Adı qəhrəmanlıq tarixinə əbədi həkk olunub

0
11

Xalqımızın qəhrəman oğlu, əfsanəvi partizan Mehdi Hüseynzadə Avropa müqavimət hərəkatında göstərdiyi igidliklərlə adını bəşər tarixinə qızıl hərflərlə yazdırıb. “Mixaylo” ləqəbi ilə tanınan Mehdi Hüseynzadənin adı Azərbaycanın qəhrəmanlıq tarixinə əbədi həkk olunub. Bu mübariz döyüşçünün həyat və döyüş yolu xalqımızın gənc nəsli üçün parlaq nümunədir. Gənc nəsil igid kəşfiyyatçının rəşadətini, ölümün gözünə dik baxmaq cəsarətini heç vaxt unutmayacaq.

Bu fikirlər dekabrın 7-də Azərbaycan Hərb Tarixi Muzeyində (AHTM) Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin anadan olmasının 100 illik yubileyinə həsr edilən tədbirdə səsləndirilib.

“Mehdi Hüseynzadə-100” adlı tədbirdə çıxış edən muzeyin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə xalqımızın igid və cəsur oğlu, əfsanəvi Mehdi Hüseynzadənin qısa və şərəfli ömür yolundan, onun uzaq Adriatik dənizinin sahillərində partizan qrupu ilə birlikdə apardığı kəşfiyyat-təxribat əməliyyatlarındakı uğurlarından söhbət açıb.

Bildirilib ki, 1918-ci il dekabrın 22-də Bakının Novxanı kəndində anadan olan Mehdi Hüseynzadə 1942-ci il avqustun 9-da cəbhəyə gedib. O, döyüşlərin birində əsir düşsə də, həbs düşərgəsindən qaçaraq partizan dəstəsinə qoşulub. M.Hüseynzadə Yuqoslaviya və İtaliya partizanlarının sırasında alman faşizminə qarşı fəal mübarizə aparıb, kəşfiyyat-təxribat qrupunun rəhbəri kimi çətin döyüş tapşırıqlarını uğurla yerinə yetirib. O, 1944-cü il noyabrın 2-də tapşırığı yerinə yetirib qayıdarkən Vitovli kəndində qarşılaşdığı düşmənlə qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olub. Onun nəşi yerli əhali tərəfindən dərin ehtiramla dəfn edilib. Qəhrəmanımız haqqında azərbaycanlı müəlliflərlə yanaşı, keçmiş SSRİ, Avropa ölkələrinin tarixçiləri, jurnalistləri də sanballı əsərlər yazıblar. İgid döyüşçünün qəhrəmanlığı “Uzaq sahillərdə” filmində ətraflı diqqətə çatdırılıb.

Digər çıxış edənlər bildiriblər ki, Azərbaycanın qəhrəmanlıq tarixində özünəməxsus yeri olan, hərbi şücaətlərinə görə ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən, Avropa müqavimət hərəkatının parlaq nümayəndəsi Mehdi Hüseynzadə döyüş yoluna 223-cü Azərbaycan milli diviziyasında başlayıb. O, faşistlərlə mübarizədə böyük rəşadət göstərib. Mehdi Hüseynzadə Azərbaycan xalqının nə qədər mərd və mübariz olduğunu bütün dünyaya sübut edib.

Tədbirdə qəhrəmanın bacısı oğlu Mehdi Əzizbəyov valideynlərinin qəhrəman döyüşçü ilə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.

Qeyd olunub ki, qeyri-adi istedada, yüksək əxlaqi və iradi keyfiyyətlərə malik həmyerlimizə ölümündən 13 il sonra – 1957-ci ildə Sovet İttifaqı Qəhrəmanı adı verilib. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1969-cu ildə Azərbaycan rəhbərliyinə gəlişindən sonra qəhrəman döyüşçünün xatirəsi əbədiləşdirilib, Bakıda abidəsi ucaldılıb.

Sonda Mehdi Hüseynzadəyə həsr edilən sənədli film nümayiş olunub. azərtac