Cəlbedici investisiya mühiti, xarici investorların artan fəallığı…

0
11

Ölkəmizin qazandığı iqtisadi uğurlarda xarici investorların kapital qoyuluşu önəmli rol oynayıb. Belə ki, son 15 ildə respublikamızın iqtisadiyyatına bütün mənbələrdən 250 milyard dollar dəyərində investisiya yatırılıb ki, bunun 118 milyard dolları, yəni 50 faizi xarici investisiyaların payına düşüb. Adambaşına düşən xarici investisiya həcminə görə regionda lider dövlət olan Azərbaycana ən çox investisiya yatıran xarici şirkətlərin əksəriyyəti dünyanın inkişaf etmiş 20 ən böyük ölkəsinə məxsusdur. Onların arasında İtaliya, Almaniya, Böyük Britaniya, ABŞ, Yaponiya, Rusiya Federasiyası, Türkiyə və digər ölkələr var. 

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 1995-2017-ci illərdə ölkə iqtisadiyyatına ümumilikdə 125.5 milyard dollar məbləğində xarici investisiya daxil olub ki, bunun da 96.1%-i (yaxud 120.6 milyard dolları) 2000-2017-ci illərə təsadüf edir. Həmin illərdə Azərbaycan iqtisadiyyatına yönəldilən  vəsaitin 85.9%-i neft sektorunda, 14.1%-i isə qeyri-neft sahələrində reallaşdırılıb. Şübhəsiz, bu, hər şeydən əvvəl dünyanın heç bir ölkəsinə müyəssər olmayan sürətli inkişaf yolu keçən müstəqil Azərbaycan dövlətinin gələcəyinə olan inamın göstəricisidir. Qeyd edək ki, müstəqilliyimizin ilk dövrlərində xarici investisiyaların neft-qaz sektoruna cəlb edilməsi Azərbaycan iqtisadiyyatının gələcək inkişafı üçün təməl rolunu oynayıb.

Son vaxtlar bölgədə investisiyaların mərkəzinə çevrilən ölkəmizə sərmayə qoyan xarici şirkətlərin sayı ilə yanaşı, onların coğrafiyası da getdikcə genişlənir. Üstəlik, xarici şirkətlər öz kapitallarını qeyri-neft sektoruna yönəldirlər. Yeni təşkil olunmuş sənaye parkları və məhəllələrində aqroparklar və texnoparklarda da  xarici sərmayələr üçün əlverişli biznes mühiti və infrastruktur imkanları yaradılıb. Onlar da bundan yararlanmağa çalışırlar. Məsələn, cari ilin noyabrın 16-da ölkə Prezidentinin iştirakı ilə fəaliyyətə başlamış İnşaat kimyəviləri zavodu beynəlxalq miqyaslı İsveçrə şirkətinin yerli təmsilçisi kimi Sumqayıt Kimya Sənaye Parkının 100 faiz xarici kapitallı rezidentidir. Bu müəssisənin investisiya dəyəri 3,5 milyon dollardır. Qeyd edək ki, hazırda qeyri-neft sektoruna birbaşa xarici sərmayələr üzrə ən böyük investorlar 26%-lik payla Türkiyə, 16%-lik payla Böyük Britaniya və 12%-lik payla ABŞ-dır.

Bu gün də xarici investisiyaların ölkəmizin qeyri-neft sektoruna cəlb edilməsi Azərbaycanın xarici iqtisadi siyasətinin mühüm tərkib hissəsidir. Bu sahədə kifayət qədər uğurlar da əldə olunub. Məsələn, 2018-ci ilin yanvar-oktyabr aylarında 1 milyard 351,1 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2017-ci ilin yanvar-oktyabr aylarına nisbətən faktiki qiymətlərlə 10,9 faiz, real ifadədə isə 1,7 faiz çoxdur.

Təbii ki, bütun bunlar Azərbaycanı dünya miqyasında müstəqil siyasət aparan ölkələrdən birinə cevirən dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir. Mütəxəssislərin fikrincə, xarici investorların Azərbaycanda fəallığı həm də ölkəmizədəki cəlbedici investisiya mühitinin mövcudluğundan, o cümlədən qanunvericiliyin beynəlxalq tələblərə uyğunlaşdırılmasından, ölkədə biznes sisteminin asanlaşdırılmasından, xarici iş adamlarına elektron rezident olmaq imkanı verilməsindən irəli gəlir. Başqa sözlə desək, biznes mühiti üzrə dünyada liderlər sırasında olan Azərbaycanın bir sıra  üstünlükləri xarici investorların diqqət mərkəzindədir. Xatırladaq ki, bu ilin dövlət büdcəsində əsas kapitala yönəldilən investisiyaların həcmi 15,9 milyard manat idi. Gələn il üçün isə bu məbləğin artaraq 17,9 milyard manat olması proqnozlaşdırılır. Bunun 58,1 faizi daxili investisiyaların, 41, 9 faizi xarici investisiyaların payına düşür.

Daha böyük uğurlar qazanmaq üçün bu siyasət davam etdirilir. Bakı-Tbilisi-Qars dəmir yolunun işə salınması, “Yeni əsrin müqaviləsi”nin imzalanması, “Cənub Qaz Dəhlizi”nin fəaliyyətə başlaması, respublikamızın nəqliyyat-logistika qovşağına çevrilməsi ilə ölkəmizə milyardlarla dollar həcmində yeni sərmayəlar yatırılacağı da gözlənilir.

Şübhəsiz, bu da iqtisadi inkişafımızın daha da artmasına imkan verəcək.

Qvami Məhəbbətoğlu, “İki sahil”