Terrorçu Jirayr Səfilyan Nikol Paşinyanın dövründə silahlı qiyam etməycəklərini söyləyib

0
8

Ermənistanın radikal “Sasna Tsrer” partiyası seçkiqabağı təbliğatını bu gün İrəvanda aparıb. Kampaniyaya partiyanın sədri Varujan Avetisyan rəhbərlik edir.

Partiyanın digər lideri, Qarabağ canisi Jirayr Səfilyan son 4 ildə Ermənistan vətəndaşlığı olmadığı üçün seçkidə iştirak etmək imkanından məhrumdur. Lakin o da digər tərəfdaşları ilə birlikdə kampaniyaya qatılır.

Səfilyan “Sasna tsrer”in bazar günü keçiriləcək seçkidə baryeri keçəcəyinə şübhə etmədiyini söyləyib. Bilindiyi kimi “Sasna tsrer” bu parlamentin də müvəqqəti olması fikrində israr edir. Buna Ermənistan baş naziri Nikol Paşinyan da sərt reaksiya göstərib.

Səfilyan hətta partiyasının parlamentə düşməsi halında belə eyni fikirdə qalacaqlarını bildirir: “Serjin devrilməsindən sonra köklü dəyişikliklərin həyata keçirilməsi üçün keçid dövrünə ehtiyac var. Buraya həm siyasi, həm də iqtisadi lüstrasiya (keçmiş iqtidarın izlərinin yox edilməsi nəzərdə tutulur-red.) həyata keçirilməsi, yeni Seçki Məcəlləsinin, yeni Konstitusiyanın, partiyalar haqqında qanunun qəbul edilməsi daxildir. Bütün bunlar son 7 ayda baş vermədiyi üçün keçid proqramı qüvvədə qalır”.

Səfilyan 2 ildən sonra yenidən seçkilərin keçrilməsi məsələsini iqtidarla danışqlar masasında müzakirə edəcəklərini bildirib.

O, Nikol Paşinyan iqtidarında silahlı qiyama qalxmaq ehtimalını istisna edib.

Buna baxmayaraq, radikal təşkilat xalqın üsyan hüququnun qanuniləşdirilməsini tələb edib. Onlara görə, üsyançılar qanun qarşısında hətta günahsız hesab olunmalıdır.

Ekspertlərin fikrincə, bu, “Sasna tsrer”in bundan sonra “silahlı qiyam” sevdasından əl çəkməyəcəyini göstərir. (musavat.com)