Mingəçevir Turizm kollecində Milli Dirçəliş Günü qeyd olunub

0
11

Son həftələr ərzində  milli tarixi təqvimlərə həsr olunmuş çoxsaylı  tədbirlərə ev sahibliyi edən Mingəçevir Turizm Kollecinin kollektivi Milli Dirçəliş Gününü də oxşar bayram coşqusu ilə qeyd edib. Bayram günü ərəfəsində rəsm, inşa müsabiqəsi və dəyrimi masa ətrafı müzakirələrdə bir araya gələn pedaqoq və tələbələr  vətənpərvər duyğularını və istedadını nümayiş etdirib. Nəhayət tədbirlər silsiləsi “Müstəqilliyimiz ən böyük sərvətimizdir” adlı elmi-nəzəri konfransla  başa çatıb.  Konfrans öncəsi bayram tədbiri iştirakçıları tələbələrin əl işlərindən ibarət sərgini ziyarət edib.  Sərgidə nümayiş olunan və müxtəlif janrları əhatə edən  məzmunlu əsərlər  ziyarətçilərin qəlbində zəngin təəssürat oyadıb. Bundan sonra  konfransda maraqlı müzakirələr başlayıb.

Konfransda çıxış edən kollecin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov  iştirkçıları Milli Dirçəliş Günü münasibətilə təbrik edib. Ardınca Əyyub Əyyubov   bu əlamətdar təqvimi şərtləndirən siyasi səbəblər barədə ətraflı söhbət açaraq  milli azadlıq eşqi ilə küçələrə axışan xalqın mübarizəsini  qəhrəmanlıq səlnaməsi adlandırıb:

“Bir tərəfdə torpaqlarına göz dikən düşmən, digər tərəfdə   keçmiş ittifaq  dövlətinin güclü siyasi hərb maşını. Belə bir işğala, təqibə və hədələrə qarşı yumruq kimi birləşən Azərbaycan xalqının  iradəsi dünya nı lərzəyə gətirdi. Meydanlara axın edən insanlar və orada səsləndirilən şüarlar əslində bir məqsədə xidmət edirdi. Bu,   xalqın istiqlaliyyət savaşının başlanğıcı idi. Təsadüfi deyil ki, insanları əhatə edən zirehli hərbi maşınlar və əli silahlı əsgərlərin meydanı qorxu ilə  boşaltmaq istəyi nəticəsiz qalmışdı. Çünki sözün əsl mənasında ölümü göz önünə alaraq haqqını və azadlığını tələb dən qüdrətli bir xalq dayanmışdı onların önündə. Əslində tarixə  Milli Dirçəliş Günü kimi düşən həmin unudulmaz anlar  sovetlər ittifaqının süqutunun  başlanğıcı oldu. Sonralar  mübarizə yeni görkəm aldı. 20 yanvar faciəsini yaşadıq, şəhidlər verdik, nəhayət son nəticədə  Azərbaycan dövlət müstəqilliyinə qovuşdu. 1993-cü ildən etibarən isə  xaotik xarakter daşıyan dövlətçilik institutlarında güclü nizam quruldu. Çünki artıq xalqın önündə ümummilli lider Heydər Əliyev dayanırdı. Onun zəkası,iradəsi və  dövlətçilik təcrübəsi Azərbaycanın  xaosdan  yeni inkişaf mərhələsinə keçid etməsinə təkan verdi. Sonra bu siyasətin və dövlətin sükanı prezident cənab İlham Əliyevə etibar edildi. Məhz onun  mükəmməl idarəçiliyi sayəsində Azərbaycan  tədricən dünyanın ən qabaqcıl məmləkətlərindən birinə çevrildi. Artıq Azərbaycanın nüfuzu, gücü və perspektivləri hər kəsi dövlətimizlə dostluq və əməkdaşlıq etməyə sövq edir. Bu, qürurvericidir.”

 

Çıxışını başa vuran ünlü elm adamı Azərbaycan tarixində xüsusi yeri olan Milli Dirçəliş Günü şərəfinə Dövlət Himnini canlı ifa etməyi təklif edib.

Daha sonra Milli Dirçəliş Gününə həsr olunmuş videçarxa baxış keçirilib. Ardınca konfransın digər məruzəçiləri dinlənilib.Pedaqoqlar İradə Cəfərova, İlqar Məhərrəmov  və tələbə Nərgiz Abbasova  müvafiq olaraq  “Azərbaycan milli azadlıq hərəkatı”,  “17 noyabr –Milli Dirçəliş Günü xalqın istiqlal mücadiləsinin  əsas mərhələlərindəndir” və “17 noyabr bizim milli oyanışımızın ilk təzahürüdür”  mövzularında  məzmunlu  çıxış edib. Çıxışlarda  milli azadlıq hərəkatı, onu doğuran səbəblər və hərəkatın məntiqi yekunları barədə ətraflı söhbət açılıb.

Konfrans tələbə özfəaliyyət qrupu tərəfindən təqdim olunan ədəbi-bədii kompozisiya ilə davam etdirilib.

Esmira Hidayətova, Mingəçevir