Bakının ekoloji vəziyyəti yaxşılaşdırılır

0
7

 

Neftlə çirklənmiş torpaqlar, kanalizasiya sistemlərinin vəziyyəti, bərk tullantıların idarə olunmaması, atmosferin bir sıra obyektlər tərəfindən korlanması Bakı və Abşeron ­yarımadasının əsas ekoloji problemlərindəndir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində də bunlar barədə ətraflı söz açmışdır.

Bakı və Abşeron yarımadasının ekoloji problemlərinin həlli istiqamətində mütəmadi işlər görülür. Məsələn, SOCAR Abşeron yarımadasında neftlə çirklənmiş torpaqların təmizlənməsi, həmçinin neftayırma zavodunda istehsalat prosesləri zamanı formalaşan tullantıların zərərsizləşdirilməsi istiqamətində bir neçə layihə həyata keçirib. Nəticədə, Xəzər dənizinə, eləcə də, ətraf mühitə atılan zərərli maddələrin miqdarının xeyli dərəcədə azaldılmasına nail olunub. Neft və neft məhsulları ilə çirklənmiş ərazilərdə ekoloji monitorinq tədqiqatlarının həyata keçirilməsi, həmin ərazilərin reabilitasiyası, istismar müddəti başa çatmış neft-mədən avadanlıqları və hidrotexniki qurğuların  istehsalatdan çıxarılması və digər işlərin davam etdirilməsi bu gün də gündəmdədir. Qeyd edək ki, hazırda Heydər Əliyev adına Neft Emalı Zavodunda moderinizasiyə və yenidənqurma işləri davam etdirilir. Elə bu da paytaxtın ekoloji mühitinin yaxşılaşdırılmasına xüsusi töhfə verəcək.

Prezident İlham Əliyevin tarixi layihə  adlandırdığı, dünyada ən mürəkkəb çirklənmiş göllərdən hesab olunan Böyükşor gölünün və ətraf ərazilərin ekoloji vəziyyətinin kompleks bərpası da davam etdirilir. Qeyd edək ki, Böyükşor gölünün kompleks bərpası layihəsinin birinci fazasında gölün 300 hektara yaxın hissəsi bərpa olunub və ətraf ərazi təmizlənərək abadlaşdırılıb. Təkcə bir faktı xatırladaq ki, gölün Olimpiya stadionu sahilində salınmış Böyükşor bulvarında 80 min ağac və kol bitkiləri əkilib. 20 Yanvar dairəsindən istifadə etmədən Xırdalan və Masazır qəsəbələrinə və Sumqayıt şəhərinə gedişi təmin edəcək Böyükşor gölü üzərində inşa edilən ümumi uzunluğu 2700 metr olan  yol isə bu il istifadəyə veriləcək. Burada İlham Əliyevin bu sözlərini xatırlatmaq yerinə düşərdi: “Abşeron ­yarımadasında neftlə çirklənmiş yerlər tam təmizlənəcək, həmin yerlərdə bağlar, yaşıllıqlar, göllər salınacaq”. Böyükşor gölünün kompleks bərpası layihəsinin 2-ci fazası üzrə isə 380 hektarlıq hissəsinin dibinin təmizlənməsi nəzərdə tutulub. Gölün 2020-ci ildə öz təbii tarixi məcrasına qaytarılacağı gözlənilir.

Bakının müasir şəhərsalma prinsipləri əsasında inkişafı kommunal xidmətlərin müasir standartlara cavab verən tərzdə qurulmasını tələb edir. Bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022-ci illər üçün Milli Strategiya”nın təsdiq edilməsi haqqında sərəncam da imzalayıb. Artıq bu sənədə uyğun tədbirlər də həyata keçirilməkdədir. Belə ki, Bakı Şəhər İcra hakimiyyətindən verilən məlumata görə, şəhərdə məişət tullantılarının daşınması ilə bağlı 2 xarici şirkət tərəfindən təkliflər hazırlanıb və onların təklifləri təsdiq olunduqdan sonra bu sahədə geniş islahatlara başlanacaq.

Yaşıllıq zolaqlarının genişləndirilməsi paytaxtın bütün rayonlarında, demək olar ki, yeni bir vüsət alıb. Rayon icra hakimiyyətlərinin, Yeni Azərbaycan Partiyasının rayon təşkilatlarının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, həmçinin IDEA İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən ağacəkmə aksiyalarında minlərlə şam, küknar, badam, zeytun və tut ağacı əkilib. Qeyd edək ki, dekabr ayının sonunadək ağacəkmə kampaniyası davam edəcək. Cənab Prezidentin bildirdiyi kimi, Bakı və Abşeron yarımadasında milyonlarla yeni ağac əkiləcəkdir.

Atmosferə tullantıların atılmasının qarşısının alınması məqsədilə də bir sıra işlər görülüb və bu öz nəticəsini verməkdədir. Belə ki, havanı çirkləndirən restoranlar və şadlıq evlərində təmizləyici qurğular quraşdırılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, indiyədək irad tutulmuş obyektlərin 90-ı artıq müasir standartlara cavab verən təmizləyici qurğularla təmin olunub. Yeri gəlmişkən, qeyd edək ki, artıq nazirlik məhkəmyə müraciət etmədən ekoloji tələblərin pozulması ilə əlaqədar müəssisələrdə, qurğu və obyektlərdə təsərrüfat və başqa fəaliyyətlərin dayandırılması və ya qadağan edilməsi barədə qərar qəbul edə biləcək. Bu, noyabrın 26-da Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” sənəddə dəyişiklik edilməsi haqqında fərmanında əksini tapıb.

…Şübhəsiz, bu istiqamətdə atılan hər bir addım ekoloji tarazlığın bərpasına, ətraf mühitin təhlükəsizliyinə, eləcə də insanların sağlamlığının qorunmasına xidmət edir. Xatırladaq ki, ölkə əhalisinin təqribən 40 faizi və sənaye potensialının 70 faizi Abşeron yarımadasında cəmləşib.

Qvami Məhəbbətoğlu, “İki sahil”