İran konservatoriyasının banisi bərdəli olub

0
77

Müsahibimiz jurnalist-etnoqraf, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin Baş redaktor müavini, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Ənvər Çingizoğludur. Ənvər Çingizoğlu Azərbaycanın xanlıqlar dövrü tarixi, diplomatiya tarixi və İran tarixinə dair 100-dən çox monoqrafiya, kitab, dərs vəsaiti, elmi, elmi-publisistik məqalənin müəllifidir.

-Ənvər müəllim, sizin qələminizdən çıxmış, cəmiyyətdə böyük rezonans doğurmuş xeyli tapıntılarınız var. Bəşəriyyətin qədim sivilizasiya mərkəzlərindən olan Qarabağa dair nə kimi yenilikləriniz var?

– İranda ilk ali musiqi təhsili ocağı olan Tehran konservatoriyasını əslənbərdəli olan bir musiqiçi – Əlinağı xan Vəziri yaradıb. Onun yaratdığı bu alimusiqi təhsil ocağı bir çox nailiyyətlər və qələbələr əldə edərək çətin yollarkeçmişdir. Konservatoriya İran milli musiqi mədəniyyətinin uğurlu inkişafınaköməklik göstərmiş və bu diyardan uzaqlarda da rəğbət və hörmət qazanmışdır.

Gəlin əvvəlcə Əlinağı xan Vəzirinin kimliyinə nəzər salaq. Onun ulu babası Mehrəli bəy Seyid  Məhəmməd  ağa oğlu Bərdənin Zümürxaç kəndindən olub. Savadlı, sayılan şəxslərdən imiş. Qarabağ hakimi İbrahimxəlil xan Cavanşir onu kiçik qızı Gövhərbəyim ağaya lələ təyin etmişdi. Əmisi Mirzə  Əliməhəmməd  ağa Sofuoğlu da xanın vəziri idi. Söz uzaq düşməsin, Lələ Mehrəli bəy 1822-ci ildə Mehdiqulu xanla bərabər İrana qaçır. Şahzadə Abbas mirzə ona xan ünvanı verib, mühacirlərdən ibarət atlı qoşuna sərkərdə təyin edir. Qərəz, Mehrəli bəyin Lütfəli bəy, Lütfəli bəyin isə Musa xan adlı oğlu vardı. Bizim qəhrəmanımız Musa xanın oğludur.  O, 1885-ci (bəzi sənədlərdə 1887) ildə Tehran şəhərində dünyaya göz açmışdı. Digər qardaşları kimi Hərbi məktəbdə oxumuşdu. İran ordusunda xidmət etmişdi. Sərhəng (polkovnik) rütbəsinədək yüksəlmişdi.

          Əlinağı xan Vəziri musiqişünas idi. Tarı gözəl ifa edirdi. Bəstəkar kimi  onlarla mahnı yaratmışdı.

          Əlinağı xan Vəziri ilk musiqi təhsilini əmisindən almışdı. Sonra Tehran darülfünunun müəllimi mayor Ağa xandan Avropa üslublu musiqini öyrənmişdi. O zamanın böyük ifaçılarından olan Mirzə Abdulla xan Fərahani (1843-1918) və Ağa Hüseynqulu (?-1913) ilə əməkdaşlıq etmişdi. Bəstələrini bu iki böyük musiqiçi ifa edirdi. 

           Əlinağı xan Vəziri İran Musiqi Akademiyasının və eləcə də İran Milli Orkestrinin təsisçisidir.

          O, 1918-ci ildə Samsamülmülk Bayatın yardımı ilə Avropaya, Fransaya yollanmış, musiqi dərslərində, məclislərində iştirak etmişdi. Sonra Berlinə yollanmış, dinləmələrini davam etdirmişdi.

          Dərin düşüncə və uzaqgörənliyi ilə seçilən Əlinağı xan Vəziri 1923-cü ildə İrana dönmüş, 1924-cü ildə Tehranda Musiqi klubu yaratmışdı. Burda klassik musiqi ilə yanaşı, Avropa musiqisi də ifa olunurdu. Onun yaradıcı ideyalarının və praktiki səylərinin nəticəsində kiçik bir dərnək böyük bir konservatoriyaya çevrildi.

          Əlinağı xan Vəziri təsis etdiyi İran Musiqi Akademiyasında dərs deyirdi. Həmin illərdə İranda qızlara musiqi dərslərində iştirak etməyə icazə verilmirdi. Əlinağı xan şaha qədər çıxıb, ikisinifli qız musiqi məktəbi yaratmağa nail olmuşdu. Qızı Bədri xanım bu məktəbdə həm balerina, həm də müəllim kimi çalışırdı.

          Əlinağı xan Vəziri 1928-ci ildə yaratdığı Tehran konservatoriyasının direktoru təyin edildi. 1934-cü ildə Rza şah Pəhləvinin əmri ilə onu işdən çıxardılar. Bir neçə ildən sonra isə Tehran universitetində mədəniyyət və estetika üzrə professor kimi işə götürdülər.

          Əlinağı xan Vəziri 1941-ci ildə Rza şah Pəhləvinin sürgünündən sonra, Tehran konservatoriyasına direktor kimi qayıtdı. İranın böyük musiqiçilərindən olan Ruhulla Xaliqi ilə əməkdaşlıq edərək, Tehran radiosu üçün bir orkestr yaratdı.

          Əlinağı xan Vəziri 1946-cı ildə yeni nazirlər kabinəsinin qurulması ilə bağlı işdən çıxarıldı.  Ömrünün sonuna kimi Tehran universitetində professor kimi çalışdı.

          Əlinağı xan Vəziri 9 sentyabr 1979-cu ildə vəfat edib.

          Əlinağı xan Vəzirinin Bədri xanım adlı qızı vardı.

          Bədri xanım Əlinağı xan qızı Vəziri də atası kimi musiqişünas olub. O, ali məktəbdə oxumaq üçün Avropaya yollanmışdı. İsveçrə və Belçikada ali musiqi və sənət təhsili almışdı.

          Atasının təşviqi ilə Bədri xanım Vəziri dörd yaşından musiqiyə əlaqə göstərmişdi. Tar çalmağı bacarmış, yaxşı rəqs etmişdi.

           Bədri xanım Vəziri bir çox Avropa dillərini bildiyindən tərcüməçiliklə də məşğul olmuşdu.

          Tehran konservatoriyasında bu gün də Əlinağı xan Vəzirinin ustadlıq ənənələri qorunub saxlanılır, təkmilləşir və milli musiqi kadrlarının yetişdirilməsində geniş istifadə olunur.

Söhbətləşdi: Esmira Hidayətova