Münaqişənin adı düzgün qeyd edilməlidir

0
7

Milanda keçirilən ATƏT PA-nın Büro iclasında Parlament Assambleyasının prosedur qaydaları və iş praktikası üzrə alt komitəsinin sədri, ATƏT PA-nın vitse-prezidenti lord Piter Bounes məruzəsində ATƏT ərazisində uzanan münaqişələrin həllinin vacibliyi məsələsinə toxunub.

Bu önəmli məsələyə toxunduğuna görə Milli Məclisin deputatı, ATƏT PA-nın vitse–prezidenti Azay Quliyev lord Piter Bounesə təşəkkürünü bildirib, lakin Azərbaycanın ərazisində mövcud olan münaqişənin məruzədə “Dağlıq Qarabağ münaqişəsi” adlandırılmasına etirazını bildirib.

Azay Quliyev deyib: “Fikrimcə Ermənistan və Azərbaycan arasında münaqişənin adında əhəmiyyətli bir düzəliş etmək kifayət qədər zəruridir. İki ölkə arasında davam edən münaqişəyə nə siyasi, nə hüquqi, nə də coğrafi baxımdan Dağlıq Qarabağ münaqişəsi demək düzgün və anlaşılan deyil. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz bir hissəsidir. Ermənistan bu ərazini və Dağlıq Qarabağa heç bir aidiyyəti olmayan digər 7 ətraf rayonla birlikdə 25 ildir işğal altında saxlayır. Münaqişənin mahiyyətinə görə onu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi adlandırmaq daha doğrudur. Məhz elə bu səbəbdən münaqişənin sülh yolu ilə həlli üçün Ermənistan və Azərbaycan liderləri arasında uzun illərdir danışıqlar aparılır. Ona görə xahiş edərdim ki, bu səhv aradan qaldırılsın və ATƏT PA-nın bundan sonrakı sənədlərində münaqişə “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi” kimi qeyd edilsin. Bu düzəliş bir çox sui-istifadələrin və siyasi manipulyasiyaların qarşısını almaq üçün də çox önəmlidir”. azərtac