq Şousunda” Qarabağ atları üzərində möhtəşəm şounu intizarla gözləyən Britaniya at həvəskarları tərəfindən həmin gün “Hampton Court” Kral sarayının ərazisindəki atçılıq mərkəzində tuncdan hazırlanmış “Alxan” ləqəbli Qarabağ atı heykəlinin qoyulması xəbəri böyük maraqla qarşılanmışdır. 

London mərkəzindən 19 km məsafədə yerləşən Hampton Court Kral sarayının inşasına 1515-ci ildə başlanılmış və Kral VIII Henrinin yaxın əyanlarından olan kardinal Tomas Volsi üçün tikilmişdir. Bu möhtəşəm imarət Böyük Britaniyanın qədim saraylarından biridır. Böyük Bri­taniyanın ən qədim Atçılıq mərkəzi məhz bu sarayın ərazisində yerləşir. 1528-ci ildə qurulan mər­kəz bu gün də Kraliçaya məxsus atların yetişdirilməsi, təlimlərinin keçirilməsi və saxlanması üçün fəaliyyət göstərir.

2012-ci ildən etibarən Azərbaycan Respublikası Atçılıq Federasiyası Böyük Britaniyanın ən məşhur atçılıq tədbirlərindən olan “Vindzor Atçılıq Şoularının” (Royal Vindsor Horse show)) iştirakçısı olmuşdur. Həmin il 3 Qarabağ atı və rəqs qrupu ilə çıxış edən heyət 1956-cı ildən sonra ilk dəfə sarayda qəbul edilən nümayəndə heyəti olmuşdur. 1956-cı ildə ilk dəfə “Zaman” ləqəbli Qarabağ atı Böyük Britaniya Kraliçası II Elizabetin doğum gününə hədiyyə edilmişdi. Gözəlliyi və hərəkətləri ilə hamını valeh edən Qarabağ atları son illər ərzində Kraliçanın doğum günü tədbirlərinin mütləqiştirakçısına çevrilmişdir.

Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Qarabağ atları 2016-cı ildə Kraliça II Elizabetin 90 illik yubiley tədbirlərində möhtəşəm şou proqramla çıxış edərək bir daha dünyanı heyran etmişdilər.

Azərbaycanın Qarabağ atlarının 10-13 may 2018-ci il tarixlərdə Kral Vindzor At Şousunun 75 illik yubileyinə və Britaniya Kraliçası II Elizabetin doğum gününə həsr olunmuş tədbirlərdə möhtəşəm şou proqramları böyük coşqu və heyrətlə qarşılanmışdı. Azərbaycan Respublikası Atçılıq Federasiyasının nümayəndə heyəti Böyük Britaniya taxt-tacının sahibi, Ülyahəzrət Kraliça II Elizabetin doğum gününə tunc­dan hazırlanmış “Alxan” ləqəbli Qarabağ atı heykəlini hədiyyə olaraq təqdim etmişdi.

19 dekabr 2018-ci il tarixdə həmin heykəlin Hampton Court Kral Sarayında açılışı olmuşdur. Açılış mərasimində Azərbaycan Respublikası Atçılıq Federasiyasının Prezidenti Elçin Quliyev, Kral Sarayının rəhbəri Lord Vestey, Kraliça atlarının rəhbəri Toby Browny, Vindsor At Şousunun direktoru Simon Brooks Ward, Vindsor At Şousunun Departament rəhbəri Sarah Rutherford Jones və digər rəsmi şəxslər iştirak etmişlər.

Lord Vestey açılış mərasimində çıxış edərək 2012-ci, 2016-cı və 2018-ci illərdə Vindsor Kral At Şousu tədbirlərinə böyük dəstəyinə görə Azərbaycana minnətdarlığını bildirmişdir. Eyni zamanda Kraliça II Elizabetin hədiyyəyə görə dərin təşəkkürünü çatdıraraq heykəlin yerinin Kraliça tərəfindən seçildiyini qeyd etmişdir.

Azərbaycan Respublikasının Atçılıq Federasiyasının Prezidenti Elçin Quliyev son illər ərzin­də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ali dəstəyi sayəsində Azərbaycanın Qarabağ atlarının dünya miqyasında şöhrətinin və nüfuzunun artmasını, Böyük Brita­niya ilə Azər­baycan Res­publikası arasında atçılıq sahəsində əmək­daşlığın dünya atçılığına ciddi töhfəsini verməsini, bu müna­sibətlərin ildən ilə daha da genişlənməsindən məmnunluğunu ifa­də etmiş­dir. 

21 dekabr tarixində Azərbaycan nümayəndə heyəti Olimpiya London Beynəlxalq At Şou­sunda möhtəşəm şou proqramla çıxış edəcəkdir. Azərbaycan Respublikası Atçılıq Fede­rasi­yasının hazırladığı bu proqram “Odlar yurdu Azərbaycan və Qarabağ Atı” adlanır. Bu həyə­canverici şou proqram Qarabağ atları üzərində möhtəşəm hərəkətlər göstərən Dövlət Sərhəd Xidmətinin Süvarilər dəstəsinin və rəqs ansamblının çıxışlarından ibarət olacaqdır.