Ölkəmiz beynəlxalq sülh və təhlükəsizliyə öz töhfəsini verir

0
5

“Bu gün Azərbaycan öz ordusunun gücünü, hərbi qüdrətini yüksəltməklə yanaşı, başqa ölkələrdə keçirilən təlimlərə, eləcə də NATO ilə səmərəli əməkdaşlığa böyük önəm verir. Üstəlik, ordumuz sülhməramlı əməliyyatlarda da fəal iştirak edir”. Bu fikirləri ehtiyatda olan polkovnik Şair Ramaldanov ötən həftə Azərbaycanın Cənubi Sudana sülhməramlılar göndərməsi barədə Milli Məclisin qəbul etdiyi qərara münasibət bildirərkən deyib. O, “İki sahil” qəzetinə açıqlamasında bildirib ki, Azərbaycan Silahlı Qüvvələri Kosovoda və İraqda Beynəlxalq Sülhməramlı Ordu tərkibində sülhməramlı fəaliyyətlər göstəriblər: “Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri Əfqanıstandakı missiyada iştirakını davam etdirirlər. Yeri gəlmişkən qeyd edim ki, azərbaycanlı əsgər və zabitlərin beynəlxalq sülh və sabitliyin bərqərar olmasına verdiyi töhfələr müttəfiqlər və tərəfdaşlar tərəfindən yüksək qiymətləndirilir. Məsələn, bu günlərdə Alyansın baş katibi Yens Stoltenberq Azərbaycan-NATO əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluğunu ifadə edərək, Azərbaycanı bu qurumun etibarlı tərəfdaşı adlandırıb. O, Azərbaycan tərəfindən NATO-nun Əfqanıstanda “Qətiyyətli Dəstək” əməliyyatına, eləcə də əfqan ordusu üzrə Etimad Fonduna verilən töhfələrə görə təşəkkürünü də bildirib”.

Sülhməramlı əməliyyatlarda iştirak etməyin  Azərbaycanın müdafiə siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayan müsahibimiz bildirib ki, bununla da ölkəmiz beynəlxalq sülhün və təhlükəsizliyin bərqərar olunması prosesinə öz töhfəsini verir: “Yəni  respublikamız bir daha öz sülhsevər siyasətini, humanist mahiyyətini ortaya qoyur. Bu, həm də Azərbaycanın BMT-nin Nizamnaməsində qarşıya qoyulan məqsəd və vəzifələrə sadiqliyini göstərir”.

Ekspertin fikrincə, digər tərəfdən, bu, ordu quruculuğu prosesini təkmilləşdirməkdə, Azərbaycan Ordusunu modernləşdirməkdə və dünya standartlarına uyğunlaşdırmaqda da müəyyən rol oynayır: “Daha doğrusu, beynəlxalq sülhməramlı əməliyyatlarda iştirak etməklə Azərbaycan Ordusu özünün döyüş qabiliyyətini və kadr hazırlığını da gücləndirməyə nail olur. Unutmayaq ki, güclü ordunun inkişafının əsas xüsusiyyətlərindən biri də beynəlxalq əməkdaşlıq və qazanılmış təcrübədən qarşılıqlı istifadədir. NATO komandanlığı altında Türkiyə Silahlı Qüvvələrinin taborunun tərkibində xidmət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin dünyanın müxtəlif yerlərində sülhməramlı əməliyyatlarda iştirak etməsi, həm də ölkəmizin NATO miqyasında əhəmiyyətə malik olmasının bariz nümunəsidir. Odur ki, möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev belə əlaqələrə xüsusi dəyər verir”.

Qvami Məhəbbətoğlu, “İki sahil”