Bala bəy Tağıbəyov kim olub?

0
45

Bərdəyə bitişik Balabəyli kəndində bir sahə xəstəxana binası var. Bu binanın sahibi Bala bəy kim olub? Bununla bağlı jurnalist-etnoqraf, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin Baş redaktor müavini, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Ənvər Çingizoğluna müraciət etdik. O dedi:

– Nəcibliyi, insanpərvərliyi ilə tanınmış bəylərimizdən biri də Bala bəy Tağıbəyov olub. Bala bəy Qəhrəman bəy oğlu 1887-ci ildə Cavanşir qəzasının Saatlı оbasında anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Şuşa Real məktəbini bitirmişdi. Dövlət idarələrində məmur işləmişdi.

          Bala bəy Tağıbəyov əsilli-nəcabətli, varlı-dövlətli, çox xeyirxah, elmə, təhsilə önəm verən geniş dünyagörüşlü bir şəxs olub. Onun Bakı, Tiflis və Peterburqdakı banklarda şəxsi hesabı vardı.

          Bala bəy Tağıbəyov Üzeyir bəy Hacıbəyovun Zaqafqaziya (Qori) Müəllimlər seminariyasına təqdim etdiyi  bəylik arayışını təsdiq edənlər arasında idi.

          Bala bəy Tağıbəyov Bərdə şəhərinə köçmüş, qırxotaqlı bir ev tikdirmişdi. 40 otaqlı evin xarici və daxili xüsusi zövqlə işlənib. Evin tikintisi zamanı işlədilən materiallar ölkəmizin bəzi rayonlarından və Gürcüstandan gətirilib. Evin kanalizasiya xətti xüsusilə diqqəti cəlb edir.

          Meşənin kənarında, yaşıllıqlar qoynunda, füsunkar bir ərazidə qırmızı kərpicdən inşa edilən bu malikanə elə tikilib ki, günəş şüası onu hər tərəfdən tutur. Yataq və qonaq otaqları, hamamı, aynabəndi, küləfirəngisi, qarşısında da çarhovuzu… Malikanənin giriş qapısı o qədər geniş və hündürdür ki, oradan atlı da başını əymədən rahatca keçə bilər.

          Binaya daxil olan kimi bir qapı sağa, digəri sola açılır. Düz getsən, daş pilləkənlərlə ikinci mərtəbəyə qalxacaqsan. Əldən-ələ keçən bu möhtəşəm bina öz  sahibinin adını zaman-zaman yaşadıb.

          Bala bəy Tağıbəyov Sovet dönəmində Tağızadə soyadını daşıyırdı.

          Həyətdəki hovuzun axar su xətti hələ də işlək vəziyyətdədir. Bala bəy Tağızadə Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra mülkünü dövlətə bağışlayıb.

          Bala bəy Tağızadə sağlığında var-dövlətindən, şəxsi nüfuzundan xalq üçün, millət üçün də istifadə edib. Lakin sovetin diktatura maşını ondan da yan keçməyib. XX əsrin 30-cu illərində bu xeyirxah insana yalnız “bəy” adını  daşıdığına görə 10 il iş kəsiblər. Qolçomaqlıqla ittiham edilən Bala bəy sürgün edilir. Özü sürgün edilsə də, nə yaxşı ki, malikanəsi gözdən yayınıb, dağıdılmayıb. İndi ondan xeyirxah bir məqsəd üçün istifadə olunur. Xeyli vaxtdır ki, bu sahə xəstəxanaya çevrilib. Balabəy kənd sahə xəstəxanası fəaliyyət göstərir.  Bir neçə kəndin əhalisi bu binada şəfa tapır.

          Bala bəy Tağızadənin tikdirdiyi bina yerli əhəmiyyətli memarlıq abidəsi kimi 9 saylı invertar kimi qeydiyyatdadır.

          Uzun illərin qadağalarına baxmayaraq xalqı keçməkeşli ömür sürmüş Bala bəy Tağızadə unutmur. Adı çəkiləndə hörmətlə rəhmət oxunur. Xalqının qəlbində ədəbi bir məşəl yandıran bu şəxs təkcə tikdiyi bina ilə deyil, etdiyi xeyirxahlıqlarla da yaddaşlarda qalıb…

Söhbətləşdi: Esmira Hidayətova