Bakı-Tbilisi-Ceyhan digər layihələr üçün üfüqlər açdı

0
11

On doqquz il bundan əvvəl, daha doğrusu, 18 noyabr 1999-cu ildə- İstanbulun “Çırağan” sarayında Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsi ilə bağlı tarixi sənədlər qəbul olunub. Belə ki, həmin gün Azərbaycan neftinin Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsinə dair Azərbaycan, Gürcüstan və Türkiyə  arasında saziş, Qazaxıstanın neft həcmlərini bu layihəyə cəlb etmək məqsədi ilə ABŞ-ın şahidliyi ilə “İstanbul bəyannaməsi”, həmçinin Azərbaycan qazının Türkiyə Respublikasına və digər beynəlxalq bazarlara satışını dəstəkləyən “Qarşılıqlı anlaşma memorandumu” və “Hökumətlərarası memorandum” imzalanıb. Bu barədə “İki sahil”ə məlumat verən Milli Məclisin deputatı Azər Badamov bildirdi ki, Azərbaycan Prezidenti Heydər Əliyevin, Türkiyə Prezidenti Süleyman Dəmirəlin, ABŞ Prezidenti Bill Klintonun, Gürcüstan Prezidenti Eduard Şevardnadzenin, Qazaxıstan Prezident Nursultan Nazarbayevin, Türkmənistan Prezidenti Saparmurad Niyazovun, Norveçin Baş naziri Giyel Maqnenin, Türkiyənin baş naziri Bülənd Ecevitin iştiraki ilə keçirilən bu tədbirdə çıxış edən ulu öndər Heydər Əliyev “Mən bu gün böyük iftixar hissi keçirirəm” demişdir: “Şübhəsiz, həmin gün bütün Azərbaycan qürurlu bir gün yaşadı. Çünki  məhz həmin gün “Əsrin müqaviləsi” adlı böyük neft müqaviləsinin imzalanmasından 5 il sonra həmin müqavilədə nəzərdə tutulmuş Bakı-Tbilisi-Ceyhan neft kəmərinin həyata keçirilməsi üçün  sənədlər reallaşdı. Qeyd etmək istərdim ki, bu yolda Ulu Öndər bir sıra problemlərlə qarşılaşsa da, öz iradəsini itirmədi, başladığı işi uğurla axıra çatdırdı. Yəni Ümummilli Liderin uzaqgörən və qətiyyətli siyasəti nəticəsində çoxlarına əfsanə kimi görünən bu layihə reallaşdı. Şübhəsiz, bu məsələdə Türkiyə, Gürcüstan və Azərbaycan arasında olan əməkdaşlıq xüsusi əhəmiyyət kəsb etdi. Ulu Öndər Bakı-Tbilisi-Ceyhanın reallaşmasında ABŞ-ın da rolunu xüsusi vurğulayaraq demişdir: “… əgər bu məsələləri həyata keçirmək üçün Amerika Birləşmiş Ştatlarının dəstəyi olmasaydı, biz bunların heç birisini edə bilməzdik”. Bəli, həqiqətən də o zaman bəzi ölkələr uzunluğu 1768 kilometr olan Bakı-Ceyhanı  qəbul etmirdilər. Amma Bill Klintonun dünyada böyük nüfuza malik olan Ulu Öndəri dəstəkləməsi bu kimi problemlərə son qoydu”.

Milli Məclisin deputatı, həmçinin vurğuladı ki, 2005-ci ilin mayında Səngəçal terminalından Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinə vurulmuş Azərbaycan nefti mənzil başına bir il sonra – 2006-cı il mayın 28-də – Respublika Günündə çatıb: “Yeri gəlmişkən, cari ilin sentyabr ayının 20-dək olan məlumata istinadən qeyd edim ki,  Bakı-Tbilisi-Ceyhan kəməri ilə 3 milyard barreldən çox neft nəql olunub və Ceyhan limanında təqribən 4 min tankerə yüklənərək dünya bazarına göndərilib. Bu ilin 9 ayında isə Azərbaycandakı magistral neft kəmərləri ilə 30 milyon 881,7 min ton neft nəql olunub ki, bunun da 81,5 faizi Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib”.

Bakı-Tbilisi-Ceyhanın bizi dünya bazarlarına çıxarmaqla yanaşı, Azərbaycanın gələcəyi üçün yeni üfüqlər açdığını vurğulayan müsahibimiz bildirdi ki, bu, 2007-ci ildə daha bir qlobal ixrac kəmərinin – Bakı-Tbilisi-Ərzurum qaz xəttinin istifadəyə verilməsini reallaşdırdı: “2014-cü ildə Avropanın enerji təhlükəsizliyində böyük rol oynayacaq “Cənub Qaz Dəhlizi”nin təməli qoyuldu. 2018-ci il mayın 29-da Bakıda “Cənub Qaz Dəhlizi”nin, iyunun 12-də isə onun tərkib hissəsi olan TANAP boru kəmərinin rəsmi açılış mərasimləri keçirildi. TAP layihəsi ilə bağlı işlər isə uğurla davam etdirilir. Eyni zamanda, möhtərəm Prezidentimizin təşəbbüsü ilə Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində böyük işlər görüldü. Ötən il Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verildi. Prezident İlham Əliyevin dediyi kimi, əgər Bakı-Tbilisi-Ceyhan neft kəməri tikilməsəydi və bu dəhliz açılmasaydı, sınaqdan keçməsəydi, əlbəttə, qaz dəhlizinin açılması da böyük problemlərlə izləşə bilərdi”.

Azər Badamovun fikrincə, Bakı-Tbilisi-Ceyhan təkcə iqtisadi deyil, böyük siyasi və strateji əhəmiyyət daşıyan, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində mühüm rol oynayan bir kəmər kimi tariximizin yaddaşına həkk olunub: “Xəzərlə Aralıq dənizini birləşdirən bu yeni enerji dəhlizi dünya dövlətləri ilə Azərbaycanın yeni münasibətlərinin qurulmasına, tranzit potensialını, həmçinin valyuta ehtiyatımızı artırmağa təkan verdi, ölkəmizə sərmayə axınını artırdı. Artıq  bu gün ölkəmizin dünya birliyində siyasi, iqtisadi məsələlərə, qlobal hadisələrə təsir imkanları da artıb. Bir sözlə, müstəqil Azərbaycanın əldə etdiyi nailiyyətlər həm də bu layihənin xidmətidir. Şübhəsiz, bunun təməlində ulu öndər Heydər Əliyevin həyata keçirdiyi uğurlu neft strategiyası dayanır”.

Qvami Məhəbbətoğlu, “İki sahil”