“Ağlar-güləyən” satira yaradıcısının ilk abidəsi

0
11

Həm keçmiş SSRİ məkanında, həm də onun tərkib hissəsi olan Azərbaycanda heykəltəraşlığın inkişafına SSRİ Xalq Komissarları Sovetinin 1918-ci ildə qəbul etdiyi və monumental plastikanın inkişafına xidmət etməli olan dekretin (onu “Monumental təbliğat” planı da adlandırırlar) xüsusi rolu olmuşdur. Bunun da ilk görüntüsü görkəmli inqilab xadimlərinə və ideoloqlarına abidələrin qoyulması olmuşdur. Həmin göstətişin icrası yönündə Bakıda da Karl Marksa Y.Keylixis tərəfindən hazırlanmış (1920) büst-heykəl qoyulmuşdu.

Amma çox tezliklə paytaxt sakinləri tanımadıqları adama paytaxtda abidə qoyulmasından narazılıqlarını bildirmiş, hətta bir dəfə K.Marksa qoyulmuş büstün sökülməsi tələbi ilə çıxış da etmişdilər. Ona görə kommunist rejimi məmurları bu məsələdə müəyyən tarazlıq yaratmaq üçün tanınmış azərbaycanlıların abidələrini ucaltmağa qərar verdilər. Çox düşünüb-daşındıqdan sonra şeirləri dillər əzbəri olan Mirzə Ələkbər Sabirə abidə ucaldılması qərara alındı. Əlavə edək ki, bu qərarın qəbulu və layihənin işlənməsi 1921-ci ilə – şairin vəfatının 10 illiyinə təsadüf etmişdi.
XX əsrin əvvəllərində Bakıda dahi Azərbaycan şairi Mirzə Ələkbər Sabirə (1862-1911) abidə ucaldılması həmin dövrün yaddaqalan hadisələrindən olmuşdur, desək, yanılmarıq. Belə ki, respublikada ictimai-siyasi vəziyyətin kökündən yenilənməsi qarşılığında Moskvadan idarə olunan ideoloji proseslər dalğasında Bakıda başqa millətlərdən olan inqilab rəhbərlərinin abidələrinin ucaldılmasından sonra, şeirlərində kasıb-kusubun halına acıyan, el arasında “ağlar-gülər” şair kimi məşhurlaşan M.Ə.Sabirə heykəl qoyulması yerli əhali üçün gözlənilməz olsa da, onların ürəyincə olmuşdu.
Bu yerdə deyək ki, yerli şairə abidə ucaldılması adi insanlar üçün nə qədər gözlənilməz idisə, əsas göstərişləri bir qayda olaraq Kremldən alan yerli hakimiyyət nümayəndiləri tərəfindən atılan məcburi addım idi.
Layihənin müəllifi milliyyətcə yəhudi olan Yakov İosifoviç Keylixis (1872-1950) idi. Odessada və Peterburqda ixtisas təhsili alan, Florensiyada təcrübə keçməklə peşəsini kamilləşdirən Y.Keylixis bu abidənin müəllifi kimi həm də Azərbaycan monumental heykəltəraşlığının banisi oldu.
Məlumat üçün bildirək ki, onun ailəsi ilə birlikdə Bakıya gəlişi 1908-ci ilə təsadüf edir. O vaxtlar neft sənayesinin hay-küylü inkişafını yaşayan Bakıda varlıların şəhəri gözəl binalarla, incəsənət əsərləri ilə zənginləşdirmək istəyi güclü idi. Bakıya gəlişini burada heykəltəraşlıq və daşoyma sənəti üzrə studiyasının təşkili ilə qeyd edən (1909) Y.Keylixis çox qısa müddətdə tanınan simalardan birinə çevrildi.
Yeri gəlmişkən qeyd edək ki, “Keylixis studiyası”nda sənətin sirlərini öyrənən gənclər sonradan Bakının bir çox mərkəzi küçələrindəki binaların zərif daşoyma işlərini görmüş, onların duyulası bədii tutum almasında yaxından iştirak etmişdilər. Y.Kelixisin 1912-ci ildə Bakı rəssamlıq cəmiyyətini təsis etməsi isə onun yaxşı təşkilatçılıq bacarığına malik olduğunu təsdiqləyir. Bəzi tədqiqatçılar K.Marksın 1920-ci ildə Bakıda ucaldılan büst-abidəsinin müəllifinin də məhz Y.Keylixis olduğu qənaətindədirlər. Belə ki, o zamanlar heykəltəraşın paytaxtın bədii məkanında və ictimaiyyət arasında nüfuzu kifayət qədər duyulan idi. Elə ona xalq arasında böyük şöhrət qazanmış M.Ə.Sabirin abidəsinin hazırlanmasının həvalə olunması da heç şübhəsiz həmin nüfuzun nəticəsi idi…

M.Ə.Sabiri ayaq üstə, əlləri arxasında fikirli halda təsvir edən və əslində, bədii həlli daha çox dəzgah heykəltəraşlığının tələblərinə cavab verən bu əsərdə özümüzü-özümüzə tanıtmaqda bənzərsiz olan satirik şairin yaşantılarla baş-başa qalması duyulandır. Bakıda ilk azərbaycanlıya qoyulan bu abidənin milli ruha bələnməsinə çalışan müəllif və memar (Y.Sarışev) onun kürsüsünün bədii həllində Şərq memarlıq elementlərdən istifadə etsələr də, fiqurun özü monumentallıqdan – möhtəşəmlikdən uzaq olduğundan, bütünlükdə əsər yaddaqalan estetik-emosional təsir gücünə malik deyildi. Bunu şərtləndirən səbəblərin sırasında şairin adi insan hündürlüyündə olan fiqurunun 3 metr 75 santimetr olan kürsü-postament üzərində- ucaldılması idi. Odur ki, kürsü ilə fiqur arasındakı nisbətin bu dərəcədə kəskin duyulması ona normal baxışı bir qədər çətinləşdirmişdi.

Abidənin paytaxtın ən baxımlı memarlıq tikililərindən sayılan “İsmailliyyə”nin qonşuluğunda – hamını razı salacaq bir yerdə qoyulması da düşünülmüş addım idi. Qeyd edək ki, abidə üçün bu yerin seçilməsi təsadüfi olmamışdı. Belə ki, 1918-ci ilin mart qırğınları dalğasında “İsmailiyyə” və onun yaxınlığında yerləşən “Kaspi” qəzetinin redaksiyası dağıdılmış və yandırılmışdı. Az sonra “İsmailiyyə” bərpa olunmuş, qəzet redaksiyasının qalıqları uçurulmuş, dağıntı və yanğının izləri isə təmizlənmişdi. Bundan sonra qala divarlarının qarşısındakı təmizlənmiş sahədə mərkəzini abidə bəzəyəcək bağça salınması qərara alınmışdı. Odur ki, bu məkan həm də yeni hakimiyyətin paytaxta inşa etdiyi ilk bağ kimi də tarixə düşdü. Əsər isə müsəlman aləmində insana qoyulan ilk fiqurlu abidə kimi tarixiləşdi…
Abidənin Bakıda açılışı şairin vəfatından düz on bir il sonra – Azərbaycanda sovet hakimiyyəti qurulmasının ikinci ildönümü qeyd olunması günlərində baş tutdu. İqtisadi çətinliklər üzündən abidə betondan hazırlanmışdı. Bu abidənin sonradan əvəzlənməsinin kökündə onun betondan hazırlanması ilə yanaşı, həm də müəyyən qədər dövrün bədii-estetik tələblərinə cavab verməməsi, bozumtul heykəlin qala divarlarının fonunda “itməsi” dura bilərdi. Onun bu günə kimi sağ-salamat qalmasına ilk növbədə zamanında onun çox keyfiyyətli betondan hazırlanması səbəb ola bilərdi. Bu əsər hazırda M.Ə.Sabirin bir vaxtlar dərs dediyi Balaxanı qəsəbəsindədir.

Bakıda isə əvvəlki abidənin yerində tanınmış tişə ustası, Xalq rəssamı Cəlal Qaryağdının (1914-2001) tuncdan hazırladığı möhtəşəm heykəl ucalmaqdadır…

Ziyadxan Əliyev
Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi,
sənətşünaslıq üzrə fəlsəfə doktoru