Azərbaycana ən çox məhsul ixrac edən ölkələrin sıralamasında Türkiyə birinciliyi Rusiyanın “əlindən alıb”

0
479

Bu ilin ilk 8 ayı ərzində xarici ticarət əməliyyatlarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 9,2% azalıb. Ötən ilin yanvar-avqust aylarında 23,1 milyard dollar dəyərində ticarət əməliyyatı həyata keçirildiyi halda, bu ilin eyni dövründə bu rəqəm 20,9 milyard dollara bərabər olub. Eyni zamanda son bir il ərzində həm idxal, həm də ixracın həcmi azalıb. Belə ki, 2013-ci ilin ilk 8 ayına nisbətən bu ilin yanvar-avqust aylarında idxalın həcmi 21,3% azalaraq 5,6 milyard dollara, ixracın həcmi isə 3,8% azalaraq 15,3 milyard dollara düşüb.

Əvvəlki illərdə olduğu kimi bu ilin ilk 8 ayı ərzində xarici ticarət sahəsində ən çox xam neft, neft məhsulları və təbii qaz ixrac olunub. 2014-cu ilin yanvar-avqust ayları ərzində xarici ölkələrə 14,3 milyard dollar dəyərində xam neft, neft məhsulları və təbii qaz satılıb ki, bu da ümumi ixracın 92,6%-ni təşkil edib. Dövlət Gömrük Komitəsinin açıqladığı statistik məlumatlara istinadən apardığımız hesablamalar göstərir ki, neft, qaz və neft məhsullarının ümumi ixracdakı payı 2008-ci ilin yanvar-noyabr aylarında ən yüksək həddə – 97,2%-ə çatıb. Növbəti ildə bu nisbət azalaraq 92,4%-ə düşüb, 2010-cu ildə yenidən yüksələrək 94,3%-ə, 2011-ci ildə də dəyişməyərək 94,3%-ə barəbər olub. 2012-ci ildə bu göstərici 93,3%, ötən il isə 92,6% təşkil edib. Məlumat üçün bildirək ki, 8 ay ərzində xarici ölkələrə 13,1 milyard dollar dəyərində xam neft (Gömrük Bəyannaməsi üzrə rəsmiləşdirilən), 867 milyon dollar dəyərində neft məhsulları, 225,2 milyon dollar dəyərində təbii qaz ixrac olunub. Onu da bildirək ki, ötən ilin eyni dövrü ilə müqayisədə xam neftin ixracı 3,8%, neft məhsullarının ixracı 2,2%, təbii qazın ixracı isə 2,3 dəfə azalıb.

Neft, qaz və neft məhsullarından başqa cari ilin 8 ayı ərzində xarici ölkələrə ən çox şəkər (156,4 milyon dollar) və meyvə-tərəvəz (147 milyon dollar) satılıb. Son bir il ərzində meyvə-tərəvəzin ixracı 37,2% artıb, şəkərin ixracı isə 4,1% azalıb. Bunlardan başqa ixrac edilən məhsullar arasında bitki və heyvan mənşəli yağlar da (142,9 milyon dollar) üstünlük təşkil edib.

 

Avtomobil idxalı 2 dəfəyə yaxın azalıb

Hər il olduğu kimi cari ilin ilk 8 ayı ərzində də xarici dövlətlərdən ölkəmizə ən çox maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri gətirilib. Satın aldığımız bu məhsulların ümumi dəyəri isə 1,67 milyard dollar təşkil edib. Bu, ümumi idxalın 29,7%-nə bərabərdir. Eyni zamanda ilk 8 ay ərzində 522,4 milyon dollar (ümumi idxalın 9,3%-i) dəyərində nəqliyyat vasitələri və onların hissələri idxal edilib. Qeyd edək ki, nəqliyyat vasitələrinin idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfəyə yaxın azalıb.

Belə ki, ötən ilin yanvar-avqust aylarında ölkəyə 1 milyard dollar dəyərində 67 min 226 ədəd avtomobil gətirildiyi halda bu ilin ilk 8 ayında xaricdən 522 milyon dolar dəyərində 43 min 276 ədəd avtomobil gətirilib. Bunlardan 214-ü sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş nəqliyyat vasitələri, 39 min 198-i əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 3575-i yük avtomobilləri, 289-u xüsusi təyinatlı avtomobillər olub.

Bunlardan başqa 2014-cü ilin yanvar-avqust aylarında ölkəyə 636,7 milyon dollar dəyərində ərzaq məhsulları gətirilib ki, bunun 161,2 milyon dolları buğdanın, 118,7 milyon dolları şəkərin, 59,7 milyon dolları isə yağların payına düşüb. Eyni zamanda əczaçılıq məhsulları da ən çox satın alınan məhsullar sırasında olub. Bu məhsulların ölkəmizə gətirilməsi üçün 159 milyon dollar ödənilib. 2014-cü ilin ilk 8 ayı ərzində ən çox artım kərə yağının idxalında qeydə alınıb. Ötən ilin analoji dövrü ilə müqayisədə idxal olunan kərə yağının dəyəri 50,1% artıb. Buğda və südün idxalı isə azalıb. Son bir ildə buğdanın idxalı 36,3%, südün idxalı isə 25,9% aşağı düşüb.

İxracda İtaliya, idxalda isə Türkiyə 1-ci olub

Hesabat dövrü ərzində ölkəmizdən hər zaman olduğu kimi bu dəfə də ən çox İtaliyaya məhsul ixrac olunub. Yanvar-avqust ayları ərzində bu ölkəyə 3,5 milyard dollar dəyərində məhsul (əsasən neft və neft məhsulları) ixrac edilib. Xaricə satılan məhsulların 23,2%-i İtaliyanın payına düşüb. Bundan başqa İndoneziyaya 1,76 milyard (ümumi ixracın 11,5%-i), Almaniyaya 1,22 milyard (7,9%), Fransaya isə 1,06 milyard dollar (6,9%) dəyərində məhsul satılıb. Ən çox məhsul satılan ölkələrin sıralamasında növbəti yerlərdə 909,9 milyon dollarla İsrail, 685,2 milyon dollarla Hindistan, 562,2 milyon dollarla Tailand, 447,5 milyon dollarla ABŞ və digər dövlətlər gəlir.

Cari ilin yanvar-avqust ayları ərzində ölkəmizə ən çox məhsul Türkiyədən gətirilib. Qardaş ölkədən alınan məhsulların dəyəri 799,4 milyard dollar təşkil edib və bu məhsulların ümumi idxaldakı payı 14,2%-ə bərabər olub. Məlumat üçün qeyd edək ki, 2012-ci il istisna olmaqla ötən illərin analoji dövrlərində Türkiyə idxalçı ölkələrin sıralamasında heç bir zaman ilk sırada olmayıb. Türkiyə 2006-cı ildə Azərbaycana məhsul idxal edən ölkələrin sıralamasında 4-cü, sonrakı illərdə isə Rusiyadan sonra 2-ci sırada yer alıb. Bu il ikinci dəfə Türkiyə Rusiyanın önünə keçərək ölkəmizə ən çox məhsul ixrac edən ölkə olub. Türkiyədən sonra ən çox Rusiya və Böyük Britaniyadan məhsul gətirilib. Bu ölkələrdən müvafiq olaraq 791,1 milyon (14,1%) və 443,9 milyon dollarlıq (7,9%) məhsul idxal edilib. Ən çox məhsul aldığımız ölkələrin sıralamasında isə növbəti yerləri Almaniya (422,7 milyon dollar), Çin (414,8 milyon dollar), ABŞ (404,3 milyon dollar) və digər dövlətlər tutur.

Allahverdi Cəfərov

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here