Günün tələbi: modern təsərrüfatların təşkili

0
6

“Aqrar sektorun inkişafının effektivliyinin təşkili, torpaqlardan daha səmərəli istifadə məqsədi ilə birgə təsərrüfatçılıq forması kimi kənd təsərrüfatı kooperativlərinin yaradılması artıq günün tələbinə çevrilib. Odur ki, hazırda “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”na və Strateji Yol Xəritəsinə uyğun olaraq vətəndaşların könüllü birləşməsi əsasında daha modern təsərrüfatların – kooperativlərin təşkilinə başlanılıb. Belə ki, bir neçə gün öncə Sabirabad rayonun Yaxadəllək və Beşdəli kəndlərinin ərazilərində 133 ailəni özündə birləşdirən ilk kooperativ – “Sabirabad Rayonu Birlik İstehsal Kooperativi” yaradılıb. Bununla da ölkəmizdə aqrar islahatların yeni mərhələsinə start verilib”.

Bu sözləri “İki sahil” qəzetinə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərən Fermerlər Şurasının üzvü İldırım Məmmədov söyləyib. Bildirib ki, bu və ya digər səbəblərdən kiçik torpaq sahələrindən istənilən nəticə hasil olmur: “Amma dünyanın bir sıra ölkələrində özünü doğrultmuş belə iri təsərrüfatlarda müasir texnika və texnologiyaların tətbiqi ilə daha çox məhsul əldə etmək mümkündür”.

Bu prosesdə heç bir məcburiyyətin olmadığını vurğulayan müsahibimiz qeyd edib ki, belə müəssisələrin təşkili tədricən həyata keçiriləcək: “Kiçik fermer təsərrüfatları və aqrar müəssisələr arasında əlaqələrin formalaşması və inkişaf etdirilməsi sayəsində iri istehsal təsərrüfatları yaradılır. Fermerlərin və kənd təsərrüfatı məhsulları istehsalçılarının kooperativ təsərrüfatlarda birləşmələri onların təsərrüfat maraqlarının qorunmasına, aqrar istehsalın səmərəliliyinin yüksəldilməsinə, innovativ texnologiyaların tətbiqinə, həmçinin daxili bazarın imkanlarının genişləndirilməsinə, ixrac potensialını artırmağa əhəmiyyətli təsir göstərəcək. Digər tərəfdən, bu həm də fermerlərə, kənd təsərrüfatı məhsulları istehsalçılarına öz aralarında fəaliyyət bölgüsü aparmağa imkan verəcək. Məsələn, ötən il sarımsaq baha oldu. Odur ki, bu il fermerlər və digər kənd təsərrüfatı məhsulları istehsalçıları bu məhsulu yetişdirməyə üstünlük verdilər. Nəticədə uğursuzluğa düçar oldular. Belə ki, indi əkib-beçərdikləri sarımsağı nəzərlərində tutduqları qiymətə sata bilmirlər. Amma  sistemli şəkildə yaradılan kooperativlərdə bu kimi halların qarşısı alınacaq. Bu mənada güman edirəm ki, növbəti mərhələlərdə koorperativləşmə işi sürətləndiriləcək. Zənnimcə, bu həm də mövcud texnikadan daha səmərəli istifadə etməyə, daha uyğun şərtlərlə yeni, müasir texnika almağa da imkan verəcək”.

Fermerin fikrincə, həyata keçirilən bu kimi islahatların əsas hədəfi  həm də məhsuldarlığı artırmaqdır: “Möhtərəm Prezidentimiz İlham Əliyev Cəlilabadda istifadəyə verilən müasir tipli iri fermer təsərrüfatının açılışında bildirmişdir ki, ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında və aqrar sahənin inkişafında iri fermer təsərrüfatlarının mühüm rolu vardır: “…bu təsərrüfatlarda məhsuldarlıq ölkə üzrə orta məhsuldarlıqdan ən azı 2 dəfə yüksəkdir. İri fermer təsərrüfatının fəaliyyət göstərməsi həm iş yerlərinin açılması, həm də yeni bir kənd təsərrüfatı sisteminin formalaşması deməkdir”. Digər bir tədbirdə isə dövlətimizin başçısı qeyd etmişdir ki, növbəti dövrdə ancaq məhsuldarlığa ciddi diqqət göstərilməlidir və biz çatışmayan bütün məsələləri aradan götürməliyik: “Hesab edirəm ki, bu, mümkündür, sadəcə olaraq, işlər düzgün qurulmalıdır”.

Belə bir modelin tətbiqi olduqca vacibdir. Bu cür təsərrüfatlar iqtisadi səmərəlilik baxımından da özünü doğruldacaq. Üstəlik, bu sahə ilə məşğul olanların gəlirləri də artacaq. Amma Prezidentimizin bildirdiyi kimi, işlərin düzgün qurulmasına diqqət yetirmək lazımdır.

Bu gün torpaqlardan daha səmərəli istifadə edilməsi, ixtisaslaşma aparılması, daha az sahədən daha çox məhsul götürülməsi əsas hədəflərdəndir. Tam əminliklə deyə bilərəm ki, ölkəmizdə prioritet sahələrdən olan kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən bu kimi yeni islahatlarla, həmçinin tətbiq olunan ən müasir texnologiyalar və elmi əsaslarla daha böyük irəliləyişlərə, uğurlara imza atacağıq”.

Qvami Məhəbbətoğlu, “İki sahil”