Bu bazar I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək

0
377

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 18-də 2014/2015-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq istəyən əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək.
İmtahan respublikanın 11 şəhərində – Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmazda təşkil olunacaq. İmtahanların idarə olunmasına 152 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 1619 nəzarətçi-müəllim cəlb ediləcək.
İmtahanda 18 min 773 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 13 min 856 abituriyent I qrup üzrə, 4 min 917 abituriyent IV qrup üzrə imtahan verəcək.
Abituriyentlərdən 17551 nəfəri Azərbaycan bölməsinin, 1222 nəfəri isə rus bölməsinin məzunudur. İmtahanda iştirak edəcək 57 abituriyent xarici ölkələrin vətəndaşıdır.
İmtahan saat 11.00-da başlanacaq və 3 saat müddətində aparılacaq.
İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test suallarının ekspertizası aparılacaq. Həmin gün saat 16.00-da “Space” telekanalında canlı yayımlanan “Abituriyent” verilişində TQDK-nın məsul əməkdaşları və ekspertlər tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları, eyni zamanda, TQDK-nın internet saytında və “Facebook” səhifəsində yerləşdiriləcək.
İmtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri TQDK-nın internet saytında yerləşdiriləcək.
Abituriyentlər imtahan nəticələri barədə məlumatı, həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.
Bütün qruplar üzrə müsabiqədə iştirak hüququ qazanan abituriyentlərin (həm əvvəlki, həm də cari ilin məzunları) ixtisas seçimi internet vasitəsilə iyulun 24-dən avqustun 5-dək aparılacaqdır.
Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə daxil olmaq istəyən və müsabiqə şərtlərini ödəyən abituriyentlər ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri elan olunduqdan sonra avqustun 8-dən 13-dək elektron ərizələrinə daxil olub, orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçə biləcəklər.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here