Milli ideologiyamızın əsas elementləri “Kitabi-Dədə Qorqud”da formalaşıb

0
13

“Bu günlərdə Mavriki Respublikasının paytaxtı Port Luis şəhərində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin  13-cü sessiyasında qəbul olunmuş qərarla Azərbaycanın Türkiyə və Qazaxıstan ilə birgə təqdim etdiyi “Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” çoxmillətli mədəniyyət nümunəsi kimi bu qurumun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salınıb. Mən bunu çox böyük tarixi hadisə kimi dəyərləndirirəm”. Bu fikirləri “İki sahil” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, Azərbaycanda Atatürk Mərkəzinin müdiri, akademik Nizami Cəfərov söyləyib.

Akademik bildirib ki, Türk dünyasının möhtəşəm və əzəmətli tarixini yaşadan “Kitabi-Dədə Qorqud” eposu türk xalqlarının tarixi salnaməsi, həyat ensiklopediyasıdır: “Amma bu qiymətli abidə həm məzmununa, həm mövzusuna, həm coğrafiyasına, həm də dilinə görə türk xalqları arasında daha çox Azərbaycanı təmsil edir. Digər tərəfdən, milli ideologiyamızın tərkib hissəsi olan 3 elementin – türkçülüyün, müsəlmançılığın, müasirliyin bu eposda formalaşdığı aydın görünür.  Əsərdə həm də Azərbaycanda çoxlu sayda xalqların yaşadığı göstərilib.        Bütün bunlar da bugünkü günümüzlə vəhdət təşkil edir. Bu mənada  xalqımızın həyatını, məişətini, adət və ənənələrini, dövlətçiliyə, qanunların aliliyinə, ictimai ədalətin qorunmasına riayət və hörməti, həmçinin tolerantlığı  özündə əks etdirən “Kitabi-Dədə Qorqud” Azərbaycan xalqının şah əsəridir. Yeri gəlmişkən, ümummilli lider Heydər Əliyev “Kitabi-Dədə Qorqud”la əlaqədar keçirilən Dövlət Komissiyasının iclasında çox haqlı olaraq demişdir: “Kitabi-Dədə Qorqud” dastanı bütün Türk dünyasına məxsusdur, onun vətəni Azərbaycandır, sahibi Azərbaycan xalqıdır, müstəqil Azərbaycan dövlətidir”. Üstəlik, “Kitabi-Dədə Qorqud” dastanlarının 1300 illiyi haqqında 20 aprel 1997-ci ildə xüsusi Fərman da imzalamışdır. Ulu Öndərin siyasi kursunu və strateji xəttini ən yüksək səviyyədə həyata keçirən Prezident İlham Əliyev 2013-cü il dekabrın 13-də Nərimanov rayonunda Dədə Qorqud kompleksinin açılış mərasimində bu sözləri söyləmişdir: “Kitabi-Dədə Qorqud” Azərbaycan xalqının milli sərvətidir. Bu əsərdə Azərbaycan xalqının keçmiş həyat tərzi, məişəti, psixologiyası əks olunmuşdur… Bu dastan hər bir azərbaycanlı üçün əzizdir”. Burada görkəmli türk ədəbiyyatşünası Fuad Köprülünün bu sözlərini də xatırlamaq yerinə düşərdi: “Türk ədəbiyyatının bütün əsərləri tərəzinin bir gözünə, “Dədə Qorqud” o biri gözünə qoyulsa, yenə də “Dədə Qorqud” tərəfi ağır gələr”.

Milli Məclisin deputatı vurğulayıb ki, həmin tədbirdə riyakarlığı ana bətnində formalaşmış Ermənistan nümayəndəsinin “Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” adlı çoxmillətli mədəniyyət nümunəsinin Azərbaycana dair hissəsinə qarşı əsassız çıxış etməsi heç bir nəticə verməyib: “Belə ki, Ermənistan tərəfinin qeyri-konstruktiv və yersiz mövqeyinin yolverilməz olduğunu bir daha diqqətə çatdıran nümayəndə heyətimiz Azərbaycanın bu çoxmillətli nominasiyanın tərəfi kimi regional əməkdaşlığa və ortaq mirasa sahib ölkələrlə mədəniyyətin bölüşülməsi faktoruna önəm verdiyini və bununla da UNESCO-nun xoşməramlı prinsiplərinə sadiqliyini nümayiş etdirdiyini bildirib. Burada bir məsələni də diqqətinizə çatdırmaq istərdim; “Dədə Qorqud”da, ümumiyyətlə, ermənilərin coğrafiyası, həmçinin onlarla bağlı heç bir anlayış, məlumat yoxdur. Amma  yunanlar, Gürcüstan haqqında məlumatlar var”.

UNESCO-da əldə olunan bu tarixi zəfəri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın məqsədyönlü fəaliyyətinin nəticəsi kimi dəyərləndirən akademik N.Cəfərov əlavə edib ki, ümumiyyətlə, son illər məhz Mehriban xanım Əliyevanın məqsədyönlü fəaliyyəti sayəsində xalqımızın maddi və mənəvi sərvətlərinin beynəlxalq miqyasda tanıdılması və qorunmasının təmin edilməsi istiqamətində böyük uğurlar qazanılıb: “Belə ki, Mehriban xanım Əliyevanın dəstəyi ilə “Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” adlı çoxmillətli mədəniyyət nümunəsi ilə yanaşı, kamança hazırlanması və ifaçılıq sənəti, dolma, lavaş hazırlama və paylaşma ənənələri, Azərbaycan muğam ifaçılığı, Lahıc misgərlik sənəti, aşıq sənəti, Novruz bayramı, xalça sənəti, tar ifaçılığı, kəlağayı sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısında, həmçinin Qarabağın Çövkən ənənəvi atüstü oyunu və “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri”nin isə bu təşkilatın təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısında yer alır”.

Qvami Məhəbbətoğlu,“İki sahil