Azərbaycan-Almaniya: ticarət dövriyyəsi 80 faiz artıb

0
10

“Avropa İttifaqının əsas söz sahiblərindən biri olan Almaniya iqtisadiyyatının həcminə görə Avropada birincidir. 3 trilyon 684 milyard dollar nominal ümumi daxili məhsulu olan federativ respublikanın ixrac imkanları 1.4 trilyon dollar təşkil edir. Bu cür imkanlara malik olan dövlət Azərbaycanın da əsas ticarət tərəfdaşlarındandır. Belə ki, 2018-ci ilin 9 ayında ölkələrimiz arasında ticarət dövriyyəsi 80 faiz artıb və Azərbaycanın ticarət dövriyyəsində Almaniya 4-cü yerdədir. Halbuki 2018-ci ilin son 7 ayında Almaniya Azərbaycanın ümumi ticarət dövriyyəsində 4.99 faiz paya sahib olmaqla, ölkəmizin əsas ticarət tərəfdaşları arasında 5-ci yeri tuturdu. Elə bu faktın özü iki ölkə arasındakı ticari münasibətlərin aydan-aya artdığını göstəriri. Onu da qeyd edim ki, Almaniyanın Cənubi Qafqaz ölkələri ilə ticarətində Azərbaycanın payı 70%-dən çoxdur”.

Bu fikirləri “İki sahil” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib. Bildirib ki, ölkəmizdə 200-dən çox alman kapitallı şirkət qeydiyyatdan keçib: “Onların əksəriyyəti ölkəmizin qeyri-neft sektorunda çalışır. Belə ki, Almaniya  Azərbaycana 560 milyon ABŞ dolları həcmində sərmayə yatırıb ki, bunun 96%-i qeyri-neft sektorunun payına düşür. Bu isə o deməkdir ki, Almaniya da ölkəmizdə bu sahənin inkişafında maraqlıdır. Elə bu günlərdə, daha doğrusu, dekabrın 1-də  100-dən çox Azərbaycan və Almaniya şirkətinin iştirakı ilə Berlində təşkil edilmiş Birinci  Almaniya-Azərbaycan Biznes Dialoqunda da bu barədə ətraflı danışılıb və iki ölkənin işgüzar dairələri arasında əməkdaşlığın genişləndirilməsi, potensial tərəfdaşlarla ikitərəfli əlaqələrin qurulması və biznes imkanları ilə bağlı  fikir mübadiləsi aparılıb. İki ölkə arasında nəqliyyat, təhsil, əczaçılıq, kimya, maşınqayırma və s. sahələrdə də iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük imkanların mövcud olduğu birmənalı şəkildə qeyd olunub. Almaniya Bundestaqının deputatı Mark Hauptman, Almaniyanın Federal İqtisadi İşlər və Energetika Nazirliyinin dövlət katibi Tomas Baraysın da iştirak etdikləri həmin tədbirdə energetika sahəsi də diqqət mərkəzində olub. Səfər çərçivəsində iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov Azərbaycan-Almaniya Yüksək Səviyyəli İşçi Qrupunun həmsədri, Almaniyanın İqtisadi Məsələlər və Enerji Nazirliyinin Xarici iqtisadi siyasət üzrə baş direktoru Ekhard Franzla da görüşüb”.

Milli Məclisin deputatı vurğulayıb ki, Almaniya Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində ədalətli mövqe sərgiləyir: “Belə ki, Almaniya parlament səviyyəsində Dağlıq Qarabağ münaqişəsinə hüquqi-siyasi qiymət verən və Ermənistanın təcavüzkarlığını pisləyən Qərb ölkələrindən biridir. Yeri gəlmişkən, onu da qeyd edim ki, ötən ayın sonunda Berlində keçirilən sayca üçüncü Almaniya – Ukrayna İqtisadi Forumunda çıxış edən Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkel deyib ki, Almaniya postsovet məkanındakı münaqişələrə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinə göz yuma bilməz”.

Qvami Məhəbbətoğlu, “İki sahil