“KOB Dostu” Xaçmaz və Siyəzəndə

0
16

İqtisadiyyat Nazirliyinin tabeliyində olan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin “Kiçik və Orta Biznesin Dostu” (“KOB Dostu”) xidməti dekabrın 3-də Xaçmaz və Siyəzəndə sahibkarların istifadəsinə verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində fəaliyyət göstərəcək “KOB Dostu” kiçik və orta biznesin dostu konsepsiyasına uyğun olaraq, Xaçmaz və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlara çoxsaylı xidmətlər təklif edəcək, biznesin qurulmasına və genişləndirilməsinə müxtəlif mexanizmlər vasitəsilə dəstək olacaq.

İlk “KOB Dostu” bu ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə Masallı Sənaye Məhəlləsinin açılışı çərçivəsində Masallıda fəaliyyətə başlayıb.

“KOB Dostu”nun Xaçmazda fəaliyyətə başlaması ilə əlaqədar keçirilən tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov çıxış edərək sahibkarlığın, xüsusilə kiçik və orta biznesin inkişafının Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyasının mühüm istiqamətlərindən olduğunu vurğulayıb. Bildirilib ki, məhz bu məqsədlə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yaradılıb və “KOB Dostu” agentliyin önəmli dəstək mexanizmlərindəndir. “KOB Dostu” sahibkarlarla sıx işləyən və onlara hərtərəfli dəstək göstərən bir fəaliyyətdir. Artıq Masallıda yaradılan ilk “KOB Dostu” yerli sahibkarlarla sıx və səmərəli əməkdaşlıq edir.

Orxan Məmmədov Masallı, Xaçmaz və Siyəzən rayonları ilə yanaşı, ölkənin digər iri şəhər və rayonlarında “KOB Dostu” və Agentliyin digər dəstək mexanizmlərinin tətbiqi istiqamətində işlərin aparıldığını qeyd edib.

Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Samir Nemətov çıxışında növbəti “KOB Dostu”nun regionda sahibkarlığın, xüsusilə də kiçik və orta biznesin inkişafında əhəmiyyətini vurğulayıb.

Çıxışlardan sonra “KOB Dostu” ilə bağlı təqdimat keçirilib. Təqdimatda “KOB Dostu”nun fəaliyyət istiqamətləri və göstərəcəyi xidmətlər barədə ətraflı məlumat verilib, sahibkarların sualları cavablandırılıb.

Tədbir iştirakçıları “KOB Dostu” ofisi ilə tanış olublar. Bildirilib ki, burada “KOB Dostu”nun fəaliyyəti və sahibkarlara xidmətlərin göstərilməsi üçün lazımi şərait yaradılıb, mərkəz texniki avadanlıqlar, internet və digər kommunikasiya vasitələri, maarifləndirici vəsaitlərlə təmin olunub.

Sahibkarlar “KOB Dostu”nun Xaçmazda fəaliyyətə başlamasından məmnunluqlarını bildirib, burada göstərilən çoxsaylı xidmətlərin sahibkarların işini daha da asanlaşdıracağını, biznes fəaliyyətinin qurulmasında və inkişafında əhəmiyyətli olacağını qeyd ediblər. Həmçinin özəl bölmənin inkişafına göstərdiyi hərtərəfli dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Siyəzən və Şabran rayonları üzrə “KOB Dostu” isə Siyəzən Gənclər Evində fəaliyyətə başlayıb.

Bununla əlaqədar Siyəzən və Şabran rayon icra hakimiyyətlərinin nümayəndələrinin, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə görüş keçirilib.

Tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov “KOB Dostu”nun sahibkarlara göstərəcəyi xidmətlər barədə ətraflı məlumat verib. Bildirilib ki, “KOB Dostu”nun fəaliyyəti sahibkarlarla daha sıx əlaqələrin qurulmasına, yeni kiçik və orta biznes sahələrinin yaranmasına, kiçik və orta sahibkarlığın inkişafı vasitəsilə regionun potensialının reallaşdırılmasına yönələcək. “KOB Dostu” kiçik və orta biznesin hüquqlarının müdafiəsi istiqamətində də fəaliyyət göstərəcək.

Ümumilikdə 10 iqtisadi rayon üzrə 60 “KOB Dostu”nun yaradılacağını qeyd edən Orxan Məmmədov sahibkarları Agentliklə fəal əməkdaşlığa çağırıb.

Siyəzən Rayon İcra Hakimiyyəti başçısının müavini Zəfər Əliyev və Şabran Rayon İcra Hakimiyyəti başçısının müavini Natəvan Mustafayeva ”KOB Dostu”nun rayonda kiçik və orta sahibkarlığın inkişafında, sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni biznes sahələrinin yaranmasında önəmli olacağını qeyd ediblər.

Siyəzəndə yerləşən “KOB Dostu”nun fəaliyyəti ilə yaxından tanış olan sahibkarlar burada yaradılmış əlverişli şəraitdən məmnunluqlarını bildiriblər.