Nicat Nəsirli: Kartofa olan daxili tələbatı təkrar əkin hesabına tam təmin etmək mümkündür

0
21

Dekabr ayı olmasına baxmayaraq, Cəlilabadın əkin sahələrində təzə kartof yığılır. İqlim, torpaq amilləri imkan verir ki, ildə vahid sahədən aqrotexniki qaydaları qorumaq şərti ilə iki dəfə məhsul götürək. Ölkə üzrə əkin dövriyyəsində olan 1 milyon 800 hektarın böyük əksəriyyəti təkrar əkinlərə cəlb olunsa, təbii ki, məhsulların satış qiyməti ucuzlaşacaq, ixrac potensialı güclənəcək, idxal aradan qalxacaq.

Bunu azərtac-a açıqlamasında “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin şöbə müdiri, kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirli deyib.

Onun sözlərinə görə, təkrar əkinlərin qısa vegetasiyalı yem bitkiləri və idxaldan asılı olduğumuz dənli-paxlalı bitkilər üzrə aparılmasına daha çox ehtiyac var. Yem bitkiləri heyvandarlıq potensialını gücləndirə, dənli-paxlalı bitkilərin genişləndirilməsi isə hər il xaricə axan valyutanın qarşısını ala bilər. Ancaq təəssüf ki, təkrar əkin texnologiyası azsaylı təsərrüfatlarda tətbiq olunur.

“Kartof da bu məhsullar sırasındadır, avqust ayında yığımı tam başa çatır, payız-qış mövsümündə daxili tələbatı ödəmək üçün yaxın ölkələrdən böyük həcmdə kartof idxalı həyata keçirilir. Hansı ki, ölkəmizin hər il idxal etdiyi 160 min ton kartofu təkrar əkinləri genişləndirməklə öz torpağımızın hesabına təmin edə bilərik. Məsələn, Cəlilabadda iyul ayında kartof yığımı başa çatır, avqustda əkilən sahələr dekabr ayı ərzində yenidən məhsul verir”, – deyə Nicat Nəsirli bildirib.

“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin şöbə müdiri qeyd edib ki, arpa, buğda sahələri biçildikdən sonra sahələr boş saxlanılmamalı, bitki qalıqları aqreqat vasitəsilə xırdalanıb sahəyə səpilməlidir. Həmin ərazidə ikinci səpin kimi tezyetişən qarğıdalı, günəbaxan, soya və darı əkilə bilər.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin “Bitkiçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2015-ci il 15 aprel tarixli Sərəncamına əsasən istehsalçılara əkin sahəsinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə verilən yardımlar, habelə “Aqrolizinq” ASC və digər hüquqi və fiziki şəxslər tərəfindən mineral gübrələrin güzəştlə satılmasına görə ayrılan subsidiyalar təkrar (aralıq) əkinlərə də şamil edilib.