Alternativ yol nələr vəd edir?

0
4

Dəniz səviyyəsindən 2360 metr yüksəklikdə yerləşən qədim yaşayış məskəni Xınalıq kəndinə yol 2 istiqamətdəndir. Birincisi, Alpan-Susay istiqamətindəndir ki, vaxtilə xınalıqlılar ata-baba yurdlarına bu yolla gedib-gəliblər. El arasında “Həyat yolu” adlandırılan ikinci yol isə Qudyal çayının sağ sahili boyunca, sərt daş qayaların arası ilə uzanır. Prezident İlham Əliyevin təşəbbüsü ilə inşa edilmiş bu yeni yol, yəni 57 kilometrlik Quba-İspik-Xınalıq yolu 2006-cı ildə istifadəyə verilib. Bu yol Xınalığa, həmçinin həmin istiqamətdə yerləşən kəndlərə – Qımıl, Əlik, Cek, Qırız-Dəhnəyə yeni həyat bəxş edib. Belə ki, bu yaşayş məskənlərində, o cümlədən Xınalıqda yeni iş yerləri açılıb, yeni məktəblər tikilib, insanların həyat səviyyəsi yüksəlib.  Üstəlik, səma altında yerləşən muzeyi xatırladan və analoqu olmayan  Xınalığı ziyarət edənlərin sayı artıb. Yeri gəlmişkən qeyd edək ki, cari ilin oktyabr ayında İngiltərənin tanınmış “The Guardian” nəşri qeyri-adi macəra yaşamaq istəyənlər üçün Avropanın 10 ən yaxşı məntəqəsinin siyahısını dərc edib ki, onların arasında Xınalıq kəndinin də adı var.

…Lakin hazırda istifadə olunan bu yolun ərazinin relyefinə, iqliminə uyğun çətinlikləri daha qabarıq formada özünü göstərməkdədir. Belə ki, həmin yol təbii amillər – qar uçqunları, torpaq sürüşmələri nəticəsində tez-tez bağlanır. Yolun yenidən işlək vəziyyətə gətirilməsi, istismarı isə böyük xərc tələb edir. Elə cari ilin oktyabrın 11-də Prezident İlham Əliyev Quba rayonunda səfərdə olarkən bu problemdən söz açaraq demişdir: “Siz bilirsiniz ki, mənim təşəbbüsümlə təqribən on il bundan əvvəl biz Xınalığa yeni yol çəkdik. Artıq on il, bəlkə on ildən bir qədər çox vaxt keçib və bu yolun təmirinə ehtiyac var. Eyni zamanda, mənə verilən məlumata görə, yeni bir istiqamət var. Susay kəndindən Xınalıq kəndinə yeni yolun çəkilişi planlarımızdadır. O, 30 kilometrlik yoldur, eyni zamanda, o yoldan Qrız kəndinə də təxminən 5 kilometrlik bir yol çəkiləcək”.

Quba Rayon İcra Hakimiyyəti başçısının Xınalıq inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nəsimi Məmmədov “İki sahil”ə açıqlamasında bildirdi ki, möhtərəm Prezidentimizin Qubaya və qubalılara olan böyük diqqət və qayğısının daha bir təzahürü də elə həmin gün “Quba rayonunun Susay-Xınalıq avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalaması oldu: “Sərəncamda Xınalıq kəndinin ölkəmizdə turizm üçün əhəmiyyəti və əhalinin alternativ yolla daha rahat gediş-gəlişinin təmin edilməsinin vacibliyi önə çəkilir. Qeyd olunur ki, Quba-Susay avtomobil yolunun davamı olaraq əlavə 30 kilometr uzunluğunda Susay-Xınalıq, həmçinin, sözügedən yoldan 4,8 kilometr məsafədə dağlıq ərazidə yerləşən Qrız kəndinə gedən avtomobil yolunun tikintisi həyata keçirilsin və layihənin reallaşması üçün  7 milyon 500 min manat vəsait ayrılsın”.

Müsahibimiz, həmçinin bildirdi ki, alternativ avtomobil yolu Xınalığa gediş-gəlişi daha da asanlaşdıracaq: “Şübhəsiz, alternativ yol uzun müddət istifadəsiz qalmış torpaqlara da yeni nəfəs verəcək. Üstəlik, bölgənin turizmi üçün yeni imkanlar açacaq. Onu da deyim ki, alternativ yolun keçdiyi ərazi daha gözəl, daha füsunkardır. Belə ki, Susay kəndini keçən kimi, el arasında “Ağ yoxuş” kimi tanınan, Mixtikan yaylağı boyunca dağlara doğru uzanan ilanvari yol bir neçə kilometrdən sonra ucu-bucağı görünməyən ecazkar təbiət qoynuna, geniş Alp çəmənliyinə açılır. Göz işlədikcə uzanan yaylaqlarla Qalaxudata, oradan Bostankeşə, daha sonra isə Qafqaz dağlarının zirvəsində yerləşən və amfiteatrı xatırladan Xınalığa gedirsən”.

N.Məmmədov vurğuladı ki,  Sərəncamdan dərhal sonra  inşaat işlərinə başlanılıb: “Artıq Quba-Qusar yolundan Alpan-Uzunmeşə kəndlərinə istiqamət götürən yol yatağı genişləndirilib, çınqıl döşənərək asfaltlanması üçün hazırlanıb. Yol üzərində tikiləcək körpülərin, su ötürücülərin yerləri hazırlanıb. Min tonlarla çınqıl ələnərək, yol yatağı üçün hazırlanıb”. Verilən məlumata görə, hava şəraiti imkan verdiyi qədər payız-qış aylarında müəyyən işlər görüləcək və 2019-cu ilin yaz aylarından yol çəkilişi davam etdiriləcək.

Qeyd edək ki, alternativ avtomobil yolu Alpan, Uzunmeşə, Gərəy, Susay, Kürkün kəndlərindən keçir  ki, bu, həmin yaşayış məskənlərinə yeni həyat bəxş edəcək. Odur ki, həmin kəndlərin sakinləri də bu Sərəncamı böyük sevinclə qarşılayıblar.

Quba Rayon İcra Hakimiyyəti başçısının Alpan İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Cavid Əlibəyov “İki sahil” qəzetinə açıqlamasında söylədi ki, Xucbala-Alpan-Uzunmeşə yolunun asfaltlanması ilə bağlı əlaqədar təşkilatlara müraciət etmişdik:  “Məsafə böyük olmasa da, yolun əsaslı təmiri həmişə ildən-ilə ötürülürdü. Nəhayət, yolun tikintisinə start verilib. Göstərdikləri böyük diqqət və qayğıya görə möhtərəm Prezidentimiz İlham Əliyevə minnətdarıq. Unutmayaq ki, yol abadlıqdır, yol inkişafdır. Məhz bu yolun çəkilişindən sonra təkcə xınalıqlılar deyil, ətraf ərazidə yaşayan kəndlərin əhalisi üçün də mühüm iqtisadi irəliləyiş olacaq”.

Bəli, Qubada daha böyük bir layihənin icrasına başlanılıb: ucqar dağ kəndinə – Xınalığa alternativ avtomobil yolu çəkilir.

Qvami Məhəbbətoğlu, “İki sahil”