Tarix Ulu Öndərin nə qədər uzaqgörən siyasətçi olduğunu bir daha göstərdi

0
18

27 il əvvəl, 8 dekabr 1991-ci ildə SSRİ-nin dağılmasının labüdlüyünə əmin olan Rusiya, Ukrayna və Belarusun rəhbərləri – Boris Yeltsin, Leonid Kravçuk və Stanislav Şuşkeviç Belarusun Brest şəhəri yaxınlığındakı “Belovejskaya Puşşa” qoruğunun “Viskuli” hökumət iqamətgahında “Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında” bəyanat imzaladılar. Həmin sənədlə SSRİ-nin təşkilinə dair 1922-ci il 30 dekabr tarixli İttifaq müqaviləsinə xitam verildi. Bununla da Sovet İttifaqı yaranmasının 69-cu ildönümünə 3 həftə qalmış süqut etdi. Daha doğrusu, SSRİ-nin bir beynəlxalq hüquq subyekti kimi mövcudluğuna son qoyuldu.

Dekabrın 21-də Azərbaycan da daxil olmaqla keçmiş sovet respublikalarının rəhbərləri Almatıda toplaşaraq Müstəqil Dövlətlər Birliyinin (MDB) təsis olunması barədə qərar qəbul etdilər. Xalq Cəbhəsinin nümayəndələri Azərbaycanın keçmiş Sovetlər İttifaqı respublikalarının yaratdığı bu birliyə daxil olmasının əleyhdarı idilər. Bu fikirlərini də onunla əsaslandırırdılar ki, guya MDB-yə daxil olmaqla Azərbaycan əldə etdiyi müstəqilliyini  tamamilə itirəcək.

Azərbaycanın MDB-yə daxil olması parlamentin Prezident səlahiyyətlərinin ulu öndər Heydər Əliyevə verilməsi barədə qərarından sonra baş verdi. Belə ki, Azərbaycanın 21 dekabr 1991-ci il tarixli MDB-yə qoşulmaq haqqında qərarı 21 ay sonra – 1993-cü ilin sentyabrında ratifikasiya edildi və həmin vaxtdan ölkəmiz MDB-nin tamhüquqlu üzvünə çevrildi. Yeri gəlmişkən qeyd edək ki, Ümummilli Lider 10 oktyabr 1993-cü il tarixdə andiçmə mərasimində çıxış edərkən MDB ilə bağlı bu sözləri demişdir: “Biz əminik ki, Azərbaycanın MDB-yə daxil olması respublikanın iqtisadiyyatının inkişaf etməsi üçün yaxşı şərait yaradacaq və biz bu imkanlardan səmərəli istifadə etməliyik. Onu da qeyd etmək istəyirəm ki, Azərbaycanın MDB-yə daxil olmasını təhlükəli bir hal kimi qələmə verməyə çalışıblar. Bu, səhv fikirdir. Azərbaycan MDB-də öz müstəqilliyini qoruyacaq və MDB-də iştirak etmək Azərbaycanın müstəqilliyinə xələl gətirməyəcəkdir”. Azərbaycanın müstəqil bir dövlət kimi demokratik yolla gedəcəyini və  beynəlxalq demokratiya normalarına riayət edəcəyini vurğulayan Ulu Öndər, həmçının qeyd etmişdir ki,  ölkəmizdə kommunist rejimi bir daha bərpa olmayacaq və  bundan sonra heç vaxt bir dövlətin tabeliyinə düşməyəcək, öz müstəqilliyini daim qoruyacaqdır.

Politoloq Fikrət Sadıqov “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, tarix bu məsələdə də Ulu Öndərin nə qədər uzaqgörən bir siyasətçi olduğunu bir daha göstərdi: “Müstəqil daxili və xarici siaysət aparan Azərbaycan bu məkandan da yararlanaraq öz mövqeyini gücləndirməyə çalışdı və buna nail oldu. Bəli, bu gün “Cənub Qaz Dəhlizi”, TANAP, Bakı-Tbilisi- Qars, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı və s. qlobal layihələrə imza atmış, üçüncü peykimiz “Azerspace 2”ni orbitə buraxmış, yüksək beynəlxalq nüfuza malik, Azərbaycan həm  MDB-də, həm də beynəlxalq aləmdə öz sözünü deyir və dünyada gedən geosiyasi proseslərdə layiqli yerini tutur. Təkci bir faktı xatırladaq ki, son 15 ildə iqtisadi baxımdan Cənubi Qafqazın lider dövləti statusunu inamla daşıyan Azərbaycan qədər sürətlə inkişaf edən ikinci bir ölkə olmayıb. Ölkəmiz Davos Dünya İqtisadi Forumunun iqtisadiyyatların rəqabətqabiliyyətlilik hesabatına görə, dünya miqyasında 35-ci yerdədir. Yenə də Davos Forumunun inkişaf edən ölkələr arasında inklüziv inkişaf indeksi üzrə hesablamalarına görə, Azərbaycan 3-cü yerdədir. Ölkəmiz  infrastrukturun səviyyəsinə görə dünya miqyasında 26-cı yerdədir. Onu da deyim ki, respublikamızın belə uğurları kifayət qədərdir. Bütün bunlar müstəqil Azərbaycan dövlətinin ictimai-siyasi həyatında baş verən reallıqlardır. Tarixinin ən qüdrətli dövrünü yaşayan bir ölkənin uğurlarını şərtləndirən ən başlıca meyar isə Azərbaycanın həyata keçirdiyi tam müstəqil siyasətdir. Görünən odur ki, bu siyasət ölkəmizi uğurlu gələcəyə aparır. Şübhəsiz, bütün bunlar Dağlıq Qarabağ probleminin də həllinə yol açacaqdır”.

Qvami Məhəbbətoğlu, “İki sahil”