“Bu, Ermənistana elan edilməmiş müharibədir”

0
10

Ermənistan baş naziri Nikol Paşinyan “Facebook” sosial şəbəkəsindəki şəxsi səhifəsində özü ilə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanesyan arasındakı telefon danışığının yayılması məsələsinə reaksiya verib.

Ermənistan baş naziri hətta həmin səsyazmanın linkini özü səhifəsində yerləşdirib.

Paşinyan qeyri-qanuni dinləmənin hazırkı dövrdə yayılmasını keçmiş hakimiyyətin korrupsiyalaşmış sisteminin öz çarəsizliyini və ətrafındakı həlqənin daralmasını gördüyü üçün baş verdiyini bildirib.

O, bəhs olunan dinləmə hadisəsini Ermənistan dövlətçiliyinə elan edilmiş müharibə adlandırıb. “Kim bu müharibəni başladıbsa, ağır məğlubiyyətə düçar olacaq”, – deyə erməni baş nazir rəqiblərini hədələyib.

Paşinyanın sözlərinə görə, bu il sentyabrın 12-də o, parlamentdəki çıxışında zatən keçmiş prezident Robert Köçəryan və KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturov haqqında qaldırılmış cinayət işi ilə bağlı telefon danşıqlarının məzmununu açmışdı.

Ermənistan baş naziri dinləmənin tam doğru olmadığını və montajlandığını da iddia edib.

Paşinyan dinləmənin “ikinci hissəsi”nin yayılmasını “əks-inqilabın” növbəti təzahürü adlandırıb. O, keçmiş sistemin ermənilərdən oğurladığı bütün pulları geri qaytaracağına vəd edib. (musavat.com)