Qeyri-neft sektoru: uğurlar davam edəcək

0
77

Qeyri-neft sektoru bu gün ölkəmizin iqtisadiyyatının əsas hissəsini təşkil edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-oktyabr aylarında qeyri-neft sektorunda istehsal əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz artıb. Eyni zamanda, sənayedə qeyri-dövlət sektorunun payı 82,8 faizə çatıb. Bu artım ölkəmizin ixrac strukturunun xüsusi çəkisinə də öz müsbət təsirini göstərib. Belə ki, 2018-ci ilin yanvar-oktyabr aylarında 1 milyard 351,1 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib. Bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 132 milyon dollar çoxdur. Yəni 11 faiz artım qeydə alınıb. Bu faktlar isə o deməkdir ki, qeyri-neft sektorunda həm məhsul istehsalı, həm də ixracı yüksək templə artır.

Şübhəsiz, bu prosesdə müasir tələblərə cavab verən yeni müəssisələrin – sənaye parklarının və məhəllələrinin, eləcə də aqroparkların sistemli şəkildə təşkili mühüm rol oynayıb. Bu bir faktdır ki, son iki ildə bu istiqamətdə mühüm işlər görülüb. Artıq Sumqayıt və Mingəçevir Sənaye parklarında, Neftçala və Masallı Sənaye məhəllələrində müəssisələr işə salınıb. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Məsələn, Hacıqabul Sənaye Məhəlləsində tikinti işlərinin cari ilin sonunadək başa çatdırılması nəzərdə tutulur. Təbii ki, bütün bunlar ölkəmizin istehsal potensialını daha da artıracaq.

Qeyd edək ki, yaxın iki ilədək ölkə iqtisadiyyatını qeyri-neft sektorunun inkişafı hesabına ÜDM-in həcminin iki dəfə artırılması nəzərdə tutulub. Bu, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da öz əksini tapıb. Nəzərdə tutulan hədəfə çatmaq üçün bu sahənin inkişafının dəstəklənməsi digər istiqamətlərdə də davam edir. Məsələn, gələn ilin dövlət büdcəsində qeyri-neft sektorunun sahələrindən biri sayılan aqrar sahəyə 835 milyon manat ayrılması nəzərdə tutulub.

Milli Məclisin deputatı Azər Badamov “İki sahil” qəzetinə açıqlamasında  bildirdi ki, ölkənin iri şəhərləri ilə yanaşı, regionlarda da daha çox kiçik, orta və iri qeyri-neft sənaye müəssisələri fəaliyyətə başlayıb: “Bunun sayəsində nəinki əvvəllər idxal etdiyimiz bir sıra məhsulların idxalı azalır, hətta ixracımız artır. Bölgələrdə belə müasir müəssisələrin yaradılması digər sahələrin inkişafına da rəvac verir. Məsələn, Mingəçevir Sənaye Parkında fəaliyyət göstərən 2 iri iplik fabrikində xammal kimi pambıqdan istifadə edilir. Həmin müəssisələr pambığı qonşu pambıqçılıq rayonlarından alır. Sənaye məhəllələrində də xammal kimi yerli xammaldan istifadə olunur. Bu həm də istehsalçılarla emalçılar arasında qarşılıqlı istehsal əməkdaşlığı da yaradır. Bu ilin sentyabr ayında Masallı Sənaye Məhəlləsinin birinci mərhələsinin açılış mərasimində iştirak edən ölkə başçısı İlham Əliyev demişdir ki, ümumiyyətlə, bölgələrdə sənaye məhəllələrinin yaradılması təşəbbüsü çox düzgün bir addımdır, həyat bunu göstərir”.

Milli Məclisin deputatı əlavə etdi ki, bu gün Prezident İlham Əliyevin tapşırığı ilə qeyri-neft sektorunun bütün sahələrinə böyük həcmdə investisiya qoyulur, mühüm zəruri infrastruktur layihələri həyata keçirilir: “Görülən işlər belə deməyə əsas verir ki, ölkəmiz növbəti illərdə qeyri-neft sektorunda daha böyük nailiyyətlərə imza atacaq. Əminliklə söyləyə bilərik ki, dövlət başçısının modern sənayeləşmə istiqamətində həyata keçirdiyi layihələr uğurla reallaşacaq və ölkəmizdə fəaliyyətə başlayacaq yeni-yeni sənaye məhəllələri, sənaye parkları bu sahənin inkişafına mühüm töhfələr verəcək. Başqa sözlə desək, bölgələrdə də iri sənaye istehsalı zonalarının yaradılması nəticəsində Azərbaycan növbəti illərdə həm regional, həm də qlobal səviyyədə öz mövqelərini daha da möhkəmləndirəcək və dünyanın inkişaf etmiş ölkələri sırasında öz layiqli yerini tutacaq. Üstəlik, Azərbaycan qeyri-neft sektorunda adambaşına düşən istehsal həcminə görə lider dövlətlərdən birinə çevriləcək”.

Qvami Məhəbbətoğlu, “İki sahil”