Qaçqın və məcburi köçkünlər üçün yeni yaşayış binaları tikilir

0
6

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma torpaqlarından didərgin düşmüş insanlar qəzalı vəziyyətdə olan binalarda, çadır şəhərciklərində, fin evlərində, yataqxanalarda ağır şəraitdə yaşayırdılar. Ancaq əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasət nəticəsində qısa zaman kəsiyində onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində böyük işlər görüldü. Yeri gəlmişkən, dövlətimizin başçısı 2003-cü il oktybarın 1-də Prezident seçkiləri ərəfəsində ilk görüşünü Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrdə keçirərkən ölkədə bir dənə də olsun çadır düşərgəsinin qalmayacağını bəyan etmişdi. O, bu vədinə də sadiq çıxdı. Belə ki, 2007-ci ildə məcburi köçkünlərin olduqca ağır şəraitdə yaşadıqları 12 çadır və 3 dəmir yolu üzərindəki yük vaqonlarından ibarət düşərgə, 2016-cı ildə isə fin tipli evlərdən ibarət 16 qəsəbədən sonuncusu ləğv olundu və orada müvəqqəti məskunlaşmış məcburi köçkün ailələr yeni salınmış müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış komplekslərinə köçürüldü. Hazırda belə komplekslərin sayı 100-dən çoxdur. Bununla da 265 min nəfər qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırıldı. 2017-ci il də 2300 ailə yeni evlərlə, mənzillərlə təmin olundular. Beləliklə, 12 mindən çox köçkünə yeni evlər, mənzillər verildi.

2018-ci ilə gəldikdə isə… Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında demişdir: “Doqquz ayda 2900 məcburi köçkün ailəsi ev və ya mənzillə təmin olunub. İlin sonuna qədər əlavə 2800 ailə evlərlə, mənzillərlə təmin ediləcək. Beləliklə, bu il 5700 ailə – təxminən 25 min insan evlərlə, mənzillərlə təmin olunacaq… Belə olan halda, ilin sonuna qədər evlərlə, mənzillərlə təmin edilmiş məcburi köçkünlərin sayı 300 minə çatacaq. Bundan sonra da, gələn il də bu məqsədlər üçün kifayət qədər vəsait nəzərdə tutulacaq”. Qeyd edək ki, bu il ilk dəfə olaraq özəl sektor məcburi köçkünlər üçün Qobu qəsəbəsində böyük şəhərcik saldı və mindən çox mənzil qaçqın və məcburi köçkünlərə verildi.

Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondundan verilən məlumata görə, artıq Abşeron rayonu ərazisində  məcburi köçkünlər üçün  tikilən sayca  ən böyük yaşayış məhəllələrindən  biri olacaq kompleksdə hər biri 7 mərtəbədən ibarət olan  24 ədəd binanın tikintisi artıq  başa çatıb və mənzillərdə tamamlama işlərinə başlanılıb. Kompleksə  Sumqayıt şəhəri ərazisindəki yataqxanalarda müvəqqəti məskunlaşmış 2900 məcburi köçkün ailəsindən 1000 ailənin birinci mərhələ çərçivəsində köçürülməsi planlaşdırılıb. Kompleks bu yaxınlarda onların ixtiyarına veriləcək. Kürdəxanı qəsəbəsi (Sabunçu rayonu) ərazisində 810, “Ümid” qəsəbəsində (Qaradağ rayonu) 2-ci mərhələdə isə 300 məcburi köçkün ailəsi üçün mənzillər inşa olunmaqdadır. Bundan başqa, Pirallahı rayonunda (Bakı) 300 məcburi köçkün ailəsi üçün bütün zəruri sosial-texniki infrastruktur obyektləri olan yeni yaşayış kompleksində 3 ədəd 9 mərtəbəli yaşayış binası inşa edilir.

Məcburi köçkünlərin məşğulluğunun təmin edilməsi də diqqətdə saxlanılıb. Nəticədə məcburi köçkünlər arasında yoxsulluq həddi son 15 ildə 75 faizdən 12 faizədək azalıb. Yeri gəlmişkən, qeyd edək ki, qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi xərcləri ilbəil artırılır. Maliyyə nazirinin müavini Azər Bayramovun mətbuata verdiyi açıqlamasına görə,  qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi, o cümlədən onların mənzil və məişət şəraitinin yaxşılaşdırılması üçün dövlət və icmal büdcədən, bütövlükdə 487 milyon manat nəzərdə tutulub. Bu, cari illə müqayisədə 49,5 faiz və ya 161 milyon manat çoxdur.

Bütün bunlar isə o deməkdir ki, Azərbaycan dövləti qaçqın və məcburi köçkün həyatı yaşayan vətəndaşlarına hərtərəfli qayğı və diqqət göstərir, onların problemlərinin həllini daim diqqət mərkəzində saxlayır. Odur ki, məcburi köçkünlər bu diqqətdən, bu qayğıdan həmişə razılıqla danışırlar. Ancaq onların ən böyük istəyi öz doğma yurd-yuvalarına qayıtmaqdır.

Qvami Məhəbbətoğlu, “İki sahil”