Bu il nə qədər kənd təsərrüfatı məhsulu tədarük olunub?

0
7

Bu ilin yanvar-oktyabr ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 6 milyard 203,7 milyon manat təşkil edib ki, onun da 3 milyard 135,1 milyon manatı heyvandarlıq, 3 milyard 68,6 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb. Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 5 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,6 faiz, bitkiçilik məhsulları üzrə isə 7,4 faiz artıb.
Ölkədə kənd təsərrüfatı məhsullarının yığımı başa çatmaq üzrədir və noyabr ayının 1-nə kimi payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) əkin sahəsinin 99,8 faizi, yaxud 1049,1 min hektarı biçilib və həmin sahələrdən 3 milyon 57,7 min ton və ya ötən ilin eyni dövrü ilə müqayisədə 13,6 faiz çox məhsul götürülüb. Orta hesabla hər hektardan əldə edilən məhsul 29,1 sentner təşkil edib. Bundan əlavə, məhsulu toplanan 31,6 min hektar qarğıdalı sahəsindən 202 min ton məhsul toplanıb, hər hektardan orta hesabla 64 sentner qarğıdalı dəni götürülüb. Qarğıdalı dəni nəzərə alınmaqla ölkə üzrə taxıl istehsalı 3 milyon 259,7 min ton olub.
Məhsul yığımı başlanandan noyabr ayının 1-dək sahələrdən 1 milyon 390,2 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 5,6 faiz çox tərəvəz, 885,5 min ton (keçən ilki qədər) kartof, 401,6 min ton (8,2 faiz az) bostan məhsulları toplanıb. Eyni zamanda, hektarın orta məhsuldarlığı tərəvəz üzrə 11 sentner, bostan məhsulları üzrə 5 sentner artıb, kartof üzrə isə 2 sentner azalıb və uyğun olaraq 202, 192 və 149 sentner olub.
2018-ci ildə 132,5 min hektar sahədə pambıq, 11,6 min hektar sahədə dən üçün günəbaxan, 8,6 min hektar sahədə şəkər çuğunduru və 3,4 min hektar sahədə tütün əkilib. Noyabrın 1-i vəziyyətinə həmin sahələrdən 188 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 21,8 faiz çox pambıq, 24,1 min ton (19,4 faiz az) dən üçün günəbaxan, 271,7 min ton (1,5 faiz az) şəkər çuğunduru və 4,8 min ton (6,6 faiz çox) tütün yığılıb.
Hesabat dövrünə 804,1 min ton (11,7 faiz çox) meyvə və giləmeyvə, 146,3 min ton (7,8 faiz çox) üzüm, 845,2 ton (20,2 faiz çox) yaşıl çay yarpağı toplanıb.