Azərbaycan ilə Türkiyə əməkdaşlığı genişləndirmək niyyətindədirlər

0
74

“İqtisadi əməkdaşlıq Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrinin ən mühüm istiqamətlərindən biridir. Ötən illər ərzində bu istiqamətdə müsbət dinamikanın şahidi oluruq. Birgə gerçəkləşdirilən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, eləcə də TANAP layihəsi uğurlu iqtisadi əməkdaşlığın parlaq nümunələridir”.

Bu sözləri “İki sahil” qəzetinə açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli söylədi. Bildirdi ki, hazırda rəsmi göstəricilərə görə, iki ölkə arasında qarşılıqlı investisiyalar 26 milyard dollardan çoxdur: “Bu vəsaitin 14,5 milyard dollarını ölkəmiz Türkiyə iqtisadiyyatına yatırıb. Qardaş Türkiyənin respublikamızın  iqtisadiyyatına qoyduğu investisiyaların həcmi isə 11,8 milyard dollar təşkil edib ki, bunun da 9 milyard dollardan çoxu, daha doğrusu, 9.1 milyard dollar neft sektorunun payına düşüb. Göründüyü kimi, türk iş adamlarının sərmayələri ölkəmizin qeyri-neft sektorunda azlıq təşkil edir”.

Ekspert vurğuladı ki, elə bu günlərdə Bakıda keçirilən Azərbaycan-Türkiyə kənd təsərrüfatı forumunda bu məsələ də gündəmə gətirildi: “Bildirildi ki, kənd təsərrüfatı sahəsində ən inkişaf etmiş dövlətlərdən biri sayılan Türkiyənin ərazisinin təxminən 35,5%-i əkin sahələridir, hər il 24 milyon hektar torpaq əkilir. Əsas ixrac bazarları Avropa Birliyi, ABŞ, Orta Şərq ölkələridir. Hər il kənd təsərrüfatı məhsullarının ümumi ixracatı 20 milyard dolları ötür. Belə bir ölkə Azərbaycanın qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişafına da daha böyük töhfələr vermək iqtidarındadır. Bununla Türkiyə aqrar potensialımızı inkişaf etdirmək baxımından bizim üçün ciddi istinad nöqtəsinə çevrilə bilər”.

Hazırda iki qardaş ölkə arasında kənd təsərrüfatı məhsullarının ümumi ticarət dövriyyəsinin 192 milyon dollar təşkil etdiyini bildirən ekspertin fikrincə, Türkiyə ilə kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsini genişləndirmək üçün böyük potensial var: “Amma fakt budur ki, real ticarət dövriyyəsi mövcud potensialdan çox aşağıdır. Halbuki özəl sektorun qarşılıqlı ticarətdə rolunu artırmaqla bu potensialdan tam istifadə etmək mümkündür. Qeyd edim ki, ölkəmizdə Türkiyənin işgüzar dairələri üçün qarşılıqlı maraq kəsb edən emal və istehsal imkanları var. Bu imkanlardan istifadə edərək birgə müəssisələr də yaratmaq mümkündür”.

Müsahibimiz bir maraqlı məqama da toxundu: “Türkiyənin qida sektorunda ən ciddi problemi idxalla bağlıdır. Belə ki, bu ölkə hər il təxminən 5 milyard dollarlıq qida və içki məhsulları idxal edir. Bu mənada xarici ixracatçılar üçün Türkiyə böyük bazardır. Zənnimcə, məhz bu amil iki ölkə arasında əməkdaşlığın yeni mərhələsi ola bilər. Yəni Türkiyə Azərbaycanda məhsul istehsalı həcmini artırarsa, idxalçı ölkə kimi də çıxış edə bilər. Digər tərəfdən, bizim məhsullarımız Türkiyədə ilkin və dərin emaldan keçirilərək qablaşdırılaraq dünya bazarlarına da çıxarılır. Bu mənada qardaş ölkələr arasında aqrar sahədə əməkdaşlığın geniş perspektivləri mövcuddur. Yeri gəlmişkən,  Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirlinin bildirdiyi kimi,  qardaş ölkə Azərbaycanın coğrafi mövqeyindən istifadə edərək Orta Asiya bazarlarına, Azərbaycan isə Türkiyə üzərindən Avropa və dünya bazarlarına qida məhsulları çıxara bilər. Onu da deyim ki, bununla o, həm də birgə aqrar siyasətin gələcək strateji hədəflərini də göstərib”.

Ekspertin fikrincə, Türkiyənin kənd təsərrüfatı sahəsindəki qabaqcıl təcrübəsini öyrənməklə də qeyri-neft sektorunda daha çox məhsul əldə etmək mümkündür. Belə ki, Azərbaycan Türkiyə ilə aqrar sığorta sisteminin tətbiq ilə bağlı təcrübə mübadiləsi aparmaqda, toxumçuluq, fındıqçılıq və pambıqçılıq, eləcə də texnologiyalar sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlıdır: “Qeyd edim ki, hazırda Türkiyə özünü pambıq toxumu ilə tam təmin edir, qardaş ölkə bu sahədəki təcrübəsini, eləcə də kənd təsərrüfatının inkişaf etmiş digər sahələrində tətbiq etdiyi üsulları, texnoloji yenilikləri Azərbaycanla bölüşməyə hazırdır. Hər iki ölkənin aqrar sahədə ixtisaslaşmış təhsil müəssisələrinin mütəxəssis mübadiləsi aparması da gündəmdədir. Şübhəsiz, irəli sürülən təkliflər yaxın günlərdə reallaşacaq. Bununla da Azərbaycanla Türkiyə arasında  iqtisadi münasibətlər daha genişlənəcək və ölkəmizin qeyri-neft sektorunda Türkiyənin kifayət qədər payı olacaq”.

Qvami Məhəbbətoğlu, “İki sahil