“Komsomolçu qız”: “Mingəçevirin hər bir yerində izim var”

0
162

Bəşarət xanım Mabudova Mingəçevirdə anadan olub, bu şəhərdə boya-başa çatıb. Ona görə də Nur şəhərini çox sevir. Elə ali məktəbi  bitirib təyinatla da bura qayıdıb. ilk fəaliyyətinə şəhərin müxtəlif məktəblərində müəllimliklə başlayıb. Gənc, bacarıqlı kadr olduğuna görə, o,  şəhər komsomol komitəsinin katibi seçilib. O bu vəzifədə 5 il çalışıb. Bu müddətdə öz işgüzarlığı ilə seçilib: “O zaman məni öz adımla çağırmırdılar. Sadəcə, “Komsomolçu qız” deyə müraciət edirdilər. Elə bu gün də bəzi köhnə dost-tanış məni görəndə “Komsomolçu qız” deyir”.

Müsahibimiz həmin illərlə bağlı təəssüratlarını bu sözlərlə davam etdirdi: “Mingəçevir yeni qurulan şəhər idi. Mən də gənc bir qız idim. Gənc dedim, o illərin gəncləri yadıma düşdü. Vallah, o illərin gəncləri tam başqa idi. Yəni o zaman biz gənclər öz aktivliyimizlə seçilərdik. Hə, o illərdə şəhərin müxtəlif zavod və fabriklərində çalışan rusların da sayı çox idi. Biz onlarla mütəmadi əlaqə saxlamağa çalışardıq. Bu da bizə rus dilini də öyrənməyə vəsilə olurdu. İnandırım sizi, heç bir məktəbdə rus dilində təhsil almadan biz bu dili əməlli-başlı mənimsəmişdik. Bu dildə danışanda bəzilərinə elə gəlirdi ki,  biz hansısa məktəbin rus bölməsinin şagirdləriyik.

O illərdə mənim fikrimcə, cəmiyyətdə sanki başqa bir ab-hava vardı. Elə mehribançılıq, səmimilik vardı ki… Sanki hamı irəliyə doğru addımlamağa çalışırdı. Elə bil yarış gedirdı. Məsələn, ay ərzində mənim rəfiqəm 5 kitab oxusayanda mən mütlər 6 kitab mütaliə etməyə çalışırdım ki, ondan irəli olum. Amma indi kitab oxumaq sanki yadırğanıb. Düzdür, indi gənclər internetdən kitab oxumağa üstünlük verirlər. Amma mənim fikrimcə, internet heç zaman kitabı əvəz edə bilməz. Çünki əldə kitab oxumağın alayı üstünlükləri var”.

O, söhbətinin bir yerində bir məqama da toxundu: “İndi bəzi gənclərimiz bütün gününü sosial şəbəkələrdə keçirir. Sanki bu şəbəkələrə məhkum olunublar. Amma onlar başa düşməlidirlər ki, bunun da bir əndazəsi olmalıdır. Onu da deyim ki, mən belə şəbəkələrin əleyhinə deyiləm. Yetər ki, hər şey öz ölcüsündə olsun”.

Daha sonra bir partiya fəalı kimi də insanlarla ünsiyyətdə olduğunu vurğulayan Bəşarət xanım bildirdi ki, hər yaşın öz gözəlliyi, özəlliyi var, amma o, bu gün də özünü yaşlı hesab etmir: “Artıq 30 ilə yaxındır ki, işlədiyim 15 nömrəli uşaq bagçasında gənclərlə çalışıram. Yeri gələndə onlara lazımı məsləhətlərimi də verirəm. Həm bir ana kimi, həm təcrübəli bir şəxs kimi…”

Bəli, o, bir anadır, nənədir: “Bir xanım kimi yeməkləri həmişə özüm hazırlamağı xoşlamışam. Və bu işimdən zövq almışam. Bununla da daim iş başında olan xanım evdə iş görə bilməz fikrinin üstündən xətt çəkmişəm. Elə evin digər işlərini də özüm görməyə çalışmışam və ində də bu belədir. Övladlarım israr edirlər ki, gəl bizimlə yaşa. Amma mən bu işə qol qoymuram. Əvvəla, mən ev işlərini sevirəm, digər tərəfdən Mingəçevirə bağlı insanam. Yaşadığım doğma şəhərimi necə tərk edə bilərəm axı? Odur ki bu barədə əsla düşünmürəm də…Yeri gəlmişkən, mən o illərdə tək öz işimi, öz vəzifəmi yerinə yetirmirdim. Şəhər qadınlar, həm də gənclər cəmiyyətlərinin üzvü kimi də fəallıq göstərirdim. El bu kimi işlərimə görə, “İlin ziyalı qadını”, “İlin fədakar qadını”, “İlin nüfuzlu xanımı” kimi mükafatlara layiq görülmüşəm. Hətta o illərdə mənə Bakı şəhərində çox yüksək vəzifələr də təklif etmişdilər. Amma bu şəhərə bağlılığım məni buradan ayrılmağa qoymadı. Çünki bu şəhərdə mənim o qədər xatirələrim var ki… Mübaliğəsiz deyərdim ki, bir gənc komsomolçu qız kimi şəhərin hər bir yerində mənim bir izim var”.

Esmira Hidayətova, Mingəçevir.