Bərdənin bəlli dönəmini əks etdirən kitab yazılır.

0
64

Bu günlərdə Bərdə şəhərində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun iki əməkdaşı jurnalist–etnoqraf Ənvər Çingizoğlu və institutun doktorantı Seymur Aslanovla  görüşdük. Gəlişlərinin məramı, məqsədi ilə tanış olduq. Ənvər Çingizoğlu Bərdənin XVIII-XIX əsr tarixi ilə bağlı “İyirmidörd  mahalı” adlı kitab hazırlayır. Seymur Aslanov isə “Bərdə şəhər əhalisinin  məişət və mədəniyyəti  (XIX-XX əsrlərdə)” adlı dissertasiya yazır.

Əvvəlcə  Ənvər Çingizoğlunu söhbətə tuturuq. O, Qarabağın gerçək tarixinin və görkəmli şəxsiyyətlərinin həyatı və fəaliyyətinin yorulmaz tədqiqatçısıdır.

– Ənvər müəllim, xatırladaq ki, ölkəmizdə son illərdə turizm sahəsində əsaslı dönüş geniş vüsət alıb. Vətənimizə turistlərin axını başlayıb. Bərdənin əhəmiyyəti haqqında nə deyə bilərsiz?

– Son illərdə respublikamızda quruculuq siyasətinin uğurla davam etdirilməsi nəticəsində iqtisadiyyat, elm, təhsil və mədəniyyət sahələrində görülən cahanşümül nailiyyətlər fərəh doğurur, hamıda qürur hissinə səbəb olur. Kəndlərimiz, şəhərlərimiz inkişaf edir, yeni görkəm alır, gözəlliklər məkanına çevrilir. Hər yerdə quruculuq işləri, qurub-yaratmaq əzmi meydan alır. Yeni-yeni yollar salınır, ürək açan mənzərələr daha da gözəlləşir, qənirsizləşir. Mənəvi dünyamıza şam-çıraq tutan seyrəngahlar, mədrəsələr, məscidlər, ziyarətgahlar bərpa edilir, yenidən əsaslı şəkildə inşa edilir. Çoxsaylı yaraşıqlı məktəblər, mədəniyyət evləri, muzeylər açılır, xalqın istifadəsinə verilir, mənəvi zənginliyə çevrilir. Hamısı kök üstə köklənir, əsasa söykənir, müasirləşir, yeniləşir.

Müsahibimiz qeyd edir ki, təkcə Azərbaycanın deyil, bütövlükdə Yaxın Şərqin ən qədim yaşayış mərkəzlərindən olan Bərdə eramızdan əvvəl ikinci minillikdən başlamış son orta əsrlərə qədər geniş bir dövrü əhatə edən çoxlu maddi mədəniyyət abidələri ilə zəngindir: ”1322-ci ildə tikilmiş Bərdə türbəsi, VI əsrə aid köhnə şəhər divarlarının qalıqları, XVIII əsrə aid İbrahim məscidi, Tərtər çayı üzərində VII-IX əsrlərə aid iki körpü, XIV əsrə aid Axsadan baba türbəsi, Şirvanlı kəndində yerləşən XVIII-XIX əsrlərə aid hamam və digər abidələr Bərdənin qonaqlarında yüksək təəssüratlar yaradır. Biz Bərdədə zəngin çöl etnoqrafik materialları toplamışıq. Mənim qələmə aldığım yeni kitab Bərdənin bəlli bir dönəmini əks etdirir. İyirmidörd mahalının tarixi ilkin mənbələr və arxiv sənədləri əsasında oxuculara çatdırılacaq. Kitabda bu regionun real mənzərəsi canlandırılacaq. Xanlıq dövründə siyasi proseslərinin gedişatı əsasında Azərbaycan reallıqları da əksini tapacaq. Bu kitab Bərdə tarixi üzrə çoxsaylı, zəngin sənədlər əsasında yazılmış ciddi, sanballı və əhəmiyyətli əsərləri hasilə gətirməsinə səbəb olacaq.

 

 

Qeyd edim ki, elmi fəaliyyətimdə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ mövzusu, bu diyarın görkəmli yetirmələrinin fəaliyyətinin və xidmətlərinin öyrənilməsi xüsusi yer tutur. Yeni kitab da bu qəbildəndir”.

Sualımızı Seymur Aslanova ünvanlayırıq:

-Seymur müəllim, Bərdənin fərqliliyi, özəlliyi barədə fikirlərinizi bildirərdiniz…

-Bərdənin əlverişli iqlim şəraiti, zəngin fauna və florası, münasib yer quruluşu xalqımızın maddi mədəniyyətinin təşəkkül və inkişafı, çoxçeşidli və rəngarəngliyi üçün əsaslı zəmin yaratmışdır.

Bərdə qədimdən yüksək bacarıqlı sənətkarlar  diyarıdır. Ölkəmizdə tarixən 50-dən çox sənət növü mövcud olmuşdur. Dulusçuluq, daşişləmə, ağacyonma, şəbəkəçilik, toxuculuq, keçəçilik, xalçaçılıq, misgərlik, zərgərlik və başqa sənət növlərini əks etdirən  sahələr Bərdədə olmuşdur. Bu şəhərin mənəvi mədəniyyətinin zənginliyi bütün Şərqdə şöhrət tapmışdır.

Qeyd edim ki, Bərdə mətbəxi rəngarəng və çeşidli yeməklərlə fərqlənir. Bu yeməklərə gündəlik,  bayram  və mərasim  yeməkləri daxildir. Bərdə mətbəxinin şirniyyatı da çeşidlidir. Bura Qarabağ kətəsi, Bərdə nanı, Lənbəran qoğalı və s. aiddir. Bərdə mətbəxində kətənin xüsusi yeri var. Sizə Bərdədə hazırlanan köpməcə haqqında məlumat verim. Yağlılıq dərəcəsi yüksək olan südlə un qarışdırlıb həlim vəziyyətə gətirilir. Bu həlim yağ sürtülmüş isti sacın üstə qədərincə tökülür və yayılıb bərkiyəndə bir neçə yerindən deşiklənib ora yağ parçaları qoyulur. Sonra əks üzünə çevrilib götürülür. Sac yanında köpməcə yeyilməsi sırf bərdəlilərə xas olan bir xüsusiyyətdir.

Bərdədə bir sıra təamların nəinki hazırlanması, heç adı başqa bölgələrdə məlum deyil.

 

Söhbətləşdi: Esmira Hidayətova, Bərdə.