Sülh və sabitliyin qorunmasına dəstək

0
14

Cənubi Qafqazda qlobal təhlükəsizlik sisteminin mühüm tərkib hissəsi olan regional təhlükəsizlik üçün real təhlükə mənbəyi mövcuddur. Belə ki, terrorizm və aqressiv separatizm regiondakı sülhə və sabitliyə, ümumi inkişafa mənfi təsir göstərir. Digər tərəfdən, bəşəri cinayətlər törədən Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlamaqla regional təhlükəsizliyin heç bir şərtini ödəmir, bununla da beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozur. Üstəlik,  işğal olunmuş torpaqlarda qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirməyə çalışır. Bu mənada Dağlıq Qarabağ münaqişəsi bu gün yalnız Cənubi Qafqazdakı sabitliyi  deyil, bütün Avropanın və dünyanın təhlükəsizliyini təhdid edir.

Balanslanşdırılmış xarici siyasət yürüdən və hazırda öz inkişafı ilə dünyanın diqqət mərkəzində olan unikal coğrafi mövqeyə malik  Azərbaycanın Ermənistanın işğalçılıq siyasətinin qurbanı olmasına baxmayaraq, regionun təhlükəsizliyinin etibarlı və davamlı olmasında mühüm geopolitik faktor kimi çıxış edir. Daha doğrusu, regionda təhlükəsizliyin etibarlı təminatı üçün əlindən gələni edir və etməkdədir. Elə buna görə də ölkəmiz dünyada sabitliyə və əməkdaşlığa ən çox meyilli və bu işə yardım edə biləcək dövlət kimi də tanınır. Bir sözlə, Azərbaycan bu kimi məsələlərdə daha fəaldır.

Bu fikirləri “İki sahil”ə açıqlamasında politoloq Elxan Şahinoğlu söyləyib. Bildirib ki, regionda təhlükəsizliyi təmin etmək məqsədilə ölkəmizin təşəbbüsü ilə ikitərəfli, üçtərəfli formatlarda keçirilən görüşlər məhz  buna xidmət edir: “Belə tədbirlərdən biri də bu yaxınlarda Bakıda Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin Baş Qərargah rəisi ordu generalı Yaşar Güler və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vladimer Çaçibaia arasında baş tutub. Onu da deyim ki, 3 ölkənin ordu rəhbərlərinin toplantısı artıq üçüncü dəfədir ki, təşkil olunur. Görüşdə bu ölkələrin mövqelərinin bir-birinə yaxın olduğu bir daha vurğulanıb. Bir də unutmayaq ki,  bizim əsas neft, qaz  boru kəmərləri həmin ölkələrin ərazilərindən də keçir. Onların təhlükəsizliklərinin təmin edilməsi də ordu rəhbərlərinin diqqət mərkəzindədir. Daha doğrusu, iqtisadi layihələrin təhlükəsizliyinin təmin olunması baxımından da belə görüşlərin təşkili xüsusu önəm daşıyır”.

Müsahibimiz Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vladimer Çaçibaianın sözlərinə istinadən qeyd edib ki, Gürcüstan iqtisadi layihələrin təhlükəsizliyinin təmin olunması məqsədi ilə keçirilən qərargah təlimlərində də fəal iştirak etmək niyyətindədir: “Bu isə o deməkdir ki,  Gürcüstanın NATO ölkəsi olan Türkiyənin, eləcə də son illər hərbi sahədə mühüm irəliləyişlərə nail olmuş Azərbaycanın təcrübəsindən istifadə etməyə ehtiyacı var. Yeri gəlmişkən, regionda təhdidlərin artmasının müşahidə olunduğunu bildirən Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi  səyləri birləşdirməklə bu kimi təhlükələrinin aradan qaldırmağın mümkünlüyünü də vurğulayıb”.

Politoloq Fikrət Sadıqov isə “İki sahil”ə bildirib ki, belə görüşlər müxtəlif səviyyələrdə də keçirilir: “İstər Türkiyə, istər də Gürcüstan hazırda separatizmdən əziyyət çəkir. Digər tərəfdən, Ermənistanın Gürcüstana, həm də Türkiyəyə qarşı davranışı eynidir. Belə ki, hazırda problemlər məngənəsində çabalayan Ermənistan Gürcüstana, Türkiyəyə ərazi iddiları irəli sürməkdədir. Bu mənada Azərbaycan, Türkiyə və Gürcüstan əməkdaşlıq etməklə vahid bir platformadan çıxış etməyə çalışır. Amma bu, elə başa düşülməməlidir ki, sabah həmin ölkələr bizim əvəzimizə savaşacaqlar. Bu yerdə Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun üç qardaş ölkənin dövlət başçılarının tapşırığı ilə təşkil olunmuş üçtərəfli görüşün yekunlarına dair mətbuata açıqlamasında dediyi bu sözləri xatırlamaq yerinə düşərdi. Belə ki, regiondakı hərbi-siyasi vəziyyətin də müzakirə edildiyini vurğulayan nazir deyib: “Bu görüş üç qardaş ölkə arasında əməkdaşlığın strateji səviyyədə olmasını təsdiq edir. Görüşün məqsədi üç dövlətin regionda həyata keçirdiyi strateji, iqtisadi layihələrin təhlükəsizliyinin təmin edilməsinə, bölgədə sülhün və sabitliyin qorunmasına dəstək verməkdir”.

Politoloqun fikrincə, bu kimi tədbirləri həm də 3 ölkənin alyansını formalaşdırmaq istiqamətində atılan addım kimi də dəyərləndirmək olar: “Düşünürəm ki, müxtəlif formatlarda belə işgüzar əlaqələrin qurulması bu ölkələrin hər biri üçün siyasi, iqtisadi, həm də hərbi cəhətdən çox əhəmiyyətli olacaq”.

Qvami Məhəbbətoğlu, “İki sahil”