Direktor: “Tərəqqi” məni duyğulandırdı

0
12

Prezident İlham Əliyev Azərbaycan Respublikasının təhsil işçilərinin təhsilin inkişafında xidmətlərinə görə sərəncam imzalayıb.  “Tərəqqi” medalı ilə təltif olunanlar arasında Mingəçevir şəhər 4 saylı məktəbin direktoru Azər Qazıyev də var. Üstəlik, ona etimad edib Azərbaycan müəllimlərinin XV qurultayına nümayəndə seçiblər. Bu münasibətlə Azər Qazıyevin təəssüratlarını öyrəndik: “Bu il Azərbaycanda təhsildə keyfiyyət ili elan edilib. Bu mənada qurultay keyfiyyətin dəyərləndirilməsinə həsr olunmuşdu. Mənə gəlincə, bu hadisə mənim üçün ikiqat sevinc oldu. Qeyd edim ki, qurultaya Mingəçevir Şəhər Təhsil Şöbəsindən 14 nəfər nümayəndə qatılmışdı. Həmin nümayəndələrdən biri də mən idim. Həqiqətən, qurultay çox gözəl təşkil olunmuşdu. Təşkilatçılığa söz ola bilməzdi. Belə bir mötəbər qurultayda iştirakıma görə fəxarət hissi keçirdim. Şərəf duydum ki, mən də bu qurultayın nümayəndəsiyəm. Qurultayda Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Baş nazirin müavini Əli Əhmədov, Milli Məclis sədrinin müavini Bahar Muradova, dövlət və hökumət nümayəndələri, deputatlar, elm xadimləri və təhsil ictimaiyyətinin nümayəndələri iştirak edirdilər. Azərbaycan təhsilində son 5 ildə gorulən islərin hesabati dinlənilildi, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda müəyyənləşdirilmiş hədəflərə nail olunması istiqamətində əldə edilmiş uğurlardan danışıldı. Çıxış edən hər bir kəs öz xitabında vurğulayırdı ki, Azərbaycan təhsili daha da irəliləsin. Bildirim ki, qurultayda çox maraqlı nüanslar üzə çıxdı. Tədbirdə “Ümumi təhsil: bu günə və gələcəyə baxış. Ümumi təhsilin məzmunu”, “Ümumi təhsil: bu günə və gələcəyə baxış. Şagird nailiyyətlərinin qiymətləndirilməsi”, “Ümumi təhsil: bu günə və gələcəyə baxış. Müəllim və cəmiyyət”, “Ümumi təhsil: bu günə və gələcəyə baxış. Ümumi təhsilin idarə olunması”, “Peşəyönümü işinin təşkili və peşə təhsilinin təbliği”, “Ali təhsil: mövcud vəziyyət, perspektivlər”, “Təhsildə innovasiyalar” mövzularında panel müzakirələr aparıldı. Təhsilin məzmunu, şagird nailiyyətlərinin qiymətləndirilməsi, müəllim və cəmiyyət və s. panellər uzrə maraqlı və yeniliklərlə zəngin görüşlər keçirildi”.
“Qurultay təhsilimizin tərəqqisinə necə təsir göstərəcək?” sualımıza həmsöhbətimiz belə cavab verdi: “Əminliklə deyə bilərəm ki, XV qurultayın ölkəmizdə təhsil sisteminin inkişafına mühüm töhfələr verəcək. Bu həm də biz müəllimlərdə bir daha məsuliyyət hissini artıracaq. Düşünürəm ki, qurultayda əsas strateji istiqamətlər içərisində təhsilin məzmununun ön plana çəkilməsi və bu amilin digər istiqamətlər üçün sanki bir çıxış nöqtəsi kimi seçilməsi istər tarixi-mədəni ənənələr, istərsə də müasir yanaşmalar baxımından uğurlu addım kimi dəyərləndirilməlidir”.

“Tərəqqi” medalına layiq görülmək sadəcə gördüyün işə verilən yüksək qiymət deyil, eyni zamanda, işinə daha fərqli və daha məsuliyyətli yanaşmaqdır. Onu da deyim ki, təltif zamanı da çox qürurlandım. Birbaşa cənab nazirin “təltif olunur” deməsi daha böyük məsuliyyətdir. Mən orda dedim ki, cənab nazir, çalışacağam ki, vətənin, dövlətin, eləcə də sizin etimadınızı doğruldum. Mənim bu kiçik əməyimə, məktəbimizin kollektiv əməyinə belə təntənəli sürətdə böyük qiymətin verilməsi istər-istəməz böyük məsuliyyətdir. Dövlətimin qayğısını, arzularımın gerçəkləməsi istiqamətində mənə göstərilən dəstəyi gördüyüm zaman qürur və sözün əsl mənasında sevinc hissi duyuram. Bütün bunlar mənə böyük stimul verir. Möhtəşəm qurultaydan sonra biz müəllimlər bu etimadı doğrultmaq üçün var gücümüzlə çalışmalıyıq”,- deyə Azər Qazıyev vurğulayıb.
Esmira Hidayətova, Mingəçevir